Bu tədbirdən “Fatıya tuman olmaz”, ay Vaqif müəllim – AXI NİYƏ?!

yolpolisicerimedyp

Anlaşılan odur ki, DYP-nin “ekologiyanı qoruyaq” pərdəsi altında atdığı addımın bir məqsədi var – insanları cərimələmək

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Nazirlər Kabineti yanında Operativ Qərərgahın başbilənləri bilməliydilər ki, onlar obyektlərin, müəssisələrin fəaliyyətini məhdudlaşdıranda, bu məsələnin bir ucu əhaliyə dəysə də, o biri ucu mütləq gedib dövlət orqanlarına dəyəcək. İş yerlərinin tam işləməməsi, obyektlərin əvvəlki qazanclarının olmaması, deyəsən, Dövlət Yol Polisinə (DYP) də təsir edib. Benzin qalxıb, iş yerləri tam işləmir, onlayn iş rejimini üstünə gələndə yollarda maşın sürənlərin sayı azalıb. Bu isə öz növbəsində “QAİ”nin də qazancına təsir edib. Özü də əhəmiyyətli dərəcədə.

İndi bu idarənin başbilənləri də məcbur olub yeni nəsnələr fikirləşirlər ki, bir yol tapsınlar – həm özləri, həm də büdcə qazansın. Əvvəllər də yazmışam ki, yol polisləri biz jurnalistlərlə ən yaxşı yola gedən dövlət qurumunun təmsilçiləridir. Amma bununla həqiqət dəyişmir. Yol polisinin fikirləşdiyi yeni qazanc metodu, ekologiya pərdəsi altında olsa belə, pandemiya dövründə sıxıntı çəkən vətəndaşımızın vəziyyətini daha da ağırlaşdıracaq. Ekologiyanı isə elə-belə, şirma kimi fikirləşiblər.

Kimsə deyə bilər ki, “nə istəyirsən e? Bəlkə kişilər doğurdan da aldığımız havanın təmizliyi dərdindədirlər?” Amma, mən deyirəm ki, bu mənasız qərarın reallaşması vətəndaşların yüngülləşən ciblərində deşik açacaq və ən əsası, ekoligiyaya heç bir təsiri olmayacaq. Axı niyə belə düşünürəm?! İzah edim.

Image result for Vaqif Əsədov

Beləliklə, Bakı Şəhər Baş Polis İdarsi Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə katalizatoru olmayan avtomobillərin saxlanılaraq cərimə edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov yerli mediaya açıqlamasında bildirib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır, bu isə inzibati xəta tərkibi yaradır:“Bu tipli avtomobillərin istismarı yolverilməzdir. Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır. Bəzi sürücülər deyir ki, həmin avtomobilləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə, hər birimiz bu sahədə öz məsuliyyətimizi dərk etməliyik”.

İlk baxışdan hər şey əla və məntiqlidir. Amma bir məhşur aforizmdə deyildiyi kimi: “Cəhənnəmə gedən yol yaxşı niyyətlərdən düzəldilib”.

Həm “QAİ” rəhbərliyi, həm də Vaqif Əsədovun özü çox yaxşı bilir ki, onun dedikləri “yaşıl” problem bu yolla düzələ bilməz. Çünki, təkcə Bakıda sürülən, ikinci əl avtomobil seqmentinin əsasını təşkil edən “çeşka” və “yeşka”ların 99 faizində avtomobillərin səsboğucu sistemində zəhərli qazları təmizləyən xüsusi avadanlıq – katalizator yoxdur və ya artıq işləmədiyi üçün çıxarılıb. Deyirlər, içində hansısa qiymətli metala görə işbazlar onu çıxarıb, ayrı satırlar. Amma, əksəriyyət buraxılış ili 1990-ların sonu olan bu maşınlarda katalizatorlar sadəcə ömrünü başa vurub və yenisi ya buraxılmır, ya da çox bahadır – bəzən maşının qiymətinin yarısı qədər.

Bəli, ustaya gedib kustar üsulla katalizator yığdırmaq olar. Amma bu katalizator koronavirus əleyhinə maska deyil ki, birini alıb, bir həftə taxasan ki, təki səni cərimə etməsinlər. Tutaq ki, köhnə “Mercedes” sahibləri 80-100 manatlarından keçib, bu katalizatoru kustar üsulla yığdırdılar. Axı, bundan “Fatıya tuman olmur”, ay Vaqif müəllim. Televiziya kameraları qarşısında sizin o ekoloji avadanlığı avtomobilin “qluşitelinə” salan kimi, ekologiyaya buraxılan qazların miqdarının normadan dəfələrlə çox olmasını göstərəcək. Çünki kustar katalizator zavod katalizatorunun yerini verə bilməz.

Odur ki, 100 manatından keçərək, bu katalizatoru yığdıran sürücü, ikinci dəfə xərcə düşəcək. Çoxluq isə bu yeni “cərimə dəbi”ndən can qurtarmaq üçün yol polisi ilə “ənənəvi qaydada” yola gəlmək məcburiyyətində qalacaq. Və bu məbləğlərin büdcəyə gedəcəyinə də heç bir zəmanət yoxdur. Lap olsa belə, tutalım ki, məni cərimə etdiniz, axı mən bu katalizatoru haradan və necə alım ki, sizin aparat razı qalsın?

Deyə bilərlər ki, bu addım ölkənin avtomobil parkının yenilənməsinə təhrik edəcək, yəni insanlar yeni maşınlar almağa üstünlük verəcəklər. Amma bunun üçün cəriməyə-filana ehtiyac yoxdur. Haqqında illərdir danışılan avtomobillərin utilizasiyası proqramını işə salmaq lazımdır ki, insanlar köhnə “çeşka”sını verib, yerinə sərfəli şərtlərlə başqa maşın ala bilsinlər. Bunun üçünsə, ölkəyə girən təzə və az işlənmiş maşınların gömrük haqqlarını azaltmaq lazımdır.

İnsan Gürcüstanda 14 min dollara BMW alıb, onun “rastamojkasına” 16 min dollar veririsə, siz hansı ekologiyadan, maşın parkının yenilənməsindən danışırısız, ay başbilənlər?! Siz gömrük rüsumunu azaldın, sərfəli şərtlərlə maşın kreditləri təşkil edin, əgər biz sürücülər bu ekologiyanın dərdinə sizdən çox yanmasaq, onda bizi cərimə edin.

Görəsən, bizim Gömrük Komitəsi, Ekologiya Nazirliyi, Dövlət Yol Polisi rəhbərliyi Rusiya telekanallarına baxırmı? Əgər baxırsa, onda mənim bir sualıma cavab versinlər: niyə Moskva kimi dünyanın bahalı bir şəhərində “Toyota RAV-4” maşınını kreditlə illik 4-7 faizlə almaq olur, amma gündən-günə çiçəklənən Bakıda avtomobil kreditləri 17-27 faiz arasında dəyişir?

Bu sualın cavabını bilən varsa, desin. Nə qədər ki, bu dediyim məsələlər öz həllini tapmayıb, ekologiya-filan pərdəsi altında görülən bütün tədbirlərin bir məqsədi var – insanları cərimə etmək. Razılaşmayan varsa, arqumentlərini yazının altındakı şərhlərdə bildirsinlər. Elə yol polisindən də normal və məntiqli bir izah gözləyirik.

Hələlik isə köhnə, katalizatorsuz maşını olan oxuculara yaxınlıqdakı ayaqqabı dükanından bir krossovka almağı məsləhət görürük. Amma Çin istehsalı olanları almayın. Birdən qərar çıxdı ki, onlar Avro-6 standartlarına cavab vermir, siz yeridikcə, tərləyir və ətrafa zərərli iylər buraxır. Onda ayaqyalın gəzməyə məcbur olacaqsız. Çünki yaxşı “katalizatorlu” krossovkalar çox bahadır. Gömrükdən belə keçir...

Müəllif: Yoldaş MİRCƏFƏR.

Əlaqəli xəbərlər