Yeni nazirdən gözləntilər - Ciddi dəyişikliklər baş verəcək

1412für

 

Sentyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov Gənclər və İdman naziri vəzifəsinə təyin edildi. Bu təyinata qədər nazir vəzifəsinə iddialı olan müxtəlif şəxslərin adları çəkilirdi. Elə Azsiyaset.com saytı da 6 aydan artıq boş qalan nazir postuna iddialı namizədlərlə bağlı mütəmadi olaraq məqalələrlə çıxış etmişdi.

Nazir olmaq üçün dəridən-qabıqdan çıxan müxtəlif namizədlərlə bağlı məqalələrimizdə məsələyə milli nöqteyi-nəzərdən yanaşmağa çalışmışıq. İfadə etmişik ki, bu posta iddialı olan şəxslər gənclər və idman sahəsindəki problemləri dərindən bilməli, sağlam imicə və möhkəm xarakterə malik olmalı, ölkədə islahatlar kursunun vacib istiqaməti kimi bu sahədə yenilikçi kimi çıxış etməli və Qarabağ müharibəsindən sonra daha da qətiləşən dövlətin yeni inkişaf kursunu sürətləndirməyi bacarmalıdır.

Azərbaycan gimnastikasının inkişafında xüsusi xidmətləri olan, ictimaiyyətdə kifayət qədər təmiz imicə sahiblənən və iyirmi ilə yaxın bir müddətdə çalışdığı idman sahəsinin problemlərini dərindən bilən F.Qayıbovun nazir vəzifəsinə təyinatı sevindirici haldır.

Heç şübhəsiz, F.Qayıbovu bu vəzifəyə təyin olunmaq üçün çalışan digər şəxslərdən fərqləndirən bir keyfiyyət də var idi: o, nazir vəzifəsinə təyinat üçün aparılan sağlam prosesin nəticəsi kimi bu posta gətirildi. F.Qayıbovun nazir vəzifəsinə gətirilə biləcəyi ilə bağlı heç də geniş olmayan məlumata sahib olsaq da, bunu ictimailəşdirməməyi məqsəduyğun hesab elədik. Çünki belə olacağı təqdirdə, bunu ən doğru qərar olacağını əvvəldən düşünürdük.

Prezident yeni naziri videoformatda qəbul edərkən hansı problemlərdən danışdı?

Prezident İlham Əliyev Fərid Qayıbovu Gənclər və İdman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən idman federasiyalarının fəaliyyətinə sərt şəkildə tənqid etdi.

Dövlət başçısının bu tənqidi təsadüfi deyildi. Məsələ bundadır ki, F.Qayıbov 20 ilə yaxın bir müddətdə Gimnastika Federasiyasında çalışıb və federasiyaların problemlərini dərin bilən adamdır. Digər tərəfdən, Gimnastika federasiyasının nümunəvi fəaliyyəti onu deməyə əsas verir ki, uzun müddət bu federasiyaya rəhbərlik edən bir şəxs digər federasiyaların da fəaliyyətini müsbətə doğru dəyişə bilər. Prezident bildirdi ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır:

“Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir?”. Düşünürük ki, Prezidentin bu çıxışı yeni nazir üçün əsas tezislərdən birinə çevrilməlidir. Çünki həqiqətən də federasiyaların fəaliyyəti sanki iflic olub və müxtəlif federasiya rəhbərlərinin qanunsuz əıməlləri idman sahəsindəki problemləri daha da dərinləşdirib.

Fərid Qayıbov kimdir və gözləntilər…   

42 yaşlı Fərid Qayıbov idman ictimaiyyətinə tanış simadır, o, 2003-cü ildən başlayaraq, bu günə qədər ölkə gimnastikasının inkişafı üçün mümkün olan hər bir adımı atıb. Federasiyada menecer kimi fəaliyyətə başlayan F.Qayıbov Baş katib vəzifəsinə qədər yüksəlib. F.Qayıbovun 2017-ci ildə Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilməsi ciddi hadisə idi. Nəzərə almaq lazımdır ki, UEG-də belə bir ali vəzifə tutmaq böyük məsuliyyət tələb edirdi. Bu sahədə Avropa və Azərbaycan arasında körpü rolunu oyanamaq, təcrübə mübadiləsi aparmaq, prosesi milliləşdirmək asan məsələ deyildi.

Yeni naziri ənənəvi məmur korpusundan fərqləndirən cəhətlər də kifayət qədərdir: korropsioner deyil, adı heç bir qalmaqalda hallanmayıb, iyirmi ilə yaxın müddətdə bir sahədə sistemli şəkildə işləyib uğurlu karyera qura bilib.  Ölkə gimnastikasının inkişafında, gimnastlarımızın beynəlxalq yarışlardakı uğurlu iştirakında yeni nazirin danılmaz rolu vardır.

F.Qayıbovun nazir təyin olunandan dərhal sonra Azərbaycan idmanının yaralı nöqtəsi hesab olunan futbolla bağlı açıqlama verməsi də müəyyən ümidlər yaradır:

“Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülməlidir. Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq. Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın Portuqaliya ilə oyununu stadiondan izlədim. Çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzduğuna təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”.

Samir FEYRUZOV, 

azsiyaset.com

 

Əlaqəli xəbərlər