Göyçə -- Zəngəzur Türk Cümhuriyyətinin Türkiyədə ilk nümayəndəlik binası paytaxt Ankarada açılıb

      goyce zengezur turk cumhuriyeti tur son gelisme d80b 1000x600 1Son vaxtlar aktivliyini daha da artıran Göyçə -- Zəngəzur Türk Cumhuriyyətinin rəhbəri Rizvan Talıbov Türkiyə dövlətinə də ilk səfərini həyata keçirib. Bu barədə, qurumun Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda bildirilir ki, sentyabr ayının 7-dən başlayan beş günlük səfər proqramı çərçivəsində, GZTC prezidenti və onu müşayət edənlər üçün, Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada Göyçə -- Zəngəzur Türk Cumhuriyyətinin nümayəndəlik (irtibat) binasının açılışında iştirak etmək, yetkili dövlət, mətbuat, ictimaiyyət nümayəndələri, iş adamları ilə görüşlər, ziyarətlər nəzərdə tutulub.

         Verilən məlumata görə, bu səfər zamanı, nümayəndələr tərəfindən, öncə, dünyasını dəyişmiş Türk dünyası öndərlərinin uyuduqları məzarlar ziyarət olunub. Rizvan Talıbov onu müşayət edən yardımçıları və bəzi NK üzvləri ilə birgə, Ulu Öndər Mustafa Kamal Atatürkün uyuduğu Anıt-Qəbrdən sonra, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin, Başbuğ Alparslan Türkeşin, Möhsün Yazıçıoğlunun... uyuduqları məzar-evlərini də ziyarət edib, ruhlarına dualar oxuyublar.
         Qardaş ölkənin paytaxtı Ankarada Göyçə -- Zəngəzur Türk Cumhuriyyətinin nümayəndəlik binasının (irtibat bürosunun)  açılış töreninin gerçəkləşməsi isə, böyük maraq doğuran bu tədbirdə iştirak edən hər kəsə yüksək ruh verib. Bir sözlə, 500 nəfərdən çox nümayəndə, partiya mənsubu, iş adamı, dövlət yetkilisi, ölkə xaricindən gəlmiş qonaq, mətbuat və televiziya nümayəndəsi və ictimai xadimin qatıldığı bu açılış tədbiri böyük bir coşquyla keçib. Açılış mərasimində, öncə,  Türkiyə və Azərbaycanın dövlət himnləri ilə bərabər, Mehtər və İstiqlal, habelə GZTC-yə həsr olunan "Biz gəliyoruz!" marşları da səsləndirilib.
      Məlumatda, xüsusi olaraq o da vurğulanır ki, tədbirin aparıcısı Yasəmən Xanım xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Azərbaycan -- Türkiyə" şeirini insanlara başqa bir zövq verən tərzdə  səsləndirib. Çıxış üçün kürsüyə dəvət olunan GZTC Cumhurbaşkanının Beynəlxalq Təşkilatlar və Türk Dövlətləri ilə əlaqələr üzrə yardımçısı, xarici işlər naziri Mehmed Ali Arslan isə, öz çıxışında bu yöndən vacib olan bir çox önəmli məqamlara aydınlıq gətirib. Natiq, GZTC-nin ilk nümayəndəlik binasının paytaxt Ankarada açılmasının xüsusi məna və önəm daşıdığını da vurğulayıb. Eyni zamanda, GZTC-nin bütün dünyada tanıdılması, layiqli yerini alması istiqamətində görülməsi nəzərdə tutulmuş vacib işlər barədə toplantı iştirakçılarına və rəhbər heyətə geniş məlumat verib. GZTC-nin öz fəaliyyətini bütün dövlətlərlə, o cümlədən, Ermənistanla sülh, qarşılıqlı əməkdaşlıq şəraitində qurmaq istəyini də bəyan edib.08092022141817 0d2208871691a97ff21cab86b1451db7
         Sürəkli alqışlarla kürsüyə dəvət olunan GZTC Cumhurbaşkanı Rizvan Talıbov isə, bu açılış mərasiminə qatılmış hər kəsə, erməni daşnakları tərəfindən, Qərbi Azərbaycandan -- indiki Ermənistandakı tarixi yurdlarından 1988 -- 1991-ci illərdə sonuncu dəfə zorakılıqla qovulmuş beş yüz min nəfər, ümumilikdə isə, sayları bir milyon beş yüz min nəfərdən çox olan və GZTC vətəndaşlarını təşkil edəcək qərbi azərbaycanlıların adlarından salam və  sayğılar çatdırıb. O, öz çıxışında, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin 18 ilə yaxın müddətdə indiki Ermənistandakı, ermənilərin üzərində dövlət elan etdikləri tarixi torpaqlarımızdan zorakılıqla qovulmuş azərbaycanlı əhalinin pozulmuş hüquqlarının bərpa olunması və tarixi yurdlarına yenidən sahiblənmək uğrunda apardığı mübarizə yolu haqqında da, geniş məlumat verib. QAQB Ali Məşvərət Şurasının qəbul etdiyi 10 mart, 2021-ci il tarixli Bəyannamə ilə, GZTC dövlətinin yaradılmasını zəruri edən məsələləri toplantı iştirakçılarının diqqətinə çatdırıb, bu qurumun qarşısında duran məqsəd və vəzifələr barədə də, toplantı iştirakçılarına geniş məlumat verib. O da, GZTC-nin nümayəndəlik binasının qardaş Türkiyə dövlətində açılmasının xüsusi önəm daşıdığını xüsusi vurğulayıb. Ümumiyyətlə, Türkiyə Cümhuriyyətinin daha güclü olmasının, Türk -- İslam dünyasının inkişafı və sabitliyi üçün çox vacib olduğunu da xüsusi qeyd edib. Bildirib ki, İslam coğrafiyasındakı bütün ölkələrin Türkiyə dövlətinin daha da güclənməsinə öz töhfələrini vermələri müasir dövrdə olduqca vacibdir.       
       Natiq çıxışında qəti şəkildə onu da deyib ki, Türkiyə dövləti daim güclü olmağa borcludur! Və GZTC rəhbəri olaraq, onu da bəyan edib ki, verəcəkləri və alacaqları qərarlar belə, Türkiyə və Azərbaycan dövlətləri ilə, qarşılıqlı razılaşdırma yoluyla olacaq. Rizvan Talıbov öz çıxışında, həmçinin, GZTC olaraq, Türkiyə və Azərbaycan, o cümlədən Türk Dövlətləri Təşkilatı üzvü olan dövlətlərdən hərtərəfli dəstək gözlədiklərini də vurğulayıb.
         Verilən məlumatın sonunda bildirilir ki, açılış törənindən sonra, nümayəndəlik ofisində GZTC Prezidenti çoxsaylı qəbullar və görüşlər keçirib. Eyni zamanda, Prezidentin sədrliyi ilə, köməkçilərinin və bəzi NK üzvlərinin iştirak etdikləri daha bir vacib toplantı da keçirilib. Bu toplantıda GZTC-nin dünyada tanıdılması və gələcək aktiv fəaliyyəti haqqında önəmli qərarlar verilib və Böyük Allahdan GZTC-yə tutduğu yolda, dövlətimiz, millətimiz, el-obamız naminə xeyir və uğurlar dilənib.



Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər