GƏNC AŞIQLARIN KONSERTİ KEÇİRİLİB

20180201_194342.jpg

Fevralın 1-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirlib.

Ermənilər "Sarı gəlin" mahnısını niyə oxuyurlar?

874577.jpg

(Qeyd, müəllifin yazı üslubuna toxunulmayıb)

Durub, ermənilərin "Sarı gəlin" mahnısını israrla yasda- toyda oxumasının görünür bilmədiyimiz bir çox səbəbləri var. Ola bilsin bilirik, ancak kimsə hələ ki, ürəkaçan şəkildə bu qarşıdurmanın, bu israrın kökünə varıb da ürəkdən tikan çıxaracaq dərəcədə söz söyləməyib.

 

“Sarı gəlin” mahnısı misilsiz bir ovqata sahibdir. Bu mahnını dinlədiyin zaman sonsuz hüznə tutulursan. Bu hüzn və kədərin axarında sakit, rahat, bir az da nəvazişkəranə bir dəvətin eyhamını hiss edirsən. Bu dəvət də görünür soylu bir dəvət, köklü bir çağırış olduğundan əsrlərin bağrını yara- yara bizə gəlib dəyir, bizə gəlib çatır.

Mahnının adı olduqca möhtəşəmdir. Eynən Əsli və Kərəmi, Leyli və Məcnunu, Yusif və Züleyxanı xatırladır. Burdan yola çıxmış olsaq və mahnının ruhumuza çilədiyi ovqatın bilincinə varmış olsaq, onun adını çəkdiyim dastanlardan əsla heç bir fərqinin olmadığına varmış olacaqsınız. Hətta, bir az da irəli gedib Dədəm Qorquddakı “Sarı Donlu Selcan Xatun” boyuyla da dialoq halına girmiş olarıq. Bir az da bu yana, xəttin bu başına gəlsək, Əli və Nino əsərini tarixiliyinin təsdiqini yenidən bu mahnıda təsdiqləməyim yerinə düşəcək. Əslində isə məsələ nədir? Məğzdə nədir dayanan?

Başqa bir sual çıxır ortaya: Ermənilərin israrla bu mahnını oxumasında səbəb nə ola bilər? Niyə məhz bu mahnıya ermənilər sahib çıxmaq istəyir? Bu mahnıda ermənilərin istəklərinə cavab verən nə var? Ermənilər bu mahnını nədən özlərininki bilmək istəyir? Bu mahnı ermənilərin kimliyinə hansısa şəkildə dəlalət edə bilirmi? Bu mahnıda ermənilərin varlığından nəsə bir əlamət və keyfiyyət mövcuddurmu? Bu mahnı niyə məhz bu gün siyasi bir müstəviyə atılmış oldu? Bu mahnını Qarabaq adlı bir soruna, düyünə, yaraya yaxınlaşdıran nədir? Suallar bitib tükənməzdir. Hər şeyi bir tərəfə buraxıb, gerçəkləri danışmağın zamanıdır və həm də bizə qalan gerçəklər olacağını da unutmamaq lazım.

Hər xalqın düşməni olur. Bu doğal bir yaşamdır. Hər xalq özünə bir düşmən düzəldir. Bunu türk deyil, erməni edir. Yəni erməni türkü özünə düşmən hesab edir. Niyə, nədən, nə üçün? Hansı səbəblərdən və tarixi yaşantıdan, mərhələdən, keçiddən, haqq-hesabdan? Bəs türk ermənini bu qədər ortalıqda faciələri olmağına rəğmən nədən özünə düşmən hesab etmir? Niyə ermənidən türkə düşmənçilik alınmır? Əksinə nəyə görə erməniyə türk düşmənçiliyi yarayır?

"Sarı gəlin" mahnısında əsas məsələ iki fərqli etnosun kültür və mədəniyyətini daşıyan insanın, qadınla kişinin hüznü yaşanılır. Dəxli yoxdur mətnin mötivi tarixilik baxımından hansı dövrü və dövrləri əhatə edir. Əsas olan odur ki, mahnıda, mətndə gerçək bir fakt qaçınılmazdır. Bu qaçınılmaz olan, oğlan-qız deyil, ( gəlin məsələsi vurğulandığına görə) qadın-kişi, bəy-gəlin ehkamıyla qarşımıza çıxır.

Sözsüz ortada əsrarəngiz və valeh olacağın dərəcədə bir tutqu, sevda, eşq var. Bəy bu sevdadan vaz keçə bilmir. Çünki sevib aldığı, qaçırdığı qadını, gəlini geri tərləb edirlər. Aşiqdən məşuqu ayırırlar, ya ayırmağa çalışırlar.

Mətndə əsas nəzərə çarpan elementlər sözlə bu şəkildə sıralana bilər.

Gəlin

Sarı gəlin

sarı

Gül, Sulu gül.. sulu gülün dərilməsi,

Saç, Saçın ucu, saçın ucununun hörülməmə eyhamı, sevda məsələsi və. s... xatırlatma

Bu parçada, mətndə ən zirvə nöqtə, aşiqin məşuqunu əlindən alıb aparmaları və onun bu yolda əzab çəkib qanlı ah-vay etməsidir. O, əslində yaradandan bir gün nazlı yarının üzünü görməsini dəhşətli dərəcədə istəyir. Baş vermiş bu vaqeə bir dastan təfəkkürünün məhsuludur deyə bilərik. Bu şeirsəl və mahnılanıb avazlanaraq bəstəyə oturdulmuş dastanın gələcəkdə şifahi xalq ədəbiyyatımızda dastanlar içində maraqlı, ilginc bir yerinin olacağı da şəksizdir. Bəlkə də o dastan bulunb üzə çıxacaqdır. Çıxmasa belə onu yaratmaq da o qədər çətin deyil.

Sevgilisi tərəfindən qaçırılıb gətirilən, arvad edilən, bu tərsa gözəli sözsüz ki, başqa bir millətin, dinin nümayəndəsidir. Bu faktı biz mahnının digər etnoslar tərəfindən sevilib mənimsənilməsindən çıxarırıq. Bunu arxetiplər deyir-genetik yaddaşdakı arxetiplər. Artıq gəlin olmuş bu sarışın gözəlin ola bilməz ki bətnində də ürəyində olduğu kimi bir yük olmasın. Aşiq bundan halidir. Ancaq hələlik aşiqin naləsini göyə çəkən, qaldıran təzə gəlinin əlindən alınıb geri götürülməsidir. Bu süjet bizə tanışdır. Niyə? Çünki bir etnos olaraq, bu vaqeəni daha böyük çapda və daha çox yaşamışıq. Bu sarışın gözəl sözsüz xristian əsillidir. Sarışın olması onu yunan qızı olmasından xəbər verir. Bu isə tarixilik baxımından yunanlarla müttəfiq olduğumuz, ərəblərə qarşı savaşdığımız dönəmə təsadüf edə bilər. Ancaq bunu yunan niyə oxumur da, elə erməni oxuyur? Demək ortada daha ciddi arqument və faktor var ki, yenidən erməninin üzərinə gəlməli oluruq. Mahnı mətninin süjeti mahiyyət etibarı ilə Şeyx Sənan və yaxut Əsli-Kərəm əhvalatına, əfsanəsinə, dastanına, sonucda tarixi əhvalata uyğundur. Nə o yan, nə bu yan…sarışın demişkən, guya qaramat basmış erməninin sarışın gözəli olmur ki? Kim deyir olmur? Bu gün də hər 10 erməni qadınından birinin sarışın olduğunu yaxşı bilirsiniz.

Sarı sözünü mətndə məncə fikri başqa anlamlara yayındırmaq gərəkməz. Sarı bir rəng kimi bu mətndə işinin ustasıdır.

Qara keşiş Kərəmi nə günə qoydusa, çox güman ki, Sarı gəlinin atası da bizim aşiqi o günə qoydu. Əsrlərdir mələtməklə məşğuldur. Üstəlik, ortalıqda xristian –müsəlman qarşıdurması görünür. Biz niyə dərəyə-təpəyə qaçırıq? Hazır əlimizdə bizə qədər yaşanılmış, baş vermiş vaqeənin izini, yolunu qoyub gedib dağa-daşa düşmüşük. "Sarı gəlin" mahnısının mətni bir dastan təfəkkürü olduğu qədər, elə Əsli-Kərəm dastan faciəsinin sindromunu öz hüceyrələrində, bətnində yaşadır, daşıyır. Erməni erməni olduğu qədər də xristiandır. O, hesab edir ki, onun qızı müsəlman kişisində ailə olub ocaq qalaya, nəsl artıra bilməz. Bu hadisəyə sakit şəkildə tamaşa edən ata tanrının qəzəbinə tuş gələcəkdir mütləq. Bu xristian-fanatik erməninin mətndən yansıyan, dastanlarda izinə düşdüyümüz düşüncəsinin, anlayışının mahiyyətidir. Onun övladı mütləq öz dininin içərisində ailə qurub, nəsil artıra bilər. Erməni ona görə narazı deyil ki, qızı müsəlmana ərə gedəcək, ona görə partlayır ki, onun qızından doğulacaq müsəlman və türk cocuqları, törəyəcək nəsli, sabah onun deyil, türkün kimliyini və inancını daşıyacaq. Çünki ortalıqda digər bir fakt var - türkün patriarx özəlliyi özündə saxlanılan, özündə qorunan bir varidatdır. O heç vaxt kilsəyə girib, zəng səslərinə aludə olub zamanı ayarlamaz, keşişlərin vaftiz suyunda günahlarından arınacağı manqurtluğuna əsla inanmaz. İyrənc cəhalətlik gətirən bu tür düşüncə və əxlaq yapısı ona məxsus deyildir. Bütün bunlar bir yana, ancaq ortalıqda gerçək və qaçınılmaz bir hadisə mövcuddur: İki fərqli inanc və etnik özəllik daşıyan fərdlər bir canda birləşiblər. Bu nəyin müjdəsi, yaxut da nəyin harayıdır? Bu haray və bu müjdənin bağırçatladan bəraətinə nə qədər dözmək mümkün? Buna etnik gücümüz yetər və yetərlidirmi?

Erməni ata, erməni ağsaqqal, baş bilən hesab olunan şəxs, mətndən iddia edir ki, iki fərqli insanın (inanc və millət olara), bir canda var olması, kosmik gedişata ziddir. Xaçla hilal, kilsəylə məscid, azanla, kilsə zəngi bir-birinə düşməndir. Ümumiyyətlə, hilal bütün millətlərin düşmənidir.

Erməni bu gün "Sarı gəlin" mahnısını boşlu-boşuna oxumur. Ona görə oxuyurlar ki, bu mahnıda onun bu gün bizimlə bölüşə bilmədiyi bir qədəri var. Biz bu qədəri mahnılara, şeirlərə, dastanlara verdikcə, köçürdükcə, əbədiləşdirdikcə, demək biz bu münasibəti, aramızda baş vermiş olayı və hadisəni kosmosa yaymışıq, faş etmişik. Erməni əsla bundan utanmır. Ermənilər bundan bəlkə də zövq ala bilmək imkanını qaçırmır əsla. Çünki, onda özünü öldürsə də, bu ecaz, bu eşq alınmayacaq. Onun da kosmik eşqi, metafizik sərüvəni sənin, mənim, bizim varlığımız üzərindən, bizim ruhumuzun səxavətindən pərvazlanır. Ona biz bununla bir uçuş veririk, uçuş sərgiliyirik.Metbuat.az

Xanəmir TELMANOĞLU

(ardı var)

Atalar və övladlar: “Ziya Bünyadov dedi ki, atan kişi adam olub”- Süleyman Rüstəmin oğlu - LAYİHƏ

suleyman_rustam1517205055.jpg

Azad Rüstəmzadə: “Gərək o əməliyyata girməyəydi, reanimasiyaya yerləşdirildi, üçüncü gün isə dünyasını dəyişdi...”

Araz.az xəbər verir ki, Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simaların övladları onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Budəfəki müsahibimiz həyat və yaradıcılığı hər zaman oxucular üçün maraqlı olan, böyük bir tarixi dövrü öz imzasında keçirən Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadədir.  Onunla bir çox məsələlərdən söhbət etməyə çalışdıq.


Əvvəlcə sualları biz yox, Azad müəllim verir. Qısa tanışlıqdan sonra diktafonu göstərib  “başlayaq” deyir. Müsahibin çox maraqlı biri olduğunu gördükdən sonra  - müzakirə obyekti olan insan –atası haqqında da xeyli maraqlı məqamları danışacağına əmin oluruq. Odur ki, başlayırıq. Layihənin formatına uyğun olaraq, bu dəfə də Azad müəllimi oxucularla baş-başa buraxıb, onun dilindən çıxan xatirələr və təəssüratlarla çatdırılmasını istəsək də, alınmır. O səbəbdən, müsahibənin gedişatında hörmətli oxucu,  biz də sizinlə Azad müəllimin dialoquna müdaxilə edib, bəzi məsələləri dəqiqləşdirməyə çalışacağıq. Söhbətimiz nədənsə, Süleyman Rüstəmin ərəb qrafikası ilə yazmasından başlayır:

-Atam bütün əsərlərini, şeirlərindən tutmuş rəsmi çıxışlara qədər, hamısını əski əlifba-ərəb qrafikası ilə yazıb. O, məktəbdə oxuyan zaman dərslər əski yazı ilə keçirilərmiş. Yəni şagirdliyi həmin vaxta düşüb. Tək o yox ha, rəhmətlik Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rəhimov-onların hamısı məktəbdə əski əlifba ilə yazıblar. Atamın kiril əlifbası ilə xətti çox bərbad olub.

Amma sənə bir söz deyim:1971-ci ildə Heydər Əliyevin təklifi ilə atamı Azərbaycan SSR Ali Sovetinin sədri seçdilər.Bu, ictimai bir vəzifə idi. Bir var, Ali Sovetin Rəyasət Heyətinin sədri, o artıq bütün işlərə rəhbər kimi nəzarət edən, Aparatı idarə edən şəxsdi. Bir də var, Ali Məclis sədri. Atam 1971-ci ildən ömrünün sonuna qədər o vəzifədə qaldı.  Həmişə o, sessiyanı açıb- bağlayırdı. Kimə nə söz veriləcək filan,  hamısı rusca, kiril əlifbasında yazılırdı. Rəhmətlik sessiyaya bir gecə qalmış, saat 2-3-ə qədər  kağız-kağız qeydləri əski yazıya köçürürdi ki, iclasda çaşmasın,  daha yaxşı oxusun. Dekabr sessiyasının sonunda büdcə qəbul olunur axı. Orada da böyük məbləğdə pullar , mədaxil-məxaric hamısı qeyd olunurdu. Ona görə də atam çaşmamaq üçün son variantı əski əlifbaya köçürürdü. Amma onda da onu incidirdilər. Bir də gördün hansısa şöbə müdiri ilasda oxunacaq son variantı axşam saat 10-11-də gətirirdi evə. O da bundan sonra başlayardı işləməyə.

-Azad müəllim, belə anladıq ki, bu cür vəzifə işləri Süleyman müəllimi müəyyən dərəcədə yorub...


-Bəli, bu işlər bəzən, atamı yorurdu. Amma onu da deyim ki, onun Ali Sovetdə xüsusi hörməti var idi. Həm öz ad-sanına, fəaliyyətinə görə, həm də əliaçıqlığına görə...Ali Sovet sədrinin bir il üçün 10 min rubl büdcəsi olardı. O da şikayətçilərin, ehtiyacı olanların maddi probleminin həllinə, sosial təminatına xərclənirdi. O büdcədən kiməsə kömək etmək icazəli idi və bunu atam həyata keçirirdi. Bir də gördün səhhətindən şikayət edənlər, müalicə, iynə-dərmana pul tapa bilməyənlər, eləcə də başqa səbəblərdən əziyyət çəkənlər atamdan maddi yardım istəyirdilər. O da həmin büdcədən onlara kömək edirdi. 

“Mirzə yox, Süleyman yaxşıdı”


Yardım demişkən, Xaqani küçəsindəki binada dördüncü mərtəbədə Mirzə İbrahimov, beşincisində isə biz qalırdıq. Mirzə İbrahimovun  yaşadığı evlə qonşu olmuşuq. Şikayətçilər bloka girəndə heç zaman dördüncü mərtəbədə-yəni Mirzə İbrahimovun qapısının ağzında dayanmayıb, birbaşa beşinci mərtəbəyə -atamın yanına qalxıb şikayətlərini ona deyirdilər. Səbəbini atamdan soruşanda  gülə-gülə deyirdi ki, Mirzənin yanına gedəcəkdilər, o da onlara başlayacaqdı dərs deməyə-ay bala, get işlə, nə bilim neynə... Əşi, bu yazıqlar daha əlacsız qalıb, sənin yanına gəliblər də. 
Atamda isə bu cür sorğu-suallar olmazdı. əlindən nə gələrdisə, onu da dərhal edərdi. Düzdü, şikayətçilər arasında dələduzlar, yalandan pul qoparmaq istəyənlər də olardı. Amma bu cür adamlar elə o saat bilinərdi.

Ədəbiyyata yeni gələn cavanlara o qədər kömək edib ki! Sabir Rüstəmxanlı onun 110 illik yubileyində də bunu dedi, həmişə də deyib.Sabirə çox köməklik edib. Hansısa cavan şairin nəsə bir çətinliyi düşərdi. O zaman atama deyərdilər ki, Süleyman müəllim, bir problem var, bu işdə sizdən başqa heç kəs bizə kömək edə bilməz. O da yardım edərdi. Məsələn, kiminsə “prava”sını alıblar, atam işə qarışıb. Kiminsə tamam başqa sıxıntısı olub.Amma hər dəfə çalışıb ki, ya Ali Sovetin xətti, ya da öz nüfuzu ilə onu həll eləsin...


“Mirzə İbrahimov demişkən...”


-Mirzə müəllimgilnən qonşu olmuşuq. Mirzə İbrahimov çox əziyyətlər çəkdi. Amma həm də cavan vaxtından bəxti dəgətirdi, yaxşı vəzifələr tutdu. Ali Sovetin Rəyasət Heyətinin sədri də oldu.Yəqin eşitmisiz, Azərbaycan dili məsələsinə görə də nə qədər başı ağrıdı. O vaxtlar Azərbaycanda rəhbər İmam Mustafayev idi. O da bu hadisələrdə çox zərər çəkdi. Mirzə müəllim atamla dost idi, Şüvəlandakı bağlarımız da  qonşu olub.Xatırlayıram ki, hərdən bazar günləri Şüvəlandakı bağa birlikdə gedərdik. Ya onların, ya bizim maşınımız olmayanda, elə bir avtomobildə bərabər bağa yollanardıq. Mirzə müəllim sürücüsünə deyərdi ki,  maşını Maştağa yolu ilə sür. Maştağada, Zabrat tərəfdəbirmərtəbəli uçuq bina var idi o vaxtlar. Mirzə İbrahimov o binanın yanından keçəndə atama deyərdi ki, “Süleyman, bax, mən anamla bu binanın zirzəmisində yaşamışam. Bakıya gələndən sonra burada qaldıq və dərsə də buradan getmişəm”. Sonra xatirələrə dalardı, uşaqlığının keçdiyi yerlərdən acılı-kədərli xatirələri danışardı. Bilirsiz də, Mirzə İbrahimov bura ailəsi ilə bərabər Cənubi Azərbaycandan gəlmişdi. Elə gəldikləri vaxt da atama göstərdiyi həmin binanın zirzəmisində yaşayıblar. Cənubi Azərbaycan demişkən, rəhmətliklərin ora ilə də bağlı çox yaxşı xatirələri var. Çünki sovet vaxtında Cənubi Azərbaycana burdan çox böyük və nüfuzlu bir heyət göndərildi. Atamla Mirzə müəllim də o heyətin tərkibində idilər. İki ay orada yaşadılar. Atam ora ilə bağlı elə xatirələr danışardı ki... 

“Atamdan nişanə”


-Mənim babam –Süleyman Rüstəmin atası Əliabbas kişi dəmirçi olub. İndiki “Beşmərtəbə” ərazisində qardaşı Ağadadaşla birlikdə bir dəmiçi dükanı açıb işlədiblər. Elə atam da uşaq vaxtı onlara çox köməklik edərmiş. Anamın atası da bir zamanlar cavanlığında dəmirçi idi. Amma sonradan bəxtiı gətirib; Balaxanıdan torpaq sahəsi alıb və oradan çıxan neftin hesabına varlanıb. Ondan sonra ana babam Məşədi Hilal oğlanlarına mülk, bir çox yerlərdə- indiki “Nizami” metrostansiyasının qarşısındakı yerlərdə evlər alıb. Amma bolşeviklər hakimiyyətə gələndən sonra hamısını babamın əlindən alıb, bütün mülklərini müsadirə ediblər. İndi sən bax ki, axırda nə olub?- Babam zəngin olduğu zaman öz faytonçusuna da ev alıbmış. Həmin sadiq faytonçu əlindən hər şeyi alınan babama deyib ki, sən mənə vaxtilə ev vermisən, indi gəl mən o evi iki yerə bölüm, yarısında siz yaşayın, yarısında biz.

Yəni deməyim odur ki, atam da, anam da sadə ailədə, zəhmətsevər insanların yanında böyüyüblər. Hər ikisi elə bu səbəbdən çox sadə insanlar olublar. Görünür,mənə də bu sadəlik onlardan keçib. Amma sadəliyin yaxşı olduğu kimi, pis cəhətləri də var. Mən bir neçə dəfə bunun şahidi olmuşam. Özüm şərqşünasam, 20 il Elmlər Akademiyasında - Şərqşünaslıq İnstitutunda işləmişəm. Rəhmətlik Ziya Bünyadovun vaxtında institutda “partkom” da olmuşam. Ondan sonra Elmira Qafarova Ali Məclisin Rəyasət Heyətinin sədri olanda məni parlamentə işə dəvət etdi. Getdim, köhnə Aparat məni atama görə çox yaxşı tanıyırdı. Amma sonradan dövr dəyişdi, 1990-cı illərin əvvəllərində hər şey tamam fərqli oldu. Ali Sovet də dəyişdi, təzə deputatlar gəldi. Bax, mən sadəliyin əzablarını həmin vaxt çox çəkdim...

Amma bu mənim xarakterimə təsir etməyib. Çünki bu xüsusiyyət mənim qanımda-canımda olub, mənə atamdan ötürülüb. Ailəm məni  bu cür tərbiyə edib. Atam elə sadə adam idi ki! Siz cavansız, görməmisiz,  bağda qonaqlar yığışanda bəzən usta, fəhlə, bağban və ya başqa kimsə  orada işləyirdi. Atam o saat anama deyərdi ki, tez yemək hazırla, qoy qonaqlardan əvvəl birinci bunlar yesinlər. Sonra onlar işləyəcəklər, biz isə burada oturub yemək yeyəcəyik. Qoy gözləri süfrədə qalmasın. Həm də bağmızda fəhlə işləyəndə atam utanardı. Fikirləşirdi ki, mən burada dincəlirəm, amma fəhlə orada işləyir. Bax, belə adam idi. 

-Bəlkə, elə bu sadəliyindən istifadə edib ən çox tənqid hədəfi kimi onu seçirmişlər?..

-....Rəhmətlik  bax gör, hansı illərən keçib?! Yaxşı günləri də olub, pis vaxtları da... Onun xatirələri bu gün məndə evdədi. Özü dəəski əlifbaynan yazılıb. Orada bilirsən nələr var? Hüseyn Cavid, Nazim Hikmət, Seyid Hüseyn, nə bilim daha kimlərlə söhbətləri, xatirələri. “Vurulan” vaxtlarıda olub. Bayaq İmam Mustafayev dedim, bax onun vaxtında atam “vuruldu”. 
“Burda mənən, Bağdadda kor xəlifə” pyesinin “Azdrama”da ictimai baxışında ona kəskin etiraz edildi. Atam sonradan məşhur olan  “Karnaval gecələri” tamaşasının qəhrəmanının prototipini ilk dəfə  pyesinə gətirmişdi; yoldaş Qorxmazovu (Ağasadıq Gəraybəyli oynayırdı). Amma elə ictimai premyerada da İmam Mustafayev atamı “vurdu”.  “Yox olmaz, sovet ideologiyasına ziddir” deyildi. Atam “Karnaval gecələri”ndən əvvəl bunu yazmışdı,  amma səhnələşdirilmədi. Bu da onun bəxtindən idi. Ancaq siz fikir verin ki, daha sonra həmin əsərlər eyni məzmunda olan “Karnaval gecələri” Bakıda neçə dəfə oynanıldı. 


Repressiyanın günahsız “qurbanı”


İndiyə qədər yadımdadı,  Akademiyada- Şərqşünaslıq İnstitutunda  otağımda oturmuşdum. Katibə gəlib dedi ki, Ziya müəllim sizi otağına çağırır. Onda institutun direktoru rəhmətlik Ziya Bünyadov idi. Getdim, məni görən kimi rusca içəri dəvət etdi, rusdilli idi axı. Dedi ki, get atana de ki, o, kişi adamdı. Haradasa, 1980-ci illərin axırları idi. Onda “KQB”nin sədri Ziya Bünyadova icazə vermişdi ki, gedib arxivdə işləsin, həmin dövrü, 1937-ci illərin hadisələrini araşdırsın. İlk dəfə olaraq Ziya müəllim “KQB” arxivində o illəri araşdırdı. Mənə dedi ki, repressiya ilə bağlı o qədər materiallara baxıb, amma heç birində atamın adının pis yöndə hallandığını, hansısa səhv iş etdiyini görməyib. Amma o siyahıda başqa şairlərin, yazıçıların adı çox olub, atamın adı isə bir yerdə də yoxmuş. Maraqlandım, soruşdum ki, Ziya Musayeviç, bəlkə mənə deyəsiz, orada adı pisə hallanan hansı şairlərin adları var. Dedi ki, “sənə yox “atova” deyəcəyəm”.

Bu bir məsələ, ikinci faktı da sənə deyim: Deməli, atam repressiya illərində “Azdrama”nın (Akademik Milli Dram Teatrı-red.) direktoru olub. Rəhmətlik aktrisa Barat Şəkinskayanın xatirələrində də var ki, Süleyman Rüstəm o ağır illərdə neçə aktyoru repressiyadan xilas edib. Bunu mən demirəm ha, Barat Şəkinskayanın xatirələrində var və həmin xatirələr “Ədəbiyyat qəzeti”ndə, bir də onun haqqında olan kitabda çıxıb.

Arxivin direktor müavini var, Aslan Kənan. Repressiya ilə bağlı ikicildlik kitab hazırladı. Arxivdə uzun müddət axtarış apardı. Amma mənə dedi ki, “bir dəfə də olsun sənin atanın adına rast gəlmədim”. 


Azad müəllim, adını çəkdiyiniz Aslan Kənan həmin sözləri bizə də deyib. Yaxşı, çox maraqlıdır, Süleyman Rüstəmin bu işlərdə heç bir günahı olmaya-olmaya  niyə adı çox çəkilir? Halbuki, o işlərdə günahkar olan, danos yazan şairlər var ki,  adları atanız qədər hallanmır...


-Həmişə mənim özümə də qəribə gəlib. Düzdü, atam proletar şairi olub, o quruluş ona çörək verib, şan-şöhrət verib. O, həmin quruluşa ürəkdən bağlı idi. Kommunist əqidəsinə tam səmimi qəlbdən inanırdı və bunu gizlətmirdi də. Amma repressiya hadisələrində atamın heç bir sənəddə adı antiqəhrəman kimi çəkilməyib. Sovet vaxtında Azərbaycan  xeyli “Qırmızı Bayraq”aldı. “Kommunist” qəzetində Əfqan Əsgərov var idi, şöbə müdiri işləyirdi. Bir də gördün, gecəynən zəng vurub deyirdi ki, “Süleyman müəllim, sabah “Qırmızı Bayraq” təqdim olunacaq, bir şeir yazmaq lazımdı”. Atam da elə gecəynən oturub şeir yazırdı. Yəni ürəkdən bağlı idi o quruluşa və həmin quruluş daxilindəki mənfi olan heç nəyə inanmırdı. Məsələn, hərdən deyərdim ki, “papa, filan rayonun katibi var, rüşvətxorun biridir, bütün əhali onun bu əməllərindən danışır”. Amma o, deyərdi ki, ola bilməz! Belə şeylərə heç cürə inanmaq istəmirdi. 

“Amma əhəmiyyət verməzdi”


-Elə şair var ki, ətrafda olan hadisələrdən, işdə yaşanan problemlərdən xilas olmaq üçün yazı masasına tapınar. Atam da vəzifə adamı olub. Amma heç zaman başqa işlərin yorğunluğundan xilas üçün qələmə əl atmazdı. Əsəb sistemi möhkəm idi. Bəzən onun haqqında mənfi mənada deyilənləri, yazılanları, ümumiyyətlə pis heç nəyi ürəyinə salmazdı. əhəmiyyət belə verməzdi. Yazıya, şeir yazmağa çox ciddi yanaşan adam olub. O heç zaman başını qatmaq, əsəbini öldürmək üçün şeir yazmazdı. Heç vaxt yazı makinasına əl vurmadı. Hər zaman doldurulma qələmlə yazıb, özü də bayaq dediyim kimi ərəb əlifbası ilə. 
Xaqani küçəsində yaşayanda orada tində mədəni-maarif dükanı var idi. Ora Çindən doldurulan qələm üçün mürəkkəb gətirmişdilər. Bəzən ya məni, ya da sürücünü yollayardı, gedib mürəkkəb alardıq. Mürəkkəbi qələmə doldurub yazmağı xoşlayardı. Yatanda da həmişə başının üstündə üç-dörd “qranka” kağız,bir də həmin “dolmaqələm” olardı. Bir də görərdin ki, şairlik təbi gecə gəlib,cəld durub yazardı.Özü də hansısa söz, hansısa misra xoşuna gəlməyəndə üzərində işləyib, düzəliş aparmazdı.Kağızı həmən cırıb, yenisinə başlayardı.

İkinci Azadın azadlığı


-Mən yeganə övlad olmuşam, nə bacım olub, nə də qardaşım. Amma ailənin ikinci Azadıyam. Atamla anam 1934-cü ildə ailə qurublar, 1935-ci ildə isə Azad adlı ilk övladları dünyaya gəlib. Bir yaş yarımında isə dünyasını dəyişib. Qardaşım Azad Yusif Səmədoğlu ilə eyni ildə anadan olub. Papanın buna aid “Səmədin Yusifi,  mənim Azadım” misralı şeiri də var. Amma balaca Azad  öləndən sonra 11 il uşaqları olmadı. Yalnız 11 ildən sonra mən dünyaya gəlmişəm. Ölən qardaşımın adını da mənə veriblər. Evin tək övladı olduğum üçün anam mənim təhsil və tərbiyəmlə çox ciddi maraqlanırdı.Məni eləməktəbə o, aparıb-gətirir, dərslərə ciddi nəzarət edərdi. Özü də mən burada, evimizin yanındakı 160 saylı məktəbin rus sektorunu bitirmişəm. 
Məktəblə paralel musiqiyə də gedirdim. Yeddi ilə pianino ilə məşğul olmuşam. Çox çətin qrafikim olurdu hərdən; məktəbdən gələn kimi musiqiyə gedirdim. Bəzən, repetitor özü evə gələrdi. Yeddiillik musiqi məktəbindən sonra anam istəyirdi ki, mən yenə də ali musiqi təhsilimi davam etdirim. Əşi kimdi daha gedən (gülür). Anam israr edəndə, maraqlı çıxış yolu tapdım. Onda bizim “Pobeda” maşınımz var idi. Tez qaçıb onuniçinə girib, qapı-pəncərələrini də içəridən bağladım. Yəni onların musiqi israrına bu cür etiraz etdim və işə də yaradı. Amma onu da deyim ki, musiqiyə getməyimin xeyri də olub. Bu gün istənilən musiqi növündən– xalq, klassik musiqidən, muğamdan başım çıxır. Televizorda baxan kimi bilirəm ki, hansı müğənni fonoqrama ilə oxuyur, hansı canlı. Müğənni ağzını açan kimi bilirəm ki, tamaşaçı onun oxuduğu mahnının qəbul edəcək, ya etməyəcək...
 

Səməd Vurğunun qəribə qonaqlığı

-Səməd Vurğunu cəmi bir dəfə görmüşəm; mənim ad günümə gəlmişdi. Nəzərə alsaq ki, o, 1956-cı ildə dünyasını dəyişib, onda deyə bilərik ki, bizə 1952 və ya 1953-cü ildə gəlib. Dəqiq xatırlamıram. Amma Səməd Vurğunun bizə gəlişi indiyə qədər xatirimdədir. Ağappaq saçları, özünəməxsus görkəmi var idi, onu tanımamaq mümkün deyildi.

Atamla yaxın dost olub və çox yaxşı da zarafatları varmış. Aralarındakı məşhur bir söhbəti də sənə danışım: deməli, bir gün Səməd atama zəng vurub deyir  ki, gəl görüşək, bir az söhbətləşək. Nə isə görüşüb dəniz qırağında o zaman bütün Bakıda məşhur olan bir pivəxanaya gedirlər. Atam bu gedişin səbəbini soruşanda, Səməd müəllim deyib ki, “indi qarajda Andrey Reksin qulaqlarını kəsir. Gəl, içək Reksin sağlığına”. Reks Səməd Vurğunun ov iti idi, Andrey isə sürücüsü. Qulalaqlarını ona görə kəsdirirdi ki, ov zamanı daha sayıq olsun.
 

Həm evimiz, həm də bağımız həmişə qonaq-qaralı olub. Olurdu ki, qonaqlar kabab istəyirdi, ya atam çalışırdı ki, onları kababa qonaq etsin. Burada - şəhərdəki evdə  kabab çəkmək çətin idi. Onda atamın anası,əmisiuşaqları-hamısı indiki Zərgərpalan küçəsində yaşayırdı. Tez  kabablıq əti təşkil elətdirib yollayırdı ora. Deyirdi ki, qonaqlarım olacaq, onlara kabab çəkmək lazımdı. 
Bilirsiz, o Zərgərpalandakı həyətdə kimlər olmayıb?! Mən hələ özümüzünküləri demirəm,onsuz da bilənlərin hamısı bilir. Başqa ölkələrin də məşhur şairləri- məsələn, Nazim Hikmət, Rəsul Həmzətov və daha kimlər orada atamın qonaqları olublar...


Bağ evimizdəki yığıncaqları da ki, hamı bilir də... Kimlər olmayıb orada?! Ən çox da cavanlar gələrdilər. Kimin nə problemi olardısa, “Süleyman müəllim ancaq siz bizə əlac edərsiz” deyib atamın yanına tələsərdilər. Atam da istirahət günləri bağda işləməyi çox sevərdi. Bəzən, elə həmin cavanlar bağa da gedərdilər. Daha bağa gəlmişdilərsə, deməli qonaq sayılırdılar. Atam kömək etməklə yanaşı, onlara mütləq nəsə hazırlatdırardı. Bizim bağ Şüvəlanda idi. Ondan bir az irəlidə isə yazıçıların Yaradıcılıq Evi yerləşirdi. Orada yaradıcı ezamiyyətdə olan şairlər atamın bağda olduğunu bilib gələrdilər. Məmməd Arazla Söhrab Tahir möhkəm dost idilər. Çox yerə dəbir gedərdilər. Yaradıcılıq Evində olanda mütləq bizə gələrdilər. Manqal qalanardı, səhərdən axama qədər atama söhbətləşərdilər. 


-Yuxarıda Nazim Hikmətin adını çəkdiniz. Atanızın bir neçə dəfə qonağı olub. Onunla görüşləri necə xatırlayırsınız?


-Hə, Nazim Hikmət nə zaman Bakıya gələrdisə, mütləq atama da baş çəkməli idi. Onun bizim evdə olduğu vaxtları indi də xatırlayıram. Onda uşaq olsam da, xatirimdə qalıb.Bizim Xaqani küçəsindəki evimiz beşinci mərtəbə yerləşirdi. Yadımdadı, Nazim Hikmət gələndə buna görə bir problem yaşanmışdı. Çünki onun ürəyi xəstə idi,binanın da lifti yox. Məcburən onu stula əyləşdirib beşinci mərtəbəyə qaldırdılar. Ürəyi xəstə olduğundan özü qalxa bilmədi. Onu stulla necə qaldırmaları da indiyə kimi yadımdadır.

Şəhriyarın yaxın dostu

-Məşhur cənubli şair Məhəmmədhüseyn Şəhriyarın ən çox adını çəkdiyi şair atam olub. Çox qəribədir  ki, Şəhiyarla heç zaman görüşməyiblər. Amma Şəhriyarın Bakıda ən çox istədiyi adam elə atam idi. Bir-birilərini görmədilər, ancaq məktublaşıblar. Birinci məktubu da bir şərqşünas alim var idi, Rüstəm Əliyev, mənim opponentim olub, Şəhriyar onunla atama yollamışdı. Rüstəm müəllim sonra həmin məktubu televizorda oxudu. 1960-cı illərin əvvəlləri idi. Onda televizor tək-tük evlərdə tapılardı. Bizim də balaca bir televizorumuz vardı. Rüstəm Təbrizdən gətirdiyi həmin məktubu televizorda oxudu. Onda mən də həmin çıxışı izləmişəm, indi də xatırlayıram. Rüstəm Şəhriyarın “Süleymana salam” adlı şeirini oxudu. Çox kədərli və təsirli idi. Sonra atam onaşeir yazdı. Ümumiyyətlə, onarın arasında olan məktublaşmalar çox kədərli idi.

Daha sonradan 1980-ci illərin axırlarında Molla Pənah Vaqifin yubileyi keçirilirdi. Onda gələn qonaqların arasında Şəhriyar da olmalı imiş. Atam buna çox sevinirdi. Şəhriyarın gəlişi üçün şeir də yazdı. Amma sonra bilmirəm, nə oldusa,Şəhriyar gəlmədi...


- Deyəsən Şəhriyarın Bakıya gəlişinə bəzi ədəbiyyat adamları mane olublar?


-“KQB” qoymadı da... Ona görə gələ bilmədi. Bakını görməsi üçün yeganə imkan o idi, amma qoymadılar.

- Bayaq Mirzə İbrahimovu dedik, amma Süleyman Rüstəm özü də dilin keşiyində durub, mübarizə aparanlardan biri olub. Onun da bu mövzuda başı ağrıyıb?


Bu barədə bayaq da danışdıq. O hadisələr vaxtı mən uşaq idim. Amma mənə elə gəlir ki, Mirzə müəllimin bu hərəkəti gözlənilməz olub. Atam üçün də, İmam Mustafayey üçün də... Amma atamın bir sözü var,millət qəhrəmanı. Gözlənilmədən atılan bu addım Mirzə İbrahimovu millətin qəhrəmanına çevirdi.

Amma atam da bir şeir, qələm adamı kimi dilin keşiyində duranlardan idi. Onun “mən sənin dilinə dəymirəm cəllad, gəl, mənim bu ana dilimə dəymə” misraları ilə başlayan məşhur şeiri var. Qəzəllərində də təmiz Azərbaycan dilindən istifadə edirdi. Onu Əliağa Vahidlə də elə bu fərqləndirirdi. Vahidin qəzəllərinin 90 faizi fars sözlərindən ibarətdir. Amma atamın qəzəllərinə baxın, təmiz Azərbaycan dili. Dilə qayğı elə budur da...


Repressiya və müharibə  vaxtlarında, ondan sonra da Mir Cəfər Bağırovla görüşləri olub?

Oooo...  neçə dəfə,  neçə dəfə...Bağırovun  oğlu Valodya müharibədə həlak olanda atam Səməd Vurğunla birlikdə onun yasına getmişdi. Onu bizə danışırdı. Deyirdi ki, “həmin vaxt bizi çağırdılar ki, ora gedək”. Daha sonrarepressiya zamanı Bağırov Səməd Vurğunla atamı otağına çağırıb onlara xəbərdarlıq edib. Deyib “özünüzü ağıllı aparın ki, onların taleyi sizi gözləməsin. Biz sizi itirmək istəmirik, siz bizə lazımsız”.


Atam deyirdi ki, “repressiya zamanı biz Pirşağıda bağda idik. O tərəfdə  bir maşın gələn kimi qorxurduq. Elə bilirdik ki, bizi aparmağa gəliblər”. 


- Amma Bağırovun da atanıza “onların taleyi” deyib nəzərdə tutduğu adamlar - Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq kimi böyük şəxsiyyətlər olublar...


- Onlar türkçülüyün badına getdilər. Həddindən artıq türkçülüklə məşğul idilər.


- Azad müəllim məgər türkçülüklə məşğul olmaq pis iş idi ki?


- Qardaş, o dövrə baxaq. Sən faktiki olaraq, Sovet İttifaqında yaşayırsan. Türkçü olursansa, yaxşı, ol. Daha bu qədər qabarıq niyə?! İndi sən Hüseyn Cavidin kitabını götür, gör, orada türkçülüyə aid necə qabarıq fikirlər var....

Ömrün son illəri... Epiloq...


- Atam fiziki mənada sağlam adam olub. 84 il yaşadı. Amma uşaqlıqdan onda qalan bir qara nişanə var idi. Mən yuxarıda dedim axı, babam “Beşmərtəbə” tərəfdə dəmirçilik edib. Atam da uşaq vaxtı ona yardım edəndə ağırlıq səbəbindən “qrija” əmələ gəlib. Yaşlandıqca, bu problem öz sözünü deyirdi. Atam da Ali Sovetdə prezediumda əyləşəndə bəzən həmin problem baş qaldırırdı. Axırda belə məsləhət görüldü ki, əməliyyat olunsun. Amma görünür, gərək olmayaydı. Nə qədər yaşayacaqdısa, yaşayaydı. 83 yaşlı bir adam əməliyyata girdi. “Qrija” götürüləndən sonra məlum oldu onun düz bağırsağında da şiş var. Məni çağırdılar, dedilər “yeganə varisi sənsən. Əməliyyata icazə verirsən?”. Əməliyyat olundu. Narkoz vuruldu və bu ona çox pis təsir etdi. Reanimasiyaya yerləşdirildi. Üçüncü gün isə dünyasını dəyişdi...

Babək Göyüş: Vaqifin tüstüsü və ortasından qırılan siqareti…

111-720x461.jpg

Araz.az bildirir ki, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də dünyasını dəyişib. Həmin gün onun ölümü ilə bağlı yazılan düşüncələri yenidən diqqətinizə çatdırırıq.

***

Vaqif Səmədoğlu öldü.

Onun çəkdiyi siqaret də, siqaretindən çıxan tüstülər də, tüstülərin qarışdığı buludlar da ortasından qırıldı. Vaqif siqareti kölgəsində sığınmaq üçün çəkirmiş, bir də bu gününün dərdini çəkmək üçün.

Hər kəsin dərdi bir kölgə ona yaxındır. Vaqifi ən çox düşündürən onun kölgəsi olmayıb, ölkəsi olub. “Hansı rənglə çəkəcəklər, xəritələrdə ölkəmi?”. O, öləndən sonra şeirləri üçün darıxdığını yazıb və hətta bir azca da qorxuya düşüb. “Şeirlərimi sevəcəklərmi divarlar arxasında?”.

Vaqif son gününün yaxasında nəyin parlayıb sönəcəyini də öncədən bilmək istəyib. Hətta, o gün bazarda ətin qiymətinin düşüb-düşməyəcəyi də onu maraqlandırıb. Qaranlıqda düşüncələrinin öpüşəcəyi və kimisə öldürəcəyi də ona maraqlı gəlib.
Görəsən, bütün bunlar şairlərə nəyə lazımdır? Şairlərin ölüm günündə qatarlarda axşamüstü çay paylayırlar, Andersenin nağıllarını oxuyurlar.

İnsan bir ömrü boyu neçə dəfə ölüb, neçə dəfə onun üçün məzar qazılıb, neçə dəfə məsciddə yuyulub.

Vaqif isə yalnız bir dəfə yuyulacaq. Təzəpir məscidində. O zaman bulvardakı söyüdləri kimin sulayacağı haqda onun xəbəri olmayacaq.

Şairlərin hər şeydən xəbərləri olur.

Onlar bu dünyada ah çəkmək üçün bir yer axtarırlar həmişə.

Həmin yer Vaqif üçün Təzəpir olacaq. Və o Təzəpirin pəncərəsindən “Sovetski”də ona tərəf boylanan tut ağacı. Yol ayrıcından gəlib-keçənlər isə bu mənzərəni görə bilməyəcək.

İnsanlar şairləri də rahat ölməyə qoymurlar.

Vaqif bu gün öldü. Bu gün Vaqifin yazdığı kimi güclü külək əsmədi:
“Mən ölən gün bir külək əsəcək küçələrdə.
Və yellədəcək ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı mən ölən gün…”.

Vaqifi küləklər də, ipdən asılan uşaq paltarı da aldatdı…

Aldadılan insanlar yaxşı insanlardı… Aldadanlar isə aldadanlardı.

Vaqif yaxşı insanları məzara bənzədir. Onun məzarı Fəxri Xiyabanda olacaq. O məzarın yerini Vaqif bilmir. Məzarı qazanlar bilir.

Yaxşı insanlar ildə bir-iki kərə baş çəkilən məzar kimi az-az görünür.

Vaqifin də məzarı öncə tez-tez yad ediləcək, gül çiçəkləri qoyulacaq. Sonra isə gül çiçəkləri də, o məzara doğru gələn addımların da sayı azalacaq.

Gələn yalnız Nüşabə olacaq. Onun ömür-gün yoldaşı olan Nüşabə.
Vaqifin ölümü ən çox onu üzür, bir də xərçəngdən ölən atasını və xərçəngdən ölən qardaşını.

Xərçənglər bu şair ailəsinin sanki boğazında bardaş qurub.
Vaqif də xərçənglərin acığına ölüb getdi, çox sevinməklərinə yol vermədi.
İndi Vaqifə heç kəs yol verməyəcək…

Yol vermək üçün gərək o yola çıxasan.

Vaqifin isə yola çıxmaq ümidi siqareti kimi ortasından qırıldı.

…Qırılan bu yazı kimi…

 
Babək Göyüş
 
 
P.S. Bu yazı 2015-ci il yanvarın 28-də ərsəyə gəlib və aznews.az saytında dərc olunub.

“Uzaq sahillərdə”: Veselinin “ata evi” və “faşist” Əlağa -FOTO

m1.jpg

Araz.az xəbər verir ki, Azərbaycan kinosunun incilərindən biri olan “Uzaq sahillərdə” filminin ekranlara çıxdığı vaxtdan 60 il keçir.

m8

Əfsanəvi partizan Mixaylonun – Mehdi Hüseynzadənin son döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi ev bu gün də durur. Bu ev Ağsu rayonunun şimal dağlıq yaşayış məskənlərindən olan Kövlüc kəndindədir. Hazırda 13 evin olduğu kənddə məcburi köçkünlər məskunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri rayon mərkəzindən 22 kilometr məsafədə yerləşən Kövlücə gedib.

Veselinin “ata evi”

Bakı Kinostudiyasının yaradıcı kollektivi Ağsuda bir ay çəkilişlər aparıb. Kövlücü gəzib çəkilişin aparıldığı məkanlara baxırıq. Mixaylonun silahdaşı Veselinin “ata evi”nə, kəndin cənub şərqində dərədən qalxan yola, evin qarşısında faşistlərin sakinləri topladıqları yerə baxarkən gözlərimizin qarşısında filmin səhnələri canlanır.

m7

Kənddə məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, müəllim Yunis Süleymanov deyir ki, “Uzaq sahillərdə” filminin çəkiliş tarixçəsi ilə maraqlananlar tez-tez bura gəlir, hətta Mixaylonun sığındığı evin damına çıxıb xatirə şəkli çəkdirirlər. İndi həmin ev sahibsiz qaldığı üçün yararsız hala düşüb.

“O faşist ağsulu Əlağa idi”

Bu tarixi filmin digər bir neçə səhnəsi – faşistlərin anbarından yüklənən ərzağı partizanlara aparan maşın karvanı, bundan xəbər tutan motosikletçi faşistlərin maşınları təqib etməsi səhnələri Ağsuda, Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu aşırımı adlanan ərazisində çəkilib.

m6

Həmin səhnələrin çəkilişinin şahidi olmuş ağsululardan biri, hazırda rayon Veteranlar Təşkilatının sədri 80 yaşlı Cəmaləddin Zeynalovun xatirələrindən: “Tələbə idim. Yay tətilinə gəlmişdim. Hər gün gedib çəkilişə baxırdıq. Şəhərin çıxışında, birinci dolaya çatar-çatmaz öndə gedən motosikletə qumbara atıldı və motosiklet aşdı. Onu sürən faşist paltarında olan ağsulu Əlağa İbrahimov idi. Ötən əsrin 70-ci illərinin ortalarında vəfat etdi”.

m5

Cəmaləddin Zeynalov aktyorların, ümumiyyətlə, kinostudiya işçilərinin çətin, ağır əməyini öz gözləri ilə gördüyünü, “Uzaq sahillərdə”nin heç də asan başa gəlmədiyini deyib.

m4

m3

17 -dən səhifə 25