Pandemiya şəraitində küçə ticarəti təhlükəlidir
Yay mövsümünün gəlişi ilə küçə ticarətindən gəlir götürən məmurlar qızışıblar. Baklnın bütün rayonlarında küçə ticarətilə məşğul olanların sayı yağışdan sonra çoxalan göbələk kimi artır. Ölkə Prezidenti tərəfindın çoxdan qadağan olunmuş küçə ticarətinə Bakı Şəhər İcra Hakimiyyətinin rəvac verməsi bu sahədə qazanc əldə edən polislərin də işinə yarayır. Küçə ticarətinə imkan yaradanlar şəhərin küçələrində böstan-tərəvəz məhsulları ticarətinin pandemiya təhlükəsinin genişləndiyi hazırkı vaxtda daha böyük təhlükə mənbəyinə çevrilməsini sanki hiss etmirlər. Sanki Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi hələ də küçə ticarətinin şəhərdə dözülməz antisanitariya yaratdığını, bir çox yolxucu xəstəliklərə yol açdığını, şəhərin zibillənməsinə xidmət etdiyini unudub. Maraqlıdır kı, Bakı ŞİH -nin Ticarət departamentinin müdiri küçə ticarətinin ona verdiyi faydanı görür, amma küçə ticarətinin şəhər əhalisinə bəxş etdiyi təhlükədən xəbərsizdir. Bakı şəhərini təşkil edən bütün rayonların icra hakimiyyət başçıları küçə ticarəti barədə danışanda özlərini çox aciz göstərirlər. Lakin küçə ticarətilə məşğul olan adamlardan əldə etdiyimiz məlumatlardan bilinir ki, küçə ticarətinin başında duran, məhz yerli icra hakimiyyət nümayəndələridir.
Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, sahədə icra strukturları nümayöndələrindən geri qalmayan şəhər polis orqanlarının bölmə rəisləri BŞİH-nin vəzifəli şəxslərlə bərabər küçə ticarətindən qazanc əldə edirlər. Lakin icra hakimiyyətinin nümayəndələri hər vasitə ilə şəhərdə küçə ticarətinin təşkilatçılarının polis orqanları əməkdaşları olduğunu bildirirlər. Belə çıxır ki, küçə ticarətinə şərait yaradan icra hakimiyyəti orqanlarının nümayəndələrilə polis orqanlarının nümayəndələri arasında ciddi konflikt hökm sürür.
Bakı şəhər icra hakimiyyətinə Eldar Əzizov təyin olunanda hər kəs düşünürdü ki şəhərin idarə olunmasında buraxılmış ciddi səhvlər qısa müddətdə ortadan qalxacaq, Hacıbala Abutalıbovun yaratdığı rüşvətxorluq şəbəkələri ləğv olunacaq. Lakin şəhər əhalisinin bu düşüncəsi doğrulmadı, əksinə, Eldar Əzizov Bakı şəhərində mövcud olan problemlərin üzərinə yenilərini əlavə etdi. Hazırda Bakı şəhərinin su, işıq, qaz problemləri əvvəlki problemlərin üzərinə əlavə olunub. Şəhər təsərrüfatı dağılmış vəziyyətə düşüb, rüşvətxorluq xeyli güclənib, qanunsuz tikinti aparılması xeyli çoxalıb və üstəlik, Bakının gözəlliyi küçə ticarətinin yaratdığı çirkabın və zibilin içərisində batıb gedir.
Bakı şəhərində təşkil olunan qanunsuz küçə ticarəti bumunun yaranmasında polis orqanlarınln rolunu danmaq olmaz. Düzdür, general-polkovnik Vilayət Eyvaz Daxili İşlər naziri təyin olunduqdan sonra nazirlik sistemində mövcud olan bir sıra mənfi hallar qismən də olsa, aradan qalxıb.
Lakin vətəndaşların müraciəti və müşahidələrimiz göstərir ki, Bakı şəhərində fəaliyyət göstərən bəzi polis bölmə rəisləri qazanc məqsədilə küçə ticarətinin genişlənməsində maraqlıdır.
Əhalinin sağlamlığı üçün təhlükə mənbəyi olan, Bakı şəhərində antisanitariya vəziyyəti yaradan küçə ticarətini ölkə prezidenti haqlı olaraq, qadağan etdiyi halda, polis orqanları nümayəndələrinin bu işə meyl etməsi olduqca ciddi nöqsandır.
Dövlət orqanlarında çalışan işbaz kadrların təşkil etdiyi küçə ticarətinin qarşısını almaq vəzifəsi həm də yerli polis orqanlarına tapşırılsa da, bu iş çox yarıtmaz təşkil olunub. Buna misal olaraq, 28-ci polis bölməsini qeyd etmək lazımdır. Hazırda koronavirus pandemiyasının geniş yayıldığı Yasamal rayonunda əhalinin sağlamlığı üçün təhlükə mənbəyi sayılan küçə ticarətinin genişlənməsi, məhz bu bölmənin adı ilə bağlanır.
Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin verdiyi məlumata görə, onların küçə ticarətini dayandırmaq barədə tələbinə bölmə məhəl qoymur.
Əməkdaşımız küçə ticarətinin dayandırılması ilə bağlı Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinin 434-02-02 telefon nömrəsinə də zəng edib, növbətçiyə məlumat versə də, bu müraciət də idarə rəisi Cəmil Əmirova çatmadığından idarə tərəfindən küçə ticarətinin dayandırılmasına heç bir təsir göstərilməyib.
Ölkə Prezidentinin ciddi qadağa qoymasına baxmayaraq, polisin himayəsilə Bakıda küçə ticarəti hər gün genişlənməkdə davam edir. Hər kəsi düşündürən odur ki, Bakıda təhlükə mənbəyinə çevrilən küçə ticarətinin qarşısını kim alacaq?!..
Mahir Abbaszadə
araz.az xəbər portalı.