Ulu Öndərin müdrik siyasəti-uğurlu inkişafa aparan tarixi yol

21jpg-1664440058.jpg

Ulu Öndər Heydər Əliyevin idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri Azərbaycan tarixinin möhtəşəm səhifələrini təşkil edir. Ötən əsrin 70-ci illərindən etibarən, milli ideyanın yüksəlişinin təmin edilməsində böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin məntiqi olaraq Azərbaycan sözün əsl mənasında yeni yüksəliş dövrünü yaşayıb. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi uğurlu siyasətin məntiqi olaraq bütün dünya Azərbaycana tamamilə başqa bir prizmadan baxmağa başladı. Ulu Öndər hələ sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri reallaşdırdı. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açaraq qısa zaman kəsiyində ölkəmiz ittifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, yeni tarixinin əsasının qoyulması labüd idi. Həqiqətən də sovet dönəmində xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi. Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində fundamental uğurlara imza atdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində əvəzsiz rol oynayan Heydər Əliyev ölkəmizi tənəzzüldən milli inkişaf və intibaha doğru apardı. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - deyən xalqımızın Böyük Oğlu Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını və milli dövlətçiliyin konsepsiyasını yaratdı.

Qeyd edək ki, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olan 20 Yanvar 1990-cı ildə xalq böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. Həmin zamanda Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi. Faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Müstəqilliyimizin ilk illərinə nəzər salarkən, baş verən hadisələrin xalqı, bütövlükdə, uçuruma sürüklədiyinin şahidi oluruq. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi Azərbaycan dövlətçiliyinin formalaşması prosesində əhəmiyyətli rol oynadı. YAP yaranandan, Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın rəhbərliyində Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi Dahi Şəxsiyyət dayanırdı. YAP Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan siyasi təşkilata çevrildi. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi və tənəzzülə uğramasının qarşısının alınması, yeni dövrün tələblərinə uyğun tərzdə islahatların həyata keçirilməsi önəmli idi ki, Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyini ifadə edən amillərdən biri də odur ki, 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması ilə milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, "Əsrin Müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".

Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu. "Əsrin Müqaviləsi" sayəsində Azərbaycana birbaşa investisiyalar qoyuldu və ölkəmiz dünya bazarında iqtisadi müttəfiq kimi tanındı. Bununla yanaşı, Azərbaycan beynəlxalq hüquq müstəvisində iqtisadi maraqlarını və iqtisadi hüquqlarını qorumağa başladı. Qeyd edək ki, son illərdə Azərbaycan əldə etdiyi neft gəlirləri sayəsində özünü donor dövlətə çevirməyi bacarıb. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Müasir həyatımızda Azərbaycana olan diqqət Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək, qələbə qazanması tariximizə qələbəmizə həkk etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru aparır. Bu yol Dahi Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri.