WhatsApp Image 2021 02 27 at 01.23.23
 
Vüqar DADAŞOV: 
 
"Müdaxilə etdiyi konfliktlər, işğalçılıq siyasətinin sübutu kimi, həm yerli xalqların gözündə, həm də, dünya dövlətləri üçün, Rusiya Federasiyasını, təhlükə mənbəyi kimi, arzuolunmaz dövlətə çevirib!"
 
"Rusiya öz mövqeyini asanlıqla  təhvil vermir. Sözsüz ki, Rusiyanın dünyada görünən gücü, əsasən, onun postsovet ölkələrindəki mövqeyi ilə ölçülür. Təbii ki, indi Rusiyanı narahat edən ən başlıca məsələ, onun, məhz, postsovet məkanında da mövqeyinin zəifləməsidir." Bu fikir tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşova məxsusdur. O, Prezident Vladimir Putinin postsovet ölkələrində Rusiya Federasiyasının mövqeyi barədə çıxışına münasibət bildirərkən deyib. Bu barədə, araz.az-a da verdiyi açıqlamasında, hüquqşünas fikrini belə əsaslandırıb: "SSRİ dağıldıqdan sonra, Rusiyanın ən güclü mövqeyi Orta Asiya dövlətlərində -- Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda olub. Ancaq son dövrlərdə baş verən əsaslı siyasi proseslər Rusiyanın  bu regiona da təsir imkanlarını azaldıb. Qazaxıstanla Rusiyanın müttəfiqlik səviyyəsində olan münasibəti qarşılıqlı ərazi iddialarının  yüksək səviyyədə səsləndirilməsi ilə,  Qazaxıstan prezidenti Qasım - Jomard Tokayevin Rusiyaya “tarix dərsi” ilə  kəskin şəkildə korlanıb. Təbii ki, bu iki ölkə arasında münasibətin pozulmasına gətirib çıxaran səbəblər var. Qazaxıstanla Rusiyanın münasibətinin indiki vəziyyəti Türkiyənin regionda və o cümlədən, Qazaxıstanda güclənən mövqeyinin nəticəsidir. Postsovet məkanında, Tacikistandan başqa, Orta Asiya dövlətlərinin hamısı  türkdilli xalqlara və türk etnosuna mənsubdur. Bu dövlətlərin rus kiril əlifbasından imtinası, Türkiyə və Azərbaycanla ortaq latın əlifbasına, ortaq türk dilinə keçidin son dərəcədə aktuallaşması və artıq reallaşması astanasında, Rusiyanın Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda və nəhayət Türkmənistanda çoxillik mövqeyinin sovrulmasının göstəricisidir.Türkmənistanla bağlı məsələ isə, olduqca maraqlı görünür. 21 yanvar 2021-ci ildə, Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə, “Sərdar” adlandırdığı yatağın, “Dostluq” adı ilə karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, Rusiyanın maraqlarına böyük zərbədir. Çünki, bunun, İran və Rusiyanın təsiri ilə, illərlə həlli mümkünsüz idi. Bu razılaşma Rusiya dövlətinin Avropa ölkələrinə qarşı “qaz siyasəti”nin neytrallaşdırılması və eləcə də, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün, vacib Cənub Qaz Dəhlizi layihəsi üzrə, TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yardır. Bu isə, Rusiyanın Türkmənistanda da mövqeyini itirməsi deməkdir, elə, buna görə, bu vacib memorandum imzalanıb.Şərqi Avropada yerləşən postsovet respublikalarında -- Moldovada, Ukraynada və Belarusda da Rusiyanın mövqeyi gərgin siyasi və hərbi proseslərlə müşahidə edilir.  Moldovanın yeni seçilmiş prezidenti, Qərb yönümlü Maya Sandu, rusmeylli prezident İqor Dodon üzərində qələbə qazandı. Xanım prezident bu qələbədən az sonra: “Rusiya sülhməramlıları dərhal ölkədən çıxarılmalıdır!” -- Bəyanatını verdi. Rusiya Ukraynanın Krımını və Donbasını işğal edib. Ukrayna Azərbaycanın Qarabağdakı qələbənin təcrübəsini öyrənməyə başlayıb və demək olar ki, bu iki ölkə arasında da, müharibənin yenidən qızışacağı real görünür. Göründüyü kimi, Rusiya artıq Moldovada və Ukraynada hərbi konflikt və real müharibə şəraitindədir. Belarus ilə vəziyyət, 2020-ci ilin prezident seçkilərindən sonra, məhz, Rusiyanın müdaxiləsi hesabına, Aleksandr Lukaşenkonun hakimiyyətdə qalması ilə daha da ağırlaşıb. Rusiya Belarus xalqının seçimini tapdalayaraq, faktiki, Belarusa prezident seçilmiş Svetlana Tixanovskanın hakimiyyətə gəlməsini əngəllədi. Təbii olaraq, Belarus xalqı baş verənlərə və Rusiyanın müdaxiləsinə narazılıqlarını  uzunmüddətli etirazlarda  göstərdi. Rusiyanın hakimiyyət səviyyəsində Belarusda mövqeyi məcburi, iki təcrid olunmuş dövlətin və iki dövlət başçısının sövdələşməsi çərçivəsindədir. 
O ki qaldı Baltikyanı keçmiş üç sovet respublikalarına -- Latviya, Litva və Estoniyaya, bu ölkələrdə rus mövqeyindən söhbət belə gedə bilməz. Çünki hər üç dövlət Avropa İttifaqının və NATO-nun üzvləridir.Rusiyanın Cənubi Qafqazda mövqeyi, digər sadaladığım regionlardan, ilkin baxışda, məqbul görünür.WhatsApp Image 2021 02 27 at 01.24.36 Ancaq real vəziyyət budur ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazandıqdan sonra, Rusiya Cənubi Qafqazdakı lider mövqeyini Türkiyə ilə bölüşməli olub. 2008-ci ildə Rusiya -- Gürcüstan müharibəsində, Rusiya Gürcüstanın Abxaziyasını və Osetiyasını işğal etdikdən sonra, bu iki ölkə arasında  heç bir münasibət mövcud deyil. Digər Cənubi Qafqaz respublikalarında, Azərbaycan və Ermənistanda vəziyyət tam fərli məcradadır Rusiyanın, hərbi müttəfiqlik münasibətində olduğu Ermənistanda da, mövqeyi əsaslı şəkildə laxlayıb. Bu səbəbdən ki, 44 günlük Azərbaycanla müharibədə, Rusiya Ermənistana, birbaşa, açıq canlı qüvvə ilə kömək etmədi, daha doğrusu, siyasi şərait buna imkan vermədi. Bir sözlə, Ermənistan Azərbaycan qarşısında acı məğlubiyyətə uğradı. İndi, biabırçı məğlubiyyətdən sarsılan erməni cəmiyyəti, Rusiyanı xəyanətdə ittiham edir. Rusiya Prezidenti Putinlə, Ermənistanın Baş naziri Paşinyan arasında heç bir insani ünsiyyət belə yoxdur. Qərb yönümlü Paşinyan Azərbaycan qarşısında məğlub olduğu halda, hakimiyyətini saxlaya bilib. Rusiya Ermənistanda rusmeyilli Qarabağ klanının heç bir nümayəndəsini hakimiyyətə gətirə bilmədiyindən, Paşinyanla işbirliyinə getdi və artıq, müəyyən vaxta qədər olsun, Paşinyana hakimiyyətini saxlamaq üçün dəstək verməli oldu. Rusiya ehtiyat edir ki, Paşinyanın əvəzində, daha radikal Qərb yönümlü siyasətçi hakimiyyətə gələ bilər. Nikol Paşinyan ara-sıra Rusiyanın maraqlarına kəskin toxunan açıqlamalar verir, onu nüfuzdan salmaqda davam edir. Ermənistan Baş nazirinin son açıqlaması dünyanı silkələdi, Putini hücuma keçməyə məcbur etdi.  22 fevral 2021-ci il tarixində Nikol Paşinyan ölkə KİV-nə müsahibəsində etiraf etdi ki, bəli, Ermənistan Azərbaycana qarşı Rusiyanın “İsgəndər” raketindən istifadə edib, lakin raketlər partlamayıb. Bu açıqlama ilə, Paşinyan, bir daha, sərt anti-Rusiya mövqeyini göstərərək, Rusiyanın müasir silahlarından biri olan və fəxr etdikləri  “İskəndər”in nüfuzunu yerlə-yeksan etdi. Paşinyanın son çıxışı “İsgəndər”i44 günlük müharibədən sonra dünya bazarında hörmət və nüfuzdan düşmüş, canı çıxmış rus silahının qəbrinə baş daşına çevirdi. An keçmədən, Rusiya Paşinyanı cəzalandırmaq fikrinə düşərək, Ermənistanı qarışdırdı və hətta, dövlət çevrilişinə cəhd etdi. Ancaq Paşinyan və onun tərəfdarları Rusiyanın təzyiqlərini dəf etdi, erməni cəmiyyəti Paşinyana dəstəyini göstərdi. Konkret desək, Ermənistanda Paşinyana təzyiqlərin nəticəsindən asılı olmayaraq,  Rusiyanın bu ölkədə nüfuzu sürətlə azalmaqda davam edir.Rusiyanın Ermənistanda mövqeyinin olduqca zəifləməsinin bir görüntüsü də odur ki, Rusiya Qarabağın özünə, daha doğrusu, Qarabağda separatçı ermənilərə “stavka” edir, orada separatçıların əli ilə “rus dili” ssenarisini işə salıb. Bu isə onu göstərir ki, Rusiya Ermənistana hal-hazırda etibar etmir, orada mövqeyi olduqca zəifdir və haçansa, Ermənistanı itirə biləcəyi ehtimalı görünür.
Azərbaycanda, sözsüz ki, Rusiyanın müəyyən mövqeyi var. Ancaq bu mövqeyin duruşu mümkünsüz görünür. Rusiya 2020-ci ilin noyabr ayının 9-da müəmmalı rus vertolyotunun vurulması bəhanəsi ilə, şantaj və təzyiqlə Azərbaycana öz ordusunu yeridərək, Ermənistan üzərində Azərbaycanın qələbəsinin tamamlanmasına imkan vermədi. Təbii ki, Azərbaycanın yüksək dövlət rəsmiləri bu məsələyə münasibət bildirilməsə də, bütün xalqımız Rusiyanın dövlətimizə qarşı ənənəvi işğalçılıq, hökmranlıq siyasətini davam etdirməsindən xəbərdardır.  Rusiyanın öz ordusunu, sülhməramlı adı ilə, Azərbaycana, Qarabağa yeritməsi, ilkin baxışda, onun uğuru sayıla bilər. Ancaq rus sülhməramlılarının Qarabağa yerləşdirilməsində də, Azərbaycan çox vacib qazanclarını əldə etdi, dünyanın, daha doğrusu, xristian dünyasının Azərbaycana basqısını neytrallaşdıra bildi. Qarabağla bağlı ən pis mümkün variantların Azərbaycana qarşı tətbiq edilməsi real göründüyü halda, əhəmiyyətini itirmiş oldu. 
Paralel olaraq, Türkiyənin rəsmən Azərbaycanda, yəni, Rusiyanın “arxa baxçası” saydığı Cənubi Qafqazda oturuşdu. Rusiya Qafqazda Türkiyənin mövcudluğunu qəbul etdi. 44 günlük müharibədə rus hərb elminin, hərb sənayesinin yararsızlığı, Rusiyanın Azərbaycanda mövqeyinin güclənməsi yox, hərbi nüfuzunun sıfra enməsi deməkdir. Digər tərəfdən, Azərbaycanda yüksək hakimiyyət postlarında təmsil olunan rusmeyilli məmurların və hərbçilərin vəzifədən uzaqlaşdırılması, 44 günlük müharibə ərəfəsində və sonradan da, bu prosesin davam etdirilməsi, Rusiyanın Azərbaycanda siyasi-ideoloji təsirini zərərsizləşdirib. Bir mənalı şəkildə demək olar ki, müdaxilə etdiyi konfliktlər, işğalçılıq siyasətinin sübutu kimi, həm yerli xalqların gözündə, həm də, dünya dövlətləri üçün, Rusiyanı, təhlükə mənbəyi kimi, arzuolunmaz dövlətə çevirib.Bu ilin fevral ayının 14-də Rusiya Prezidenti Vladimir Putin, bu ölkə mediasının redaktorları ilə görüşündə: “Rusiyanın postsovet məkanında artan təsiri narahatlıq doğurur, ölkənin əleyhdarları dünyada gərginliyin azaldılması barədə, danışıqlar çərçivəsində Rusiyanı iddialı və hakimiyyətə həsrət qalan insanlardan istifadə edərək, MDB məkanından çıxarmağa çalışacaqlar. Postsovet məkanındakı təsirimiz, nə qədər olsa da, artır. Bütün çətinliklərə baxmayaraq! Axı, ittifaqı (Sovet İttifaqı --red.) dağıdanda, sonrakı bütün nəticələri ilə, müstəqil dövlətlərin qurulmasını anlamalı idilər. Ancaq, buna baxmayaraq, son illərdə burada təsir gücümüz artmaqdadır. Həm də, bu, narahatlığa səbəb olur!” -- deyə, bir fikir səsləndirdi. Putinin bu açıqlaması onu göstərdi ki, həqiqətən, Rusiyanı narahat edən ən başlıca məsələ, onun məhz postsovet məkanında da mövqeyinin zəifləməsidir. Ona görə ki, Rusiyanın dünyada müasir gücünün bazası, məhz, postsovet ölkələrindəki mövqeyidir. Putinin, həqiqətə uyğun olmayan açıq-aşkar belə bir açıqlaması, onun vəziyyətinin ağırlığının göstəricisidir. Bu mövqeyin zəifləməsi, həm də onu göstərir ki, Putin siyasi nüfuzunu itirib, Rusiya üçün geriyə sayım sürətlənib. Rusların belə bir atalar məsəli var: “Kimin nəyi ağrıyırsa, elə, ondan da danışar.”  Odur ki, Putinin bu açıqlaması, öz atalar məsəlinə uyğun olaraq, açıq-aydın ağrı yerini ac nümayiş etdirir".
 
araz.az xəbər portalı.