Ayaz Mütəllibov: "Bir həftəyə Şuşanı da, Xankəndini də geri alacam"

big 1620490898 ayk

Bir zamanlar qeyrət qalası dediyimiz Şuşanın işğalından 28 il keçir. Necə deyərlər, bir igidin ömrü qədər uzun oldu bu həsrət, bu ayrılıq. Mənim zənnimcə Şuşanın işğalı Qarabağ savaşında bizim üçün sınma nöqtəsi oldu.

Bundan sonra məğlubiyyətlərimiz, itkilərimiz muncuq kimi sapa düzüldü. Amma bir məqamı da deyim ki, biz Şuşanı da, Qarabağı da, ən nəhayət 20 faiz torpaqlarımızı da döyüş meydanında deyil, Bakıda və digər yerlərdəki siyasi çəkişmələr müstəvisində ermənilərə təslim etdik. Bunu subut edən etiraflar bu gün də qulaqlarımızda cingildəyir. Surət Hüseynov dedi ki, mən Qarabağı müvəqqəti olaraq ermənilərə vermişəm, vaxtı gələndə geri alacam…

İsa Qəmbər dedi ki, Rusiya bizim qarşımıza iki şərt qoydu: “Ya Qarabağ ya da müstəqillik”. Biz də müstəqilliyi seçdik… Rəhim Qazıyev dedi ki, mən nə qədər Müdafiə naziriyəm Şuşaya bir dənə də dığa yaxın gələ bilməz. Əgər Şuşa əldən getsə başıma güllə çaxaram…

Belə utancverici misalları çox uzada bilərəm. Lakin nəticə dəyişməyəcək. Amma onu bilirəm ki, Qarabağın işgalında hər birimizin günahı var: bir az çox, bir az az. Bu fikrimi təsdiqləmək üçün uzun zamandan sonra mən də bildiyim bəzi mətləbləri ilk dəfə dəyərli oxucularımızla bölüşmək istəyirəm.

Deməli, 1998-ci ildə “Sinəsi dağlı dağlar” adlı film hazırlayırdım. O zaman çəkiliş vaxtı bir çox şahidlərlə görüşdüm. Çox mətləblərə agah oldum. Lakin müəyyən səbəblərə görə öyrəndiklərimin çoxunu efirə verə bilmədim. Amma bu gün bəzi həqiqətləri dilə gətirmək istəyirəm.

Bildiyiniz kimi 1992-ci ilin mart ayının 2-də Ayaz Mütəllibov parlamentdə yekdil qərarla istefaya göndərildi. Ölkənin idarəedilməsi müvəqqəti olaraq yeni spiker Yaqub Məmmədova tapşırıldı. Qısa zamandan sonra isə yeni prezident seçkiləri elan olundu. Həmin vaxt namizədlər apasında nədənsə Rusiyapərəst qüvvələr təmsil olunmadı. Bu isə təbii ki, Rusiyanın strateji maraqlarına uyğun gəlmirdi. Ona görə də 1992-ci ilin aprel ayının sonlarında Rusiyanın Müdafiə naziri Pavel Qraçov Azərbaycana gəlir. Gəncə aerodromunda onu Rəhim Qazıyev qarşılayır. Gəncədən Şəkiyə gələn ordu generalı bir günlük Rəhim Qazıyevin şəxsi qonağı olur. Aprelin 29-da Bakıya gələn Qraçov o vaxtkı Müdafiə naziri Rəhim Qazıyevlə birgə Prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun qəbulunda olur. Görüş çox gərgin keçir. Rusiyali nazir Yaqub Məmmədovu təhdid edir. Birmənalı şəkildə prezident seçkilərinin ləğvini və parlament yolu ilə Rəhim Qazıyevi prezident seçilməsini ondan tələb edir. Lakin Yaqub Məmmədov bunun mümkünsüz olduğunu söyləyir. Bildirir ki, belə bir addım atılarsa, ölkə qarışar, hakimiyyət radikal müxalifətin əlinə keçər. Nəhayət, Yaqub Məmmədovun təklifi ilə ortaq məxrəcə gəlinir. Razılaşmaya əsasən devrilmiş Ayaz Mütəllibovun yaxın bir həftə ərzində yenidən hakimiyyətə qaytarılması qərara alınır.

Bunun üçün Xocalı soyqrımının təhqiqatını aparan deputat komissiyasının sədri Ramiz Fətəliyevə tapşırıq verilir ki, yekun qərarı tez zamanda hazırlasın və parlamentin müzakirəsinə çıxarsın.

Və təbii ki, komissiya Ayaz Mütəllibovu günahsız olduğunu söyləməli idi. Lakin o zamankı siyasi ab-hava çox gərgin olduğu üçün Yaqub Məmmədov deyilənləri qısa zamanda icra edə bilmir. Üstəlik Yaqub Məmmədov dövlət başçısı statusu ilə ilk xarici səfərinə çıxır. İrana edilən səfər təbii ki, rəsmi Kremldə ciddi narazılıq və narahatlıq doğurur.

Nəticədə Azərbaycan siyasi hakimiyyətinə təzyiq məqsədi ilə Rusiyanın dəstəyi və yerli xəyanətkarların iştirakı ilə mayın 8-i Şuşa ermənilərə təslim edilir…

Şuşa şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənov mənə danışdı ki, mayın 9-u səhər saat 10 radələrində Ali Sovetin binasına gəldim. Binanın qarşısında yüzə yaxın şuşalı toplaşmışdı. Onlarla görüşüb yuxarı qalxdım. Qəbul otağında köməkçi Gürşad Zərbəliyevə dedim ki, Yaqub müəllimlə təcili görüşmək istəyirəm.

Dedi ki, oturun, gözləyin içəridə adam var. Xeyli gözlədim. Nəhayət gözləməyə səbrim çatmadığı üçün qəfil qapını açıb içəri girdim. Gördüklərimdən donub yerimdə qaldım. Ayaz Mütəllibovla Yaqub Məmmədov üzbəüz oturub çay içirdilər. Məni görən Ayaz Mütəllibov ev yiyəsi kimi “Gəl Nizami, gəl otur”, – dedi. Çaşqın vəziyyətdə keçib bir kənarda oturdum. Ayaz müəllim çay içə-içə soruşdu ki, Nizami, sən camaatı bir həftə sakitləşdirə bilrsən? Dedim ki, nəyə görə? Dedi ki, Moskva ilə razılaşmışıq, bir həftəyə Şuşanı da, Xankəndini də, o biri torpaqları da geri alacam. Təəccüblə dönüb Yaqub Məmmədovun üzünə baxdım. Yaqub müəllim başı ilə deyilənləri təsdiqlədi. Mən də ayağa qalxdım. Dedim ki, madam elədir, lap 10 gün də gözləyərik, təki Şuşanı geri alın. Aşağı düşüb həmyerlilərimi sakitləşdirdim və dağılışmalarını xahiş etdim…

Nəhayət deputat komissiyası tezbazar işini yekunlaşdırır. Mayın 14-də Ali Sovetin fövqəladə iclası çağrılır. İclasın gündəliyinə tək bir məsələ daxil edilmişdi: Xocalı faciəsini araşdıran deputat-istintaq komissiyasının yekun qərarının müzakirəsi…

Yaqub Məmmədov iclası açır, gündəliyi oxuyur və sözü Ramiz Fətəliyevə verir. Komissiyanın rəhbəri qısa arayışla faciədə Ayaz Mütəllibovun heç bir günahının olmamasını “sübut edir”. Və Ayaz Mütəllibovun yenidən prezidentlik kürsüsünə qayıtmağında heç bir problemin olmadığını söyləyir…

Bax əsl maraqlı məqam bu zaman baş verir. Bir qrup deputat Ayaz Mütəllibovu təbrik edərkən Yaqub Məmmədov iclası yekunlaşdırmadan ayağa qalxır və əlini başından yuxarı qaldırıb yellədərək qışqırır: “Mən işimi qurtardım. Mən gedirəm”. Bu səhnəyə videoarxivdə dəfələrlə baxmışam. Ona görə ki, Yaqub Məmmədov bağıra-bağıra məclisdəkilərə deyil, Moskvada oturan və hadisələri diqqətlə izləyən Pavel Qraçova səslənirdi. Çünki aprelin 29-da Qraçov Yaqub Məmmədovu otağında ölümlə hədələmişdi. Yaqub Məmmədov da bu qışqırıqları ilə bir növ Qraçova hesabat verirdi ki, mən öz işimi gördüm, məndən əl çəkin…

Lakin Moskvanın planı baş tutmadı. Hakimiyyət bu dəfə AXC-nin əlinə keçdi. Amma xəyanətlər yenə də davam etdi… Cəmi 4 gün sonra tərlanlar oylağı Laçın ermənilərə təslim edildi…

Surxay Atakişiyev

Əlaqəli xəbərlər