Samir FEYRUZOV,                                  jurnalist-politoloq.                                                —————————-

Prezident İlham Əliyevin “RİA Novosti” Agentliyinə verdiyi müsahibədə “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?” sualına cavabı bir sıra resurslarda çaşdırıcı məcrada şərh olunur. Guya, İ. Əliyevin verdiyi cavab Azərbaycanın iki ölkə arasında hərbi strateji müttəfiqlikdən və 2022-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin məzmunundan geri çəkildiyinin göstəricisidir.

Bəli, İ.Əliyev Azərbaycanda Türkiyə hərbi bazalarına ehtiyac olmadığını deyib. Və haqlı deyib və bunun səbəblərini də əsaslı şəkildə izah edib. Məsələn, Şuşa bəyannaməsində təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Oradakı öhdəliklərdə göstərilir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, bir-birinə köməyə gəlməlidir. Həqiqətən də belə bir zərurət yoxdur. Bu gün iki ölkə arasında hərbi bazaların movcudluğundan da önəmli və strateji hədəflərə hesablanan hərbi əməkdaşlıq imkanları var və bu 30 ildir davam edir, bundan sonra da davam edəcək.

İkincisi, Azərbaycanda nəinki Türkiyənin, heç bir ölkənin hərbi bazası olmamalıdır. Bu, Azərbaycan dövlətinin strateji mövqeyidir. Rusiya sülhməramlı qüvvələri də vaxtından əvvəl, 2024-cü ilin birinci yarısında ərazilərimizi tərk etdilər. Bu məsələdə heç bir ölkəyə güzəşt yoxdur, çünki bu, ölkənin suverenlik məsələsidir. İkinci Qarabağ Müharibəsinə qədər ərazilərimizdə yalnız Ermənistanın qoşunları var idi, onlar da məğlub oldular.

Üçüncüsü, torpaqlarımızda Türkiyənin hərbi bazalarının olmayacağının əslində Rusiyanın tələbi olduğunu iddia edənlər bildirirlər ki, Rusiyanın icazəsi olmadan Azərbaycan heç bir addım atmır. Amma əvvəllər iddia edirdilər ki, İkinci Qarabağ Müharibəsi zamanı Rusiya Qarabağın geri qaytarılmaması üçün mümkün olan hər şeyi edir. Belə məntiqsiz açıqlama olar!?

Birmənalı şəkildə ifadə olunmalıdır, heç bir zərurət olmadığı halda öz ərazilərində başqa bir ölkənin hərbi movcudluğunu arzulamaq və buna heç bir zərurətin olmadığını ifadə edənləri ittiham etmək xainlikdir. Öz ölkəsinin suverenliyinə qarşı qəsddir.

Heç şübhəsiz, Türkiyə hərbi bazalarının Azərbaycanda mövcudluğunu dəstəkləyənlərin məqsədləri tam başqadır. Türkiyə NATO ölkəsidir və əslində bu adamların məqsədi həm də bu üsulla NATO-nun Azərbaycanda hərbi mövcudluğuna nail olmaqdır.

Belə olacağı təqdirdə isə, Rusiya ilə strateji müttəfiqlik haqqında bəyannamə pozulmuş olacaq. Halbuki, Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsində də, qardaş ölkənin ərazilərimizdə hərbi bazalar qurmasını nəzərdə tutan bənd yoxdur. Qısası, bu adamlar Azərbaycanı iki strateji müttəfiqinin — Rusiya və Türkiyənin hərbi poliqonuna çevirmək niyyətindədirlər.

araz.az xəbər portalı.