MƏNƏVİ DƏYƏRLƏRİMİZ. ƏXLAQİ KEYFİYYƏTLƏRİMİZ

WhatsApp Image 2018-06-01 at 10.49.06.jpeg

Qəlbi mərhəmət hissi ilə döyünən, adət - ənənələrimizi
hər zaman qorumağa çalışan, uzaq Krasnoyarskda
milli dəyərlərimizi sevərək təbliğ edən
soydaslarımızdan biri - Dürdanə xanim

         Neçə vaxtdır məni belə bir düşüncə narahat edir: Ölkəmizin iqtisadi, siyasi həyatında bu qədər inkişafın, yüksəlişin getdiyi indiki halda mənəvi dəyərlərimiz niyə aşınaraq bu vəziyyətə düşüb? Axı internet əsrində belə tərs mütənasiblik niyə olsun? Ən azından ona görə olmamalıdır ki, nəyin düz, nəyin səhv olduğunu əlini atıb bir göz qırpımında internetdən öyrənmək mümkündür.

         Yaşlılarmı günahkardır ki, cavanlara dürüst nümunə ola bilmirlər, ya cavanlar günahkarmıdırlar ki, yaşlıları eşitmirlər? - bilmirsən! Yaxud, elə "hər şey belə də olmalıdır" deyə fikirlər burulğanında yorulub əldən düşürsən. Millət olaraq bu qədər gözəl keyfiyyətlərə malik olduğumuz halda, onları niyə üzə çıxara bulmirik, qəlbimizdəcə boğuruq? Bu keyfiyyətlərdən niyə geninə-boluna yararlana, gələcək nəsillərə ötürə bilmirik?

         Bizdə həmişə digər millətlərə nümunə olacaq qonaqpərvərlik, böyüyə-kiçiyə hörmət, qadına-qıza nəzakət və digər üstün əxlaqi keyfiyyətlər yüksək səviyyədə seçilib və seçilməkdədir. Amma bəzən gənclərin millətə, milli dəyərlərə soyuq münasibətini, biganəliyini görüb qorxuya düşməyə bilmirsən. Qəribə bir müqayisə gedir beynimdə. Xaricdə, Vətənin hüdudlarından çox-çox uzaqlarda yaşayan soydaşlarımızla buradakı həmvətənlərimizi müqayisə edirəm. Televerilişlərdən, internet saytlarından, mətbu nəşrlərdən, öz görüb-eşitdiklərimdən bir məsələni dəqiqləşdirə bilmişəm ki, qürbətdə yaşayanlarımız milli dəyərlərimizə, adət-ənənələrimizə daha çox fikir verirlər. Buna aid kifayət qədər çəkə biləcəyim misallar var: Qürbətdəkilərimizin bir-birlərinə dayaq durmaları, əlamətdar günlərdə bir yerə yığışaraq birlik nümayiş etdirmələri , milli bayramları yüksək səviyyədə qeyd etmələri, evlənməyə qərar verəndə öz millətinin nümayəndələri ilə ailə qurmaları, xəstəyə-şikəstə, kasıb-füqəraya əl tutmaları və s.

         Fikir vermisinizsə, hətta ölkəmizdə yayımlanan yerli televiziya verilişlərində hansısa bir xəstəyə, imkansıza köməklik etmək üçün tamaşaçılara, dinləyicilərə müraciət ediləndə məhz kənardakı soydaşlarımız çağırışa hay verir, canfəşanlıqla xeyriyyəçilik aksiyalarında iştirak edir, ehtiyaclılara yardım edirlər. Bu, əlbəttə ki, bizi çox sevindirir, qəlbimizi dağa döndərir.

         Xeyirxah əməllər qədər mənim qəlbimi kövrəldən heç nə yoxdur. Ona görə də belə hallar olanda onları xüsusilə qeyd etməyi, bu xeyirxah insanları tapıb barələrində oçerklər yazmaq, göstərdikləri insanlıq nümunələrini digərlərinə də örnək kimi təqdim etmək keçir könlümdən.

         Bir ay bundan əvvəl Krasnoyarskdan Dürdanə adlı bir xanım tanışım gəlmişdi. Biz birlikdə şəhərə çıxmış, onunla bir işin ardınca getmişdik. İşimiz tamamlananda nahar etmək üçün şəhərdə bir kafedə əyləşdik. Söhbət dolaşıb yenə milli adət-ənənələrin üstünə gəldikdə mən Dürdanə xanımın danışdıqlarına heyranlıqla qulaq asırdım. O, Krasnoyarskda yaşayan azərbaycanlıların birliyindən, həmrəyliyindən, adət-ənənələrə necə əməl etmələrindən çox danışdı, çox misallar çəkdi.

         Bu dəmdə mənim Şamaxıda pansionatda yaşayan kimsəsiz, yaşca məndən xeyli böyük, əlil arabasına məhkum tanışım Gülşən xanım mənə zəng etdi. Bizim aramızda bir iş əsnasında başlayan bu tanışlıq artıq dostluğa çevrilmişdi. Nə qədər ki Bakıda yaşayırdı, onun yanına tez-tez gedirdim. Onu Şamaxıya köçürəndən sonra baş çəkə biməmişdim. Tez-tez mənə zəng edir, fikirərini bölüşürdü. Kövrəldiyini, çox darıxdığını hiss edirdim. Əlimdən ona təskinlik verməkdən başqa bir şey gəlmirdi. Qəlbimdən ona çox kömək etmək keçirdi. Necə ki Bakıda yaşadığı vaxt iki dəfə imkan tapıb onu müalicə etdirə bilmişdim. Amma indi...

         Bunları böyük təəssüf hissi ilə məndən kiminlə danışdığımı soruşan Dürdanə xanıma danışdım. Sadəcə bölüşmək üçün söylədim. Və... Dürdanə xanım qəfil əlimdən tutub gözlərimə baxdı: - Mən onu öz evimə aparıb anam-bacım kimi baxmaq, qayğısına qalmaq istəyirəm. - dedi. - Nə olar, mənə kömək elə!

         Belə deyim var ki, xoşbəxtlik və bədbəxtlik öz doğmaları olan yerə can atırlar. Uğursuz adamdan hamı qaçar, xoşbəxtə isə hamı sığınar. Xoşbəxt ola-ola gərək həm də necə böyük qəlbə, humanist keyfiyyətlərə malik olasan ki, uğursuzlara həyan olasan, kiminsə bədbəxtliyini azaltmaq fürsəti əlinə düşəndə fövtə verməyəsən. Tanışlığımızdan ötən  az bir müddət ərzində Dürdanə xanımın çox alicənab bir qadın olduğu qənaətinə gəlmişdim. Amma bu dərəcədə kövrək, bu qədər humanist, əsl azəri qadınına xas nəcib keyfiyyətlərini müşahidə edincə daha da heyran oldum. Qəlbim riqqətə gəlmiş, gözlərim dolmuşdu. Düşünürdüm ki, nə olaydı, kaş bu keyfiyyətlər hər birimizdə olaydı! Hər birimiz bu keyfiyyətlərə sahib olsaydıq, heç ac-yalavac, imkansız adam qalardımı aramızda? Axı bu dünyada ancaq edilən yaxşılıq qalır və rəhmət qazandırır insana, başqa heç nə!..

Nüşabə ƏHMƏD

Əlaqəli xəbərlər