Ölkəmizin Moldovadakı Səfirliyində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş maraqlı tədbir keçirilib

qudsi osmanov masetjpg 1615997455

Bu gün ölkəmizin Moldovadakı Səfirliyinin və Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) birgə təşkilatçılığı ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən araz.az-a daxil olan məlumata görə, Səfirliyin həyətində baş tutan bu tədbirdə yerli ictimai-siyasi xadimlər, elm və iş adamları, eləcə də 400 nəfərə yaxın Moldovada yaşayan və təhsil alan soydaşlarımız, ailə üzvləri ilə birlikdə iştirak ediblər. Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib. Sözügedən sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilib.


Məlumatda bildirilir ki, bu tədbirdə Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov qonaqları salamlayaraq, Səfirliyi azərbaycanlıların “Ata Evi" adlandırıb. Səfir çıxışı zamanı, müstəqil Azərbaycan dövlətinin müəllifi Heydər Əliyevin keçdiyi möhtəşəm həyat yolu, onun əvəzsiz siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından ətraflı danışıb, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə, Ulu Öndərin bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü xüsusi vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı, hazırki Prezident İlham Əliyev ötən il Heydər Əliyevin ən əziz arzusunu gerçəkləşdirərək, düşmən tapdağında olan Azərbaycan torpaqlarını xalqımıza geri qaytararıb, müqəddəs üçrəngli Bayrağımızı Qarabağ üzərində dalğalandırmağa nail olub.


Tədbirdə, həmçinin MAK-ın sədri Elçin Bayramov, azərbaycanlı diaspor fəalı Maarif Rəhimov və digər qonaqlar çıxış edərək, hər il 10 may tarixinin yalnız Azərbaycanda deyil, Moldovadakı və bütün dünyadakı soydaşlarımız tərəfindən yüksək səviyyədə qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər öz çıxışlarında xüsusi olaraq onu da vurğulayıblar ki, bu böyük siyasi xadimin əziz xatirəsi azərbaycanlıların ürəyində əbədi qalacaq. Çıxış edənlər bu dahi şəxsiyyətin xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında daha sıx birləşərək, təşkilatlanması üçün də əvəzsiz xidməti olduğundan söhbət açıblar.


Bu maraqlı tədbir Moldovada yaşayan azərbaycanlı uşaqların Ümummilli Liderə həsr edilən və vətənpərvərlik mövzusunda olan şeirlər söyləmələri, milli rəqslər və musiqilərin, eləcə də dahi bəstəkar Müslüm Maqomayevin mahnılarının ifa edilməsi ilə davam etdirilib. Daha sonra, qonaqlara milli mətbəximizin təamları təqdim olunub. Yenicə inşa edilmiş Səfirlik kompleksinin həyətinə həmvətənlərimiz və qonaqlar tərəfindən ağac və qızılgüllər əkilməsi ilə, bu tədbir yekunlaşıb.


Onu da qeyd edək ki, yerli kütləvi informasiya vasitələri əməkdaşlarının da iştirak etdiyi bu tədbir, Moldova mediasında geniş işıqlandırılıb.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər