Hazırda, Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Respublikası dinamik inkişaf yolunda böyük addımlarla irəliləyir, tarixi nailiyyətlər qazanır və yeni zirvələr fəth edir. Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət kimi qəbul olunur. Azərbaycan parlamenti də, milli maraqlara və ölkənin inkişafına xidmət edən səmərəli fəaliyyətini uğurla davam etdirir.

Bu danılmaz bir həqiqətdir ki, respublika parlamenti ötən müddət ərzində çox mühüm qanunlar qəbul edib və ölkəmizdə zəngin qanunvericilik bazasının formalaşmasına öz dəyərli töhfələrini verib. Azərbaycan parlamentinin yaradılmasının 106-cı ildönümü münasibətilə dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: Ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının keçirilməsi də,  parlamentimizin tarixinə verilən yüksək dəyərdir. Konfransda 13 ölkənin parlamentinin və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsinin iştirak etməsi də, bunun göstəricisidir. Konfrans iştirakçısı olan xarici qonaqlar işğaldan azad edilmiş ərazilərimizə səfər etməklə, işğal dövründə erməni vandalizminin və bu gün dövlətimiz tərəfindən aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin canlı şahidi oldular.

Bu gün spiker Sahibə xanım Qafarovanın rəhbərliyi ilə, Azərbaycan parlamenti mövcud hədəflər və çağırışlara müvafiq olaraq, milli maraqlara xidmət edən vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır. Şübhəsiz ki, Milli Məclis bundan sonra da, vacib qanun və qərarlar qəbul edərək, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinə öz layiqli töhfələrini verəcək.

 

araz.az xəbər portalı.