"Belə tərbiyəsizlərın layiqli cəzalarını almalarının tərəfdarıyam. Əminəm ki, bu mütləq olacaq və onlar tezliklə qanun qarşısında cavab verəcəklər!" -- ASİF SAVALANOV

IMG 20220823 032810 183Milli Məclisin sədr müavini Adil Əliyevə dəstək verən iş adamı da, ona qarşı olanın, onu təhqir edənin layiqli cavabını verdi

          "Yəqin siz də yaxşı bilir və hər addımda buna şahidlik edirsiniz ki, son vaxtlar sosial şəbəkələr bizim üçün bəla dolu bir problemə çevrilib. Hətta “Facebook”, “Youtube”, "Tik-tok",.. kimi nüfuzlu və böyük platformalarda belə xaosun, anarxiyanın hökm sürdüyünü, əsl biabırçılığın olduğunu danmaq mümkün deyil. Ən dəhşətlisi odur ki, doğma Azərbaycanımızı sevən, xalqımızın mənafeyi naminə əllərindən gələni edən, yüksək nüfuz, hörmət-rəğbət sahibi kimi özlərini tanıdan ləyaqətli Vətən övladları belə sosial şəbəkələrdə hədəfə alınır, yeri gəldi-gəlmədi aşağılanır, təhqir olunurlar. Özlərinə bu şəbəkələrdə yer edənlər, konkret desək, söyüşçül bir kütlədə birləşənlər hədlərini o qədər aşıblar ki, hətta tanınmış ziyalıların, ağsaqqal-ağbirçəklərin məsləhətləri belə onlar üçün heç nəyə çevrilib.
          Avropada bloger kimi məskunlaşan həmyerlilərimizin bu yöndən etdikləri iyrəncliklər göz qabağındadır və dediklərimizin daha bir sübutudur. Onlar, sanki öz xalqımızı öz Vətənimiz əleyhinə qaldırmağa kökləniblər və bunun üçün, hətta ağızlarına gələni deməkdən, ardı-arası kəsilməz iyrəncliklər törətməkdən belə utanıb, çəkinmirlər. Bütün bunlarla bağlı, mövcud hakimiyyət səviyyəsində çoxdan ciddi təcili tədbirlər görülməliydi, daha doğrusu, bu vacib idi. Əks halda, tutulan bu yolun sonunun heç də yaxşı görünmədiyni hamı yaxşı bilirdi. Buna baxmayaraq, vacib olan heç nə edilmədi.  Elə, buna görə də, bu adamlar bütün milli dəyərləri tapdalayıb, hər şeyə tüpürürlər", -- deyə, bu ciddi məsələdən doğan hədsiz etirazını, araz.az-ın əməkdaşları olaraq, bizimlə görüşündə, tanınmış iş adamı Asif Savalanov da ortaya qoydu.
       Bizimlə söhbət zamanı, o, bu ciddi məsələyə media vasitəsi ilə çoxdan münasibət bildirmək istəyində olduğunu açıqladı. Lakin dünyanın bəlasına çevrilən COVİD-19  pandemiyasının ölkəmizə bütün sahələrdə hərtərəfli vurduğu ciddi ziyanın onun biznesindən də yan keçməyən fəsadlarının yaratdığı ortadakı problemlərinin aradan qaldırılması ilə məşğul olduğu üçün, buna vaxt imkanı tapmadığını bildirdi. Onu da xüsusi olaraq vurğuladı ki, Milli Məclisin sədr müavini Adil Əliyev təhqir olunandan sonra isə, buna dözməyib. Çünki onu yaxından tanıdığından, millət vəkili, vitse-spiker olanda, atdığı humanist addımlarına və nəcib əməllərinə, Vətənin mənafeyi naminə gördüyü böyük işlərə hər vaxt şahidlik etdiyindən, onun haqqında yalandan deyilənlərə heç cür haqq qazandıra və dözə bilməyib. 
         "Mən iş adamıyam və öz ölkəmdə istədiyimi əldə edə bilirəm. Öz işimdə nail olduqlarıma görə Ulu Öndərimizə və onun layiqli varisi, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına minnətdaram. Xüsusi olan bu minnətdarlıq həm də ona görədir ki, onların rəhbərlik etdikləri gözəl dövlətimiz var! Böyük Allaha, Ulu Tanrıya min şükürlər ki, ən azından üstümüzə bombalar yağmır, Qarabağımızı uzun zaman əsarətində saxlayan qəddar düşmən belə artıq öz layiqli payını alıb.
          Bütün bunlara baxmayaraq, sosial şəbəkələrdə söyüşçül bir kütlə formalaşıb. Bu söyüşçül kütlədə birləşənlər hədlərini o qədər aşıblar ki, hətta qüsursuz işləyən nazir və məmurlarımızı belə hədəfə alırlar. Ən acınacaqlısı odur ki, vəzifə sahiblərini qanunlarımızın tələbələri çərçivəsində nədə suçladıqları belə sonadək məlum olmur. Bir sözlə, nazir, məmur, deputat, ziyalı... demədən hər kəsi təhqir edib, aşağılayırlar. Bunu edənlərin, demək olar ki, əksəriyyəti təhsilsiz, işsiz, cahil insanlardır. Bir çoxu Avropada məskunlaşan bu blogerlər, sanki kimlərinsə göstərişləri ilə, xalqı hökumət əleyhinə qaldırmaq istəyirlər. Qəti şəkildə bir daha deyirəm ki, bununla bağlı dövlət səviyyəsində vaxtında təcili tədbirlər görülməliydi. Əks halda, bu yolun sonunun heç də yaxşı olmayacağı və belə bir iyrəncliyin hər kəsin qarşısına çıxa biləcəyi çoxdan açıq-aydın görünürdü.
        Elə, Adil Əliyev də, sosial şəbəkələrdə şər, böhtan, şantaj və yalanlarla belə təhqir olunanlardan biri oldu. Dövlətin məmur postundakı yüksək vəzifə sahibləri olan layiqli Vətən övladları kimi, onun da əleyhinə yalan materiallar paylaşıldı. Cəmiyyət də bunu, ona qarşı olanlar tərəfindən düşünülmüş yaxşı bir metod kimi qəbul etmədi. Ən azından ona görə ki, ictimaiyyət arasında Adil Əliyevi, mənim kimi, Vətənin layiqli övladı olaraq qəbul edənlər çoxluq təşkil edir. Və mənim kimi, əksəriyyət də belə hesab edir ki, sanki bununla, həm də bizim hamımız təhqir olunuruq. Məhz bu səbəbdən, hər yerdə qəti şəkildə onu deyirik ki, belə əxlaqsıza güc verənlərin özləri də əxlaqsızdır! Və onlar da, bununla öz tərbiyələrini göstərirlər.
         Bu yerdə, Adil Əliyevin özünün mediaya açıqlamasındakı bəzi məqamları xüsusi vurğulamaqla, ortaya qoymaq kifayətdir: "Mən deputat olanda anamı, vitse-spiker olandan sonra isə, həyat yoldaşımı təhqir edirlər. Həyat yoldaşımı dostumla bir yataqda tutduğumu deyirlər... Bir sözlə, sosial şəbəkələrdə xaos, anarxiya hökm sürür.  Dostlarımdan, qohumlarımdan xahiş edirəm, mənim haqqımda videolar yayılanda izləmsinlər...  
      ...Nankor olmaq lazım deyil. Biz il boyu qanun layihələri hazırlayıb, gecə-gündüz demədən xalq üçün çalışırıq. Bu söyüşçüllərin bir məqsədi var: Parlamentin işinə xələl gətirmək! Vəssalam!..
      ...Xaricdə məskunlaşan, eyni zamanda xüsusi kəşfiyyat orqanlarının, mənfur, məlum istiqamətləndiricilərin əlində alət olan “söyüş müxalifəti” yenə öz ampluasındadır. Dayanmırlar, usanmırlar, günü-gündən daha da azğınlaşırlar, kəskinləşirlər, dezinformasiya siyasətlərini şaxələndirirlər, yuxuda gördüklərini həqiqət kimi ictimai rəyə sırımağa, insanlar arasında fikir ayrılığı yaratmağa çalışırlar. Amma məqsədlərinə nail ola bilirlərmi? Arzuladıqları alınırmı? Alınmır!! Mənim üçün onların sözləri murdar küçə itlərinin aciz hürüşü kimi bir şeydir. Çünki namərdlik, aşağılıq, ikiüzlülük, satqınlıq, nankorluq bunların alınlarına yazılıb. Hətta ara-sıra mədəni cümlə qurmaq istəyənlərin də maskası qısa müddət ərzində tezcə cırılır, əsl sima peyda olur, gerçək üzə çıxır. Gerçək də odur ki, bu yaramazlara, anaları evdə nə öyrədib, bunlar da cəmiyyət içində onu danışırlar...
       ...Plintus hündürlüyündə belə olmayan həmin vətən xainləri, təbii ki, müəyyən arxayınlıq, isti qucaq, böyük paralar müqabilində belə davranırlar. Heç şübhəsiz, onları danışdıran səbəb də xalq və millət sevgisi deyil. Onları danışdıran səbəb “verbovka” olduqları zaman üzərlərinə götürdükləri öhdəliklərdir, özlərini xarici hərraclarda 5 qəpik qiymətinə satışa çıxarmalarıdır, yarımçıqlıq, natamamlıq kompleksidir, Azərbaycanı sevməyən qüvvələrin əlində əsir-yesir qalmalarıdır. Hə, bir də “5-ci kolon”un yaramaz ünsürlərindən aldıqları əlavə güc və stimuldur! “5-ci kolon” mövzusunu isə, təsadüfən açmadım. Çünki hakimiyyətdəki postundan əlləri əsə-əsə, gövdələri səndələyə-səndələyə gedənlər hələ də qara ambisiyalarının ardınca sürünməkdədirlər. İməkləyə-iməkləyə qalıblar. Gedib evdə nəvələri, nəticələri ilə oynamaq əvəzinə, siyasətdə mənfur oyunlarına davam etdirirlər. Hikkələrini soyuda bilmirlər. İlana zəhər verən kərtənkələ obrazlarından əl çəkmirlər. Həmin haqqında danışdığım “söyüş müxalifəti” ilə əlbirlik nümayiş etdirirlər, dövlətin sütunlarını zədələməyə çalışırlar, bütün ləyaqətli insanlara qarşı cəbhə açırlar. Belələrinə qarşı susqun qalmaq olmaz. Hədəfə alınsaq da, yüz cür psixoloji təqiblərlə üzbəüz qalsaq da, videolarda, yazılarda, bloqlarda, statuslarda təhqir olunsaq da, yenə susqun qalmaz olmaz. Bir addım belə geri çəkilməməliyik. Bizi mənəvi aşınmaya məruz qoymaq istəyənlərin cavabını özümüzə, adımıza layiq şəkildə, peşəkarcasına, müdrikcəsinə verməliyik. Problem o zaman olar ki, həmin siyasi mürdəşirlər, namərdlər bizi tərifləsinlər, haqqımızda xoş söz söyləsinlər. Tənqid edirlərsə, üzərimizə gəlirlərsə, deməli, düz yoldayıq, dövlətin yanındayıq, alnımız açıq və vicdanımız təmizdir. Məncə, Azərbaycan məhkəmələri səsli-küylü proseslərə indidən hazırlaşsınlar. Çünki xaricdəki vətən xainlərinin “5-ci kolon”un aparıcı üzvləri ilə bərabər ədalət mühakiməsi qarşısında dayanacaqları gün uzaqda deyil”.
      Doğrudan da, hər şey Adil Əliyevin bu açıqlamasındakı kimidir. Ölkəmizi müxtəlif təxribatlara çəkmək üçün, ayrı-ayrı siyasi mərkəzlərdən ciddi göstərişlər var. Onların çoxu çalışır ki, bizi öz tərəflərində, öz səngərlərində görsünlər". 
        Söhbətimizin bu yerində, iş adamı açıqlamasına onu da əlavə etdi ki, bu millətin övladı olaraq, o, belə biabırçılıqlara heç vaxt dözə bilməyib: "Bir iş adamı olaraq, uzun müddətdir ki, gecə-gündüz olan bütün çalışmalarım, hər hansı bir cinayətə, korrupsiyaya yuvarlanmadan, şəffaflıqla bu millətin mənafeyi istiqamətində olub. Bunu ona görə deyirəm ki, bu ciddi məsələ ilə bağlı söylədiyim fikirlərimə görə, məni də, harasa bağlamasınlar. Vicdan çərçivəsində bu mövqedən fikir söyləyirəm. Kimisə harasa bağlamaqdansa, yüzlərlə müsbət reaksiyaları önə çəkmək lazımdır. 
        Bu ciddi məsələdir və bununla bağlı Adil Əliyevin özünün də dedikləri ilə tam razıyam. Onlar bütün məqbul sərhədləri keçiblər. Bu danılmaz bir həqiqətdir ki, artıq, güzəşt yeri də qalmayıb. Hərəkətləri heç bir çərçivəyə -- nə müxalifətçiliyə, nə tənqidə, nə də insanlığa sığır. Onların -- ölkəmizə düşmən ölkələr agenturalarının ayrı-ayrı təmsilçilərinin, yaxud bir neçə nəfər cahilin təhqirinə, elə təhqir ortaya atılan anında yüzlərlə, minlərlə insan, çox vaxt Azərbaycan xalqı cavab verir. Hesab edirəm, bu cavablar kifayət deyil. Təhqir etməklə, tərbiyələrini göstərənlər mütləq öz layiqli cəzalarını almalıdırlar. Mən də, Adil Əliyevin dediyi kimi, bütün hüquqi vasitələrdən istifadə etməklə, onların məhkəmə qarşısında cavab vermələrinin tərəfdarıyam".
         Bizimlə söhbətinin sonunda Asif Savalanov onu da qeyd etdi ki, bir vaxtlar Heydər Əliyevin və İlham Əliyevin seçki kampaniyalarında yaxından iştirak etdiyinə görə, o da belələrinin, onlara qulluq edən media vasitələrinin yersiz təzyiq yazıları ilə üzləşib. Lakin buna fikir verməyib və hər yerdə səbr və öz əqidəsinə sadiqlik nümayiş etdirib. Elə, Adil Əliyevə də, səbrli və güclü olmağı arzu edib: "Xaricdə məskunlaşan, eyni zamanda, xüsusi kəşfiyyat orqanlarının, mənfur düşmən obrazlı məlum istiqamətləndiricilərin əlində alət olan “söyüş müxalifəti” yenə öz ampluasındadır. Dayanmırlar, susmurlar, etdiklərindən usanmırlar, getdikcə daha da azğınlaşırlar, kəskinləşirlər. Çünki namərdlik, aşağılıq, ikiüzlülük, satqınlıq, nankorluq bunların alınlarına yazılıb. Elə, insanlığa yaraşmayan, vicdan çərçivəsinə sığmayan bu xüsusiyyətlərinə görədir ki, bu yaramazlar, cəmiyyət içində də, onların beyinlərinə sırıdılan yalanları danışırlar.IMG 20220823 033014 026
         Məhz bunlara görə, məsləhət görürəm ki, "aclıqdan ağızları qoxub, ilənənlərin" yersiz rəylərinə fikir verməsin Adil müəllim! Ataların bir misalı var: "İt hürər, karvan keçər"! Fikir verməsin bunlara, hürüb-hürüb susacaqlar! Bir də ki, bu dünyada hərənin öz missiyası var. Yalana, şərə, böhtana, iftiraya, təxribat xarakterli çıxışlara qarşı dayanmaq da, xüsusi bir missiyadır!”.

Malik MİRZƏ,
Rüfət RƏHMANOĞLU,
araz.az xəbər portalının xüsusi müxbirləri.

Əlaqəli xəbərlər