Afaq Məsud: “Ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir”

afaq-mesud-1.jpg

"Xalqlar arasında qardaşlıq tək siyasətlə ölçülmür. Bu mənada ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir."
ZiM.Az xəbər verir ki, bu sözləri bu gün Tiflisdəki Yazıçılar Birliyində “Müasir Azərbaycan nəsr antologiyası" kitabının təqdimatı zamanı çıxışında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, professor, yazıçı Afaq Məsud bildirib. Onun sözlərinə görə, istər fransız, istərsə də gürcü və azərbaycanlı yazıçıların ağrı və sevgi nöqtələri oxşardır. O, uzun illər Azərbaycanın Sovet İttifaqının tərkibində olduğunu və Azərbaycan ədəbiyyatının rus dili baxımından seçilib təbliğ olunduğunu qeyd edib. Bu məqsədlə də Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə dövlət səviyyəli Tərcümə Mərkəzi yaradılıb. İndi ədəbiyyatımızın təbliği Azərbaycan dövlətinin siyasətinin mühüm prioritetlərindən biridir. Mərkəzin layihəsi əsasında artiq Azərbaycan yazıçılarının əsərlərinin antologiyaları hazırlanıb.

A.Məsud çıxışında qeyd edib ki, Rusiya, İngiltərə, Misir və Ukraynada Azərbaycan ədəbiyyatı təbliğ olunub: “Bu gün Gürcüstanda gördüyümüz sevgi atəşfəşanlığı heç yerdə görünməyib. Bu gün təqdimatını keçirdiyimiz Azərbaycan-Gürcüstan əlaqələrinin ilk addımlarıdır və bu, daha geniş formatda davam edəcək.”

A.Məsud çıxışında GUAM-a üzv ölkələrin yazıçılarının bir araya toplaşacağını da bildirib. O, qeyd edib ki, Macarıstan, Bolqarıstan və Türkiyə-cəmi 10 ölkə yazıçılarının iştirakı ilə forum keçiriləcək və tədbir ədəbiyyat ərazisinin əsasını qoyacaq və biz ədəbiyyat adamlarını dünyaya daha layiqli şəkildə təqdim edəcəyik.

Tərcümə Mərkəzinin direktoru, professor, yazıçı Afaq Məsud artıq gürcü yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə edildiyini və Bakıda da bu tərcümələrdən ibarət kitabın təqdimatının da keçiriləcəyini bildirib. O, gürcü yazıçılarını da həmin təqdimata dəvət edəcəklərini bildirib.

araz.az