Bakının məşhur qonaqları - Bircə mahnı ilə bütün Azərbaycanda məşhurlaşan kərküklü JURNALİST

14441649681516437516.jpg

Araz.az xəbər verir ki, Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. 

Bu dəfə haqqında danışacağımız şəxs bir zamanlar özünün ecazar səsi ilə hamını heyrələndirən, Bakıda çox qalmasa da, hamının sevimlisinə çevrilən türk qanlı, türkmən kökənli diktor, solist Sinan Səiddir. Yəqin ki, xatırladınız... Möhtəşəm səs sahibi olan həmyerlimiz Nərminə Məmmədova ilə kərkük xalq mahnılarını ifa edən Sinan Səid... O zaman bütün Azərbaycan bu ecazkar səsin sehrinə düşmüşdü. Hər gün gecə saat 1-ə 5 dəqiqə işləmiş Nərminə xanımla Sinan Səidin ifa etdiyi 4 dueti mütləq radioda səsləndirirdilər. İnsanlar bu ifaları dinləməmiş yuxuya getməzdilər. Özü də təkcə Azərbaycanda yox... Həm də bizə doğma olan Kərkük elində də... Kərkükdən gələn qələm adamları və musiqiçilərin dediyinə görə, orada bir çox evlərdə körpə uşaqlara bu ifanı dinlədərək yatırırarmışlar: 

Səni alım, hara qaçım
Ninnə yarım, ninnə...
əsmər yarım ninnə...


DOSYE: Sinan Səid 1934-cü ildə İraq ərazisindəki Kərkük şəhərində anadan olub. Onun aid olduğu nəsil ziyalılığına, şeirə, musiqiyə sevgisinə görə fərqlənib. Sinan Səid 25 yaşında olarən Bakıya dəvət edilir.  1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan Azərbaycana gəlir. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışır.


Kərkükdən Bakıya gələrkən,onun ali təhsii yox idi. Amma Bakıda yaşadığı illərdə  ali təhsil ala bilir: 1965-ci ildə ADU-nun Jurnalistika şöbəsini bitirir, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə edir.

Bakıya orta təhsilli şəxs kimi gələn Sinan Səid 1970-ci ildə öz işinə xitam verib İraqa qayıdanda artıq elmlər namizədi idi. 
1970-ci ildən Bağdad Universitetinin Jurnalistika fakültəsində dərs deyir, 1975-1980-ci illərdə fakültənin dekanı olur. Azərbaycan ədəbiyyatının ərəb dilinə tərcüməsi sahəsində xidməti böyükdür. Süleyman Rəhimovun "Ata və oğullar" hekayələr toplusunu, "Dost əlləri" şeirlər toplusunu "Molla Pənah Vaqif", "Mirzə Ələkbər Sabir", "Cəlil Məmmədquluzadə" monoqrafiyalarını ərəb dilinə çevirib. 

Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək, geniş müqəddimə ilə "Ərəb ellərinə Azərbaycan nəğmələri" (Bağdad, 1971) kitabını çap edib”. Sinan Səid  1990-cı  ildə vəfat edib.

“Əşi bu da azərbaycanlı imiş ki…”

1958-ci ildə Bakı Televiziya və Radio Komitəsinin nəzdindəki radioda ərəb şöbəsi açıldığından ərəb və türk dilini təmiz bilən bir nəfər axtarılır. Nəticədə gənc Sinan Səidi tapırlar və o, bu tələblərə cavab verdiyindən Bakıya dəvət olunur. Ərəb dilində həftəlik proqramı səsləndirməklə yanaşı, xəbərləri oxuyur və Azərbaycan ədəbiyyatının sayılıb-seçilən yazarlarını ərəb dilinə tərcümə edirdi.

Radionun qocaman diktorlarından olan Sabir Axundov 1959-cu ildə  Moskvaya gedəndə Dövlət Radiosundan Yevgeni Primakov ona bildirir ki, bu günlərdə sizə, Azərbaycan radiosuna ərəb dili  üçün bir diktor göndəriləcək. Daha sonra həmin diktoru Axundovla tanış edir. Axundov ərəb gözlədiyi halda onunla təmiz azərbaycanca danışan birini görəndə çox sevinir. Elə sabahısı gün onu Bakıya yollayır. Çünki Sinana Bakıda ehtiyac çox idi. Onu bir gün də gecikdirmək olmazdı.

İraqdakı inqilabdan sonra keçmiş SSRİ-dən qastrola gedib orada konsert verən yeganə müğənni Rəşid Behbudov idi. Yeni qurulan ərəb şöbəsində ərəb dilində ilk verilişdə ondan da müsahibə alıb, hazır mətni oxumaq üçün İraqdan gələcək diktoru gözləyirdilər. Gənc şöbədə o zaman vur-tut 3 nəfər çalışırdı. Dördüncüsü isə yeni gələcək diktor olacaqdı. O zaman Teleradio komitəsində baş redaktor işləyən Muxtar Hacıyevin hava limanında qarşılayıb gətirdiyi adamın bir ərəb olacağına heç kəsin şübhəsi yox idi. Qonaq gələr-gəlməz nitqinə bu sözlərlə başlayır: 

“Bəyim, mən Sinan Səidəm, mən də sizin kimi türkəm. Bizə orada inqilabdan sonra türkman deyirlər. Amma əslində mən Kərkük türküyəm, bununla da fəxr edirəm”.

Matı-qutu quruyan Muxtar Hacıyev yanındakılara  dönərək (onlardan biri mərhum Nahid Hacızadə idi) “əşi, bu da elə öz azərbaycanlımızdır  ki” deyir. Sinan Səidin Bakı macəraları belə başlayır. 


Qərib qardaş

Azərbaycan radiosunda ilk dəfə “Hünə Bakı” yəni, “Danışır Bakı” deyən Sinan Səidin ruhu-qanı bildiyi Azərbaycanla bağlılığı məhz o sözlərdən başlayır. Komitə əvvəlcə ona “İnturist”də bir otaq ayırır. Daha sonra Sinan Səid üçün ikiotaqlı ev alırlar. Kərküklü soydaşımızın Azərbaycan sevdası həm də bununla əlaqəli idi. Çünki qardaş ölkə ona yaxşı şərait, yüksək əmək haqqı verməklə yanaşı, ali təhsillə təmin etmişdi. Hələ bu nədir ki! 

Sinan Səid 1970-ci ildə Bakı radiosunda fəaliyyətinə xitam verib Bağdada elmlər namizədi kimi qayıdır. Təsəvvür edin, 1958-ci ildə Bakıya orta təhsilli bir diktor kimi gələn Sinan 1970-ci ildə bu şəhəri elmlər namizədi elmi dərəcəsi ilə tərk  edir. O, Bakıya gələndən sonra əvvəlcə Pedoqoji Texnikumda, ardınca isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alır. Akademik Həmid Araslının köməyi ilə orta əsr ərəb dilli filologiyası istiqamətində elmlər namizədliyini müdafiə edir.

Məşhur mahnı necə yarandı?

Kərküklü diktorla bir yerdə çalışan və onunla demək olar ki, ən yaxın sirdaş olan yazıçı-jurnalist, təəssüf ki, elə iki gün öncə dünyasını dəyişən  Nahid Hacızadə öz xatirələrində həm dostu, həm də onun ifasının yaranması tarixçəsi haqqında çox maraqlı məqamlar var:

“Ərəb redaksiyasında çalışanlar tərcüməçi Əhməd Yusifi, diktor Sinan Səid, bir də mən idim. Baş-başa verib işləyirdik. Məni də ştata keçirdilər. Kefim kök, damağım çağ işləyirdim. Kirayə ev də tutmuşdum. Heç nəyə ehtiyacım yox idi. Əmək haqqı, qonorar, bir də əlaçılıq təqaüdü. Yaşamaq üçün daha nə lazım idi?!

Sinan Səid də yüksək əmək haqqı alır, həftəlik "Ərəbin gözü ilə" verilişini yazır, “Xəbərlər”in türk dilində variantından tərcümələr edir, həm də bədii verilişlər oxuyanda ayrıca qonorar alırdı.

Ona ikiotaqlı mənzil də vermişdilər. “İnturist”dən öz evinə köçmüşdü. “Volqa” maşını alması da onu çox sevindirirdi.

Baş redaktorumuz dönə-dönə tapşırmışdı: “Sinan Səidi gözdən qoyma. Qəribdir, ondan ayrılma. Hər axşam ona baş çək. İstəsən, onunla da qala bilərsən. Subay adamsan. İkiniz də darıxmazsınız”.

Axşamlar Sinan Səid nəsə biş-düş edir, çay qoyurdu. Bu zaman o, dodaqaltı şirin, bir az da qəmli mahnılar oxuyurdu. Bir mahnısını qulağım aldı: “ Ninni, yavrum, ninni”. O, mahnını qurtarmamış yalvardım:

- Sinan, qadam alım, bir də oxu!

Bir dəfə də ona dedim:

- Sinan, gəl bu mahnını lentə yazdır, efirdə səslənsin. Biz ölüb gedəcəyik, qoy mahnı yadigar qalsın, yaşasın.

Sinan Səid tutuldu:

- Bəyim, sən nə danışırsan? Mən diktoram, gülərlər mənə. Sən bir görəydin, eşidəydin, Bağdadda, Kərkükdə bu mahnını necə oxuyurlar? Onlardan sonra mənim oxumağım gülünc görünər.

- Görünməz, əfəndim, görünməz. Özün də görərsən ki, sənin ifan hamının ürəyini tərpədər.

Sinan Səid gülümsədi:

- Bəyim, bəlkə də belə oldu. Sən mənə bir müğənni qadın tap. Biz duet oxuyaq. Onda başqa cür səslənər bu mahnı.

Mən çox adlar çəkdim: Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Flora Kərimova… Daha kimlər, kimlər…

Sinan Səid də bu müğənniləri tanıyırdı. Ancaq heç biri ürəyindən xəbər vermədi.

Bir gün haradansa gəlirdik. Radiostudiyada xor ansanblının konserti məşq olunurdu. Solist Nərminə Məmmədova idi. Sinan Səid mənim qolumdan tutdu.

- Tapdım, tapdım. Bu xanım oxuya bilər "Ninni yavrum"u. Özü də yaxşı oxuyar.

Mən Nərminə xanımı Sinan Səidlə tanış elədim. Çox sevinsə də, oxumağa razılıq vermədi:

- Mən bu ləhcə ilə, belə şirin oxuya bilmərəm, - dedi.

Ancaq birtəhər saqqızını oğurladıq. Məşqlər başlandı. Sinan Səid də, Nərminə xanım da məşqlərə ürəkdən girişmişdilər. Nəhayət ki, bir neçə mahnı hazır oldu.

Sinan Səid dedi:

- Bunları Kərkük xoyratları, daha doğrusu, Kərkük-İraq mahnıları adı ilə verək.  Qoy elə bu adla da yaşasın  “Kərkük-İraq mahnıları”.


Bundan sonra Azərbaycanda insanlar Sinan Səidi daha çox sevməyə başladılar. Onun ifa etdiyi “Evlərinin önü yonca”,  “Axşam olur”, “Sevdi yar” mahnıları Azərbaycan dinləyiciləri üçün tamamilə yeni bir tərz idi. Qeyri-peşəkar olmasına baxmayaraq, Sinan Səidin bu ifalarında kərküklərin faciəsi, yurd, qardaş həsrəti qabarıq əks olunurdu. İnsanlar sanki bu həsrətin özünə qulaq asırdılar: “Səni alım, hara qaçım, ninnə, yavrum ninnə” ilk dəfə sanki orijinal bir hisdən çıxaraq ruhlara qonaq gedirdi”.


“Axı o kimdi?”

Bəli, 1960-cı  illərdə, yəni yuxarıda haqqında danışdığımız mahnı və ondan sonrakı üç nəğmənin yarandığı zamanda bütün Bakı bir-birinə, televiziya işçilərinə, tanış-bilişə bu sualı verirdi: “Həmin səsin sahibi kimdi?! Hamı həm qeyri-adi, həm də Azərbaycan şivəsinə çox şirin gələn tembr sahibinin kimliyi ilə maraqlanır,  dövlət televiziyasına, radiosuna qalaq-qalaq məktublar yazırdılar. Bəzən, hansısa məkanda sırf bu mahnının xatirinə konsert proqramları qurulurdu. Artıq hamı bu ifanın sehrinə düşmüşdü - həm Kərkükdə, həm də Azərbaycanda… 

Kərkükdəkilər Nərminə Məmmədovanın, buradakılar isə Sinan Səidin səsində qan qardaşlarının  isti doğmalığını görürdülər. Burada mərhum xanım müğənnimiz Nərminə Məmmədovanın da xidmətini xüsusilə demək lazımdır. Qeyri-peşəkar müğənni olan Sinan Səidlə çox çalışdı. Kərkük şivəsini öyrənmək üçün çox vuruşdu və elə o cür də oxudu. Hacı Xanməmmədovun evində edilən məşqlər sonradan onların hər ikisini sevdirdi. Artıq Türkiyə də bu sevgiyə ortaq olmuşdu. Bir-birindən ayrı düşən iki qardaşı birləşdirən bu mahnılara bir böyük qardaş kimi o da öz sayğısını göstərdi…

Amma Sinan Səid Bakını tərk edənə qədər bu sual yenə də səslənməyə başladı - Axı o kim idi?

Biz də deyək, o kim idi - Sinan Səid 1970-ci ildən sonra daha heç vaxt oxumadı. Ömrünü elmə bağladı. Bağdad Universitetində tez bir zamanda dekan vəzifəsinə keçirildi və araşdırmalarla yanaşı, tərcümələr də etdi. Xeyli sayda şərqşünaslar yetişdirdi. Onların arasında Azərbaycan şərqşünaslıq elminin inkişafının əsasını qoyan alimlər də var. Sinan Azərbaycana borcunu məhz bu cür qaytarmışdı. Bir də tərcümələrlə Bakıya olan sevgisini göstərməyə çalışırdı.

Bakıdan ona sonsuz sevgilər, əsrarəngiz 4 musiqi parçası ilə bərabər, gözəl ailə də qaldı. 1962-ci ildə Rahidə adlı bakılı xanımla evləndi. Ümid və Emel adlı iki övladları elə Bakıda dünyaya gəldilər.

1970-ci ildə isə Bağdada getdilər…


Son söz əvəzi... yaxud bitməyən Bakı həsrəti

Sinan Səid 1970-ci ildə Bağdada hörmətli bir adam kimi qayıtdı. Qayıdan kimi Bağdad radiosunda çalışmaqla yanaşı, universitetin Jurnalistika fakültəsində də dərs dedi. Azərbaycan, Türkiyə və başqa türk ellərindən Bağdada gedənlər mütləq diktorun qonağı olurdu. O da hər dəfə böyük eşqlə gəncliyinin paytaxtı olan Bakıdan danışırdı. Bakıdan gələnlərdən maraqlı xahişi də olurdu. Sinan Səidlə görüşən qələm adamı Hafiz Nağıoğlu barədə öz xatirələrində yazır:

“Sinan Səid ədəbiyyat həvəskarı idi, rəssam idi. Hər şeydən əvvəl isə Azərbaycana vurğun idi o. Azərbaycan ədəbiyyatı nümunələrini ərəb dilinə çevirən ilk tərcüməçi olub. Onun Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın və onlarla digər şairlərin şeirlərindən tərcümələri 1963-cü ildə çapdan çıxmış "Dost ellər" almanaxında toplanmışdı. O zaman "Ədəbiyyat və incəsənət" qəzetinin ("Ədəbiyyat qəzeti"nin) elə bir sayı yox idi ki, Sinan Səid onu oxumasın, qəzet səhifələrindəki bir sıra yazıları tərcümə edib efir vasitəsilə ərəb dünyasına çatdırmasın. Məhz Sinan Səidin təşəbbüsü ilə Beynəlxalq Radionun ərəb şöbəsində hər həftə "Ədəbiyyat və incəsənət" qəzetinin xülasəsi efirdə səslənirdi.

1970-ci ildə Sinan Səid Bakıda öz işinə xitam verib vətənə - İraqa qayıtdı. Tale elə gətirdi ki, həmin il mən də İraqa işləməyə getdim və üç il İraqda Sinan Səidlə bir şəhərdə - Bağdadda yaşamalı oldum. Onunla tez-tez görüşürdüm. Hər dəfə də Sinan Səidin evi qonaq-qaralı olurdu. Kərküklü dostları, qohumları Bağdada gələndə onu görməmiş geri dönməzdilər. Çox maraqlıdır ki, Sinana qonaq olanların əksəriyyəti ədəbiyyat, incəsənət həvəskarı idi. Hər dəfə Azərbaycan ədəbiyyatından, incəsənətindən şöhbət düşərdi. Sinan Səid Azərbaycan şairlərinin, yazıçılarının əsərlərindən parçalar oxuyar, "Ədəbiyyat və incəsənət" qəzetinin artıq saralmış səhifələrini vərəqləyərdi.

1973-cü ilin noyabrında İraqa üç illik səfərim sona yetdi. Vətənə dönməzdən iki gün qabaq Sinan Səidlə görüşdüm, onunla birlikdə bir daha Bağdadın küçələrini gəzdik, Dəclə çayı sahilinə çatanda Sinan Səid cibindən dəmir pul çıxarıb mənə uzatdı. Qeyri-ixtiyari pulu aldım, amma nə edəcəyimi bilmədim və sual dolu baxışlarımı ona zillədim. Arif adam idi Sinan müəllim, sual dolu baxışlarıma aydınlıq gətirdi və dedi:

- Dəclə çayına pul atan hər kəs ikinci dəfə də mütləq Bağdada gələr.

Mən dəmir pulu ehmalca suya atdım, çünki bu gözəl şəhərə yenidən qayıtmaq mənim də arzum idi.

- Hə, Sinan müəllim, yenidən Bağdada gəlmək, sizinlə bir yerdə olmaq, düzünü deyim ki, mənim ən böyük arzumdur, - dedim.

Sinan Səid ucaboylu idi, ikiqat əyilib üzümdən öpdü, hiss etdim ki, bir qədər də kövrəlib. Səsi tutulmuşdu, gözləri yaşarmışdı.

- Mən də istəyirəm ki, gələsən, sən yanımda olanda elə bilirəm Bakıdayam, Azərbaycanda keçirdiyim xoş illəri xatırlayıram. Səndən xahişim odur ki, gələndə yeni nəşr olunmuş kitablardan, imkanın olsa bir neçə nüsxə də "Ədəbiyyat və incəsənət" qəzetindən gətirərsən.

Bu təsadüf idi, ya həyatın qanunu, - deyə bilmərəm, - onu deyə bilərəm ki, bir neçə ildən sonra mən yenidən Bağdada uzunmüddətli ezamiyyətə getdim. Amma artıq Bağdad Sinan Səidsiz idi. O, dünyasını dəyişmişdi. Həyat yoldaşı, uşaqlar isə Türkiyəyə köçüb getmişdilər. Sonralar Bağdadda bir neçə dəfə də oldum. Hər dəfə Bağdadın küçələrini gəzərkən, bu şəhəri ikiyə bölən Dəclə çayı sahillərindən keçərkən Sinan Səidi, Bağdada qayıtmaq üçün bu çaya pul atmağı mənə tövsiyə etmiş əziz dostumu - Azərbaycan ədəbiyyatının, incəsənətinin, bu gün 75 yaşını qeyd etməyə hazırlaşdığımız "Ədəbiyyat qəzeti"nin fəal oxucularından və mən deyərdim ki, İraqda bu qəzetin təbliğatçılarından biri olan Sinan Səidi xatırlayırdım”.

 

“Ulduz Sönməz: Mən belə yaşadım...”

ulduz-sonmez-kitab.jpgSon illərdə aşıq sənəti ilə bağlı bir sıra sanballı kitablar nəşr etdirmiş Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlunun araya-ərsəyə gətirdiyi daha bir kitab bu günlərdə işıq üzü görüb. Onun nəşrə hazırlayıb, redkatoru olduğu “Ulduz Sönməz: Mən belə yaşadım...” adlı bu kitab çağdaş Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi Ulduz Sönməzə həsr olunub.

"Mən tanıyan Xan əmi" kitabının təqdimatı keçirilmişdir

IMG_3129.JPG“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi“ ictimai birliyinin təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi  “Tarix və Mədəniyyətimizi Sevək” adlı layihə  çərcivəsində publisist,şair Şahlar Şuşalının Azərbaycanın xalq artisti, unudulmaz mugam ifacısı olmuş, xanəndə Xan Şuşalının həyat və yaradıçılığına həsr olunmuş “Mən Tanıyan Xan Əmi” adlı kitabın təqdimatı keçirilmişdır. Tədbiri giriş sözü ilə, acan Şəki  Dövlət Regional Kollecinin direktoru   Sərdar  Şərifov, öncə gələn qonaqları salamladı.

Ermənilər Aşıq Nəcəfi necə öldürdülər?

dddd.jpg

Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Nəcəf 1876-cı ildə Göyçə mahalının Daşkənd kəndində-çoban Allahverdinin ailəsində anadan olub. Ailənin tək oğlu olan Nəcəfin atası Allahverdi kişi oğlunu molla məktəbinə qoyur. Burada Nəcəf ərəb və fars dillərində yazıb-oxumağı öyrənsə də maddi çətinlik üzündən məktəbi yarımçıq qoyaraq atasının yanında çobançılıq edir. Uşaq yaşlarından özündə aşıqlıq sənətinə güclü meyl hiss etdiyindən sazda çalıb-oxumağı da öyrənir.


Ustad Ələsgərlə ilk görüş

Daşkəndli Hacı Kərim oğlu Muxtarın toyuna Aşıq Ələsgəri dəvət etmişdi. Ustad aşıq şəyirdi Aşıq Əsədlə toyun ikinci gününü yola salırdı. Məclis nisbətən seyrəldiyindən arada Aşıq Ələsgər ağsaqqallarla oturub çay içir, Aşıq Əsəd meydanda oxuyurdu. Bu vaxt Nəcəfin atası Allahverdi kişi Nağı bəydən xahiş edir ki, Aşıq Ələsgərdən rüsxət al, bizim uşaq da bir hava çalıb oxusun.
Nağı bəy Aşıq Ələsgərdən icazə alır, Nəcəf ilk dəfə sazla camaatın qarşısına-Aşıq Əsədin meydanına çıxır. Sazı sinəsinə basıb məlahətlə bu şeiri oxuyur:

Nəfis tox olarsa ürək dar olmaz,
Zəhmət çəkilməsə süfrə var olmaz.
Sənət meydanında şəyird xar olmaz,
Nəcəfəm, ustadı pir ustad olsa.

Nəcəfin oxuması və sözləri Aşıq Ələsgərin çox xoşuna gəlir və Nəcəfi özünə şəyird götürür. Nəcəf uzun illər Aşıq Ələsgərə şəyirdlik edir. Özünün zil və məlahətli səsi ilə böyük şöhrət qazanır. Elə Nəcəfin toyunu da Aşıq Ələsgərlə Aşıq Əsəd eləyirlər. Deyilənlərə görə toy günü Nəcəfin nişanlısı Gülüstanı ata evindən çıxararkən onun əmisi Həzrətqulu irəli yeriyir ki, Aşıq Ələsgər Gülüstana bir tərif deməsə qızı verməyəcəyəm. Ustad aşıq orda Gülüstana üç bəndlik bir tərif də deyir:

Eşitmişdim görməmişdim üzünü,
Canlar yaxır süzdürəndə gözünü.
Aşıq Ələsgərəm, deyim düzünü
Doğrudan Nəcəfə taydı Gülüstan.

Aşıq Nəcəf ustadından fərqli olaraq təsadüfi hallarda, hansısa bir hadisədən bərk təsirlənəndə şeir yazıb. Onun sənətinin gözəlliyi təkrarsız ifasında, zil və məlahətli səsində olub. Aşıq Nəcəfin elə zil səsi varmış ki, oxuyanda hündürdə asılmış enli və halqavari piltə ilə yanan otuzluq lampanı keçirərmiş.
Dəli Alının bacısı oğlu Zeynalabdının toyunda maraqlı bir hadisə baş verir. Uzaqda gedən karvanın sarbanı bərk fikrə gedibmiş. Karvandan yüklü bir dəvə ayrılıb arxada qalıbmış. Həmin dəvənin də üstünə bir qurd gəlirmiş. Zurnaçı nə qədər püfləyirsə zurnanın səsi sarvana çatmır ki, onu fikirdən ayırsın. Qurd az qalıbmış ki, dəvəni haqlasın. Nəcəf dəli bir şikəstə çəkir:

Xabi qəflətdə yatıbsan,
Oyan sarban, dayan sarban!
Karvanı qurda atıbsan
Oyan sarban, dayan sarban!

Aşığın zil səsi sarbanı diksindirib yuxudan ayıldır. Əvvəlcə səs gələn tərəfə, sonra da karvana baxır. Qurd artıq dəvənin üstünə atılıbmış. Bu zaman güllə açılır. Toyda olan Qandal Nağı uzaq məsafədən nişan alıb qurdu vurur. Beləcə, Nəcəfin səsi ilə qaçağın gülləsi karvanı qurddan qurtarır.

Nəcəfin dövrü və baş verən hadisələr

Nəcəf yalnız aşıqlıqla məşğul olmayıb. O, ətrafında baş verən ictimai-siyasi proseslərdən də kənarda qalmayıb. Aşığın yaxın qohumu, yüz yaşında belə gümrahlığını itirməyən Mələk nənə söhbət edirdi ki, hələ 1918-ci il erməni-müsəlman davasında Nəcəf tutulmamışdan qabaq oğlanları Şəmiddin və Şəmistanla birlikdə ermənilərə qarşı igidliklə vuruşurdu. Hətta döyüşlərin birində qolundan da yaralanmışdı. Yarasın daşkəndli Loğman Səfər müalicə edirdi.
Gözəlliyi, boy-buxunu, ölçüyə gəlməz avazı ilə yanaşı Allah Aşıq Nəcəfə qeyri-adi bir istedad da veribmiş. O, başına gələcək əhvalatları əvvəlcədən yuxuda görürmüş. Həyatının sonunun da faciəylə qurtaracağını yuxuda görüb danışırmış. Deyilənlərə görə hələ Əsədlə Aşıq Ələsgərin evində şəyird olduğu günlərin birində gecə yarı oyanıb bir ah çəkib, ağlayır. Aşıq Əsəd də oyanır. Soruşur ki, ay Nəcəf nə olub, niyə ağlayırsan. Onda Nəcəf yuxusunu belə söyləyir:

Aman Allah nə yuxudu görürəm,
Açılacaq nə bəlalar başıma.
Görən kimsəm köç eylədi dünyadan
Töhmət qoydu el-obalar başıma.

Aşıq Nəcəf ermənilər tərəfindən necə tutuldu?

Rus havadarlarının köməyi ilə silahlanaraq Qərbi Azərbaycanda qanlı qırğınlar törədən ermənilər Göyçəni də qan çanağına döndərmişdilər. Ermənilərin aramsız hücumlarından qurtulmaq üçün Aşıq Nəcəf də bütün el-oba kimi əmisi oğlanları Molla Abuzər və Həsənqulu ilə birlikdə Kəlbəcərin İstibulaq kəndinə pənah aparırlar. Bu zaman Göyçənin güney, yəni Gədəbəyə, Qazaxa yaxın kəndləri (Şişqaya, Kəsəmən, Cil, Pəmbək və s.) yerindən tərpənməyibmiş. Kəsəmənli Səməd Ağa, şişqayalı Kor Tanrıverdi (gözləri çəp olduğu üçün belə deyirmişlər. O, həm də Göyçə üzrə Nikolayın «uçastkovısı» işləyirmiş) çalışırmışlar ki, ermənilərlə müsəlmanlar arasında barışıq yaratsınlar. Belə «barışıq qonaqlıqlarının» birində, yəni Zod kəndində Göyçəni talayıb darmadağın edən general Selikovun başını daşkəndli Hacı Rəhim kəsir (Selikov əslən Azərbaycanın Şəki rayonunun Qarabağlı kəndindən olub).

Selikovun ölümündən qabaq Kor Tanrıverdi Aşıq Nəcəfə sifariş göndəribmiş ki, Nəcəf araya barışıq qoyulub, köçünü qaytar Göyçəyə. Aşıq Nəcəf də əmisi oğlanları ilə birlikdə İstibulaqdan Şişqayaya dönəndə ermənilərə əsir düşür. Aşıq Nəcəfin böyük oğlu Şəmiddin, əmisi oğlanları Molla Abuzər və Həsənqulu birtəhər ermənilərin əlindən qurtulub, qaça bilirlər. Selikovun öldürülməsindən sonra daha da quduzlaşan ermənilər Kor Tanırverdini də, Səməd Ağanı da əsir götürürlər. Kəndləri isə oda qalayırlar. 

Bəzi yazarlar səhvən Səməd Ağa, Kor Tanrıverdi və Aşıq Nəcəfin ölümləri arasında hansısa əlaqə axtarırlar. Hətta Aşıq Nəcəfin faciəli ölümünü Səməd Ağayla bağlamağa çalışanlar da var. Ancaq bunlar tamamən yanlışdır. Belə ki, Səməd Ağa Kəvər (indiki Kamo) türməsinə salınmışdı. Tanrıverdini isə öz mehtəri ilə Basarkeçərin köhnə bazarında bir-birlərinə öldürtmüşdülər. Sonradan Səməd Ağanın türmədə bir erməni dığasının ona vurduğu sillədən ürəyi partlayıb ölmüşdü. Bu zaman və bundan çox sonra da Aşıq Nəcəf yaşayırmış və ermənilər öz şənliklərində onu oxudurmuşlar. Elə Nəcəfin o günlərdə yazdığı şeirlər də onun dustaq həyatından xəbər verir:

Əsən yellər bir Allahın eşqinə,
Mənim də ərzimi vətənə yetir.
Ümidim, pənahım, qibləgahımdı
Zülümün daşını atana yetir.

Və yaxud arvadı Gülüstana yazdığı- 

Nəcəfəm, üzünə qapılar bağlı,
Talehi qaranlıq, sinəsi dağlı.
El-oba həsrətli, vətən soraqlı
Mehribanım, şirin canım, hardasan?

Bir məqama da toxunmaq istəyirik. Hələ Aşıq Nəcəf tutulmamış Hacı Rəhim (Selikovun başın kəsən) eşidir ki, Nəcəf köçünü Şişqayaya gətirib, Hacı Kərəmin evinə yığılıblar. Hacı Rəhim oğlu Mehdiylə ona belə bir namə göndərir:

Nəcəf bağlanıbdı o bənd, o bərə
Amandı, əlini elindən üzmə.
Qayıt, Kəlbəcərə aşır köçünü
Allahın adını dilindən üzmə.

Aşıq Nəcəf isə Hacı Rəhimə cavab verir ki, artıq iş-işdən keçib. Qayıtmağa imkan yoxdur. Hacı Rəhimə bir şeir də göndərir:

Hacı günahlarım bağışlanılmaz,
Eldən ayrı saldı fitnə-fel məni.
Qəzanın dəryası göz önündədi
Aparacaq yaman daşqın, sel məni.

Başqa bir kövrək şeirində isə Hacı Rəhimə belə yazır:

Hacı Rəhim, sən Əsədə deginən
Mənim də qeydimə qalsın, ağlasın.
Ağır məclislərdə, söz yığnağında
Hərdənbir yadına salsın ağlasın.

Etiraf edim ki, mən özüm də «Aşıq Nəcəf və Gülüstan» dastanında bəzi səhvlərə yol vermişəm. Belə ki Hacı Rəhim əvəzinə Aşıq Rəhim yazmışam. Bəziləri isə Hacı Rəhimi Kalvayı Rəhim kimi göstəriblər. Faktlar bir daha göstərir ki, şeirlər Hacı Rəhimə yazılıb. Həmən şeirlər Aşıq Nəcəfin yanından qayıdarkən yolda ermənilər tərəfindən vurulan Hacı Rəhimin oğlu Mehdinin cibindən çıxıb.

Tarixdə görünməmiş erməni kəşfləri

Tarixdə çox elmi kəşflər olub. Ancaq sən demə bir kəşf də varmış. Erməni vəhşiliyinin icad etdiyi insan öldürmək kəşfləri. Bu vaxta qədər alman faşistlərinin vəhşiliyindən çox eşitmişdik. Sonradan məlum oldu ki, bunların çoxu sovet ideoloji aparatının uydurduğu yalanlar olub. Xocalı faciəsindən sonra bir daha anladım ki, Yer üzündə erməni vəhşiliyi ilə ölçüyəgələcək ikinci bir dəhşət olmayıb. Həm də ermənilər insanı öldürmək üçün ən ağılasığmaz vəhşi kəşflər ediblər. İnsanın belinə qaynar samovar bağlamaq, körpələri dəmir boruya doldurub ağzını qaynaqlamaq, hamilə qadınların qarnını yırtıb hələ dünyaya gəlməməmiş körpələri süngüyə keçirmək, ölmüş insanın meyidini təhqir etmək və s. İnsanın qanını donduracaq bütün bu vəhşi kəşfləri ermənilər ediblər və yaxşı olardı ki, gözləri kor, qulağı kar olan dünya bu kəşfləri nəhayət ermənilərin adına sənədləşdirəydi.

Uzun əzab və işgəncələrdən sonra daşnaklar Aşıq Nəcəfi Basarkeçərin yaxınlığındakı Çaxırlı kəndinin ərazisindəki Güllü təpəyə gətirirlər. Buradan Aşıq Nəcəfin kəndi Daşkənd də aydın görünürdü. Ömrün sonunun yetişdiyini görən Aşıq Nəcəf üzünü doğma kəndinə tutub yanıqlı-yanıqlı oxuyur:

Könül quşu uç, get vətən elinə,
Mənə o ellərdən bir xəbər gətir.
Yetir əhvalımı nər igidlərə
Qasımı, Ziyadı birtəhər gətir.

Görsən nalə çəkir oğulsuz ana,
Deginən ömürü getdi bəd-fəna.
Qoy düşmən gülləsi dəyməsin mənə
İçməyə vətəndən bir zəhər gətir.

Nəcəf bilmir harda qaldı Gülüstan,
Şəmiddin, Şəmistan, Mikayıl, Asdan.
İsmayıl körpəydi çıxammaz yaddan,
Xudam, sən üzünə xoş səhər gətir.

Nə aşıq Nəcəfi gülləylə öldürdülər, nə də İsmayılın üzünə xoş səhər açıldı. Nəcəfin oğlanları Şəmistanı, Mikayılı, Asdanı və İsmayılı əsir götürüb yaxınlıqdakı «Tüstülü»-Qırxbulaq kəndində bir dama salmışdılar. Onları atın qabağına salıb Aşıq Nəcəfin yanına gətirirdilər. Yolda körpə Asdan və İsmayıl erməni qaniçənlərinin atlarının ayaqları altında qalaraq həlak oldular. Şəmistanla Mikayılı isə gətirərək Aşıq Nəcəfin gözləri qarşısında ayaq-baş diri-diri basdırdılar. Bu dəhşətlərdən ürəyi para-para olan Aşıq Nəsəf yana-yana bu şeiri deyir:

Təzə-təzə göz açmışıq dünyaya,
Nə gün gördük, dövran sürdük, ay oğul.
Şükür qıldıq, bağban olduq, bağ əkdik,
Xəzan vurdu, heç nə dərdik, ay oğul.

Daha sonra üzünü erməni cəlladı Bolyanikə tutub deyir:

Səni də məni də Allah yaradıb,
Gəl baş endir Yaradana Bolyanik.
Vermə mənə bu zülümü, zilləti,
Batmaginən nahaqq qana Bolyanik.

Son anlarında yenə üzünü vətənə sarı tutub nalə çəkir:

Xəbər çatsa, bu halıma
Yaylaqların gülü ağlar.
Gözəllərin, göyçəklərin
Çin-çin olan teli ağlar.

Bolyanikin arvadı da burada olur. Ərindən xahiş edir ki, bu aşığı öldürməsin. Erməni cəlladı naqanını çıxarıb arvadına tuşlayır və içindəki bütün güllələri arvadının ürəyinə boşaldır ki, niyə türk aşığının xahişini edir. Nəcəf görür ki, artıq xilas yolu yoxdur, vaxtı çatıb, üzünü vətənə tutaraq bir bayatı çəkir:

El gəlsin an üstəyəm,
Gedirəm, kan üstəyəm.
Nə çəkilməz dərddi bu-
Yaram yox, can üstəyəm.

Erməni cəlladları aşığın sazın əlindən alıb sındıraraq yanan samovara doldururlar. Daha sonra qaynayan samovarı Aşıq Nəcəfin kürəyinə bağlayırlar. Sonra da aşığı samovar kürəyində qurğuşuna tuturlar. Xalqın böyük sənətkarı o zamana qədər insanlığın belə görmədiyi dəhşətli bir əzabla öldürülür. Bu hadisə erməni faşistlərinin xalqımızın başına gətirdiyi minlərlə faciələrdən yalnız biridir.

Əgər belə bir vəhşiliyi türklər törətsəydilər ermənilər bütün dünyaya car çəkər, türkləri biabır etməkdən ötrü yüz yerdə heykəl qoyar, abidə ucaldar, daha hansı hoqqalar qalmazdı ki, çıxarmasınlar. Təəssüflər olsun ki, faciələrimizdən çox danışsaq da, nədənsə ciddi bir iş görməyə çalışmırıq. Məgər Aşıq Nəcəf kimi böyük bir sənətkarın heykəlini qoymaq, yaxud bu faciəyə bir abidə yaratmaq olmazdımı? Ən azı erməni vəhşiliyini dünyaya göstərmək üçün buna çox ehtiyac var.

M.Ə.SABİR ADINA KİTABXANDA GÖRÜŞ

15142022285549218246_1000x669.jpgBakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə paytaxtdakı M. Ə.Sabir adına Kitabxanın birgə layihəsoi olan “Məşhurlarla görüş”ün növbəti qonağı Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı olub. Dekabrın 21-də M.Ə.Sabir adına Kitabxanada keçirilən tədbir professor M.Qasımlının – poeziyasevərlərə həm də gözəl şeirlər müəllifi kimi yaxşı tanış olan Orxan Paşanın oxucularla görüşü olmaqla yanaşı, həm də bu yaxınlarda işıq üzü görmüş iki kitabının – publisistik yazıları və zəngin həyat təcrübəsindən doğan düşüncələrindən ibarət “Taleyimdən və ürəyimdən keçənlər” və saz üstə köklənmiş şeirlərinin yer aldığı “Saz başına döndüyüm” kitablarının təqdimatına həsr olunmuşdu. Tədbiri giriş sözü ilə M.Ə.Sabir adına Kitabxananın direktoru Gülşən Abbasova açaraq Orxan Paşa – Məhərrəm Qasımlı haqqında ətraflı məlumat verib, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, respublikamızın elmi ictimaiyyətinə görkəmli folklorşünas alim kimi yaxşı tanış olan professor həm də gözəl şairdir, şeirlərini Orxan Paşa imzası ilə yazır və indiyədək onun bədii yaradıcılığının məhsulu olan bir neçə kitabı işıq üzü görüb, şeirləri başqa dillərə də tərcümə olunub.

20 -dən səhifə 25