"Tender komissiyasının üzvü olmuşam, amma fəaliyyətim olmayıb"

vuqar55

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxsləri - Vüqar Səfərli, Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Xəlilova, Namiq Hacıyev və Şahin İmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

araz.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sayad Vəliyeva dindirilib.

O bildirib ki, "Starloqistik" şirkətində rəhbəri olub: "Atam 2018-ci ildə şirkəti təsis edib. Dəftərxana malları satırdıq. Şirkətin direktoru atamın sürücüsü Çingiz Həsənov idi. 2019-cu ildə atam Çingizi işdən çıxardı. Bu səbəbdən məni direktor təyin etdilər. Vüqar Səfərlini tanımıram, mən direktor olandan sonra hər hansı alqı-satqı olmayıb. Atam rəhmətə getdi, 2020-ci ildə şirkət fəaliyyətini dayandırdı. Atamın hansı şirkətlərlə çalışdığından xəbərim yoxdur".

Şahid Mirsəid Ağayev isə bildirilib ki, Vüqar Səfərlinin işçisi olub, fondda informasiya texnologiyaları üzrə mütəxəssis kimi çalışıb: "Fondda texniki işlərlə məşğul olmuşam, çəkilişlər etmişəm. Tədbirlərin keçirilməsində texniki işlərə baxırdım. Tender komissiyasının üzvü olmuşam, amma fəaliyyətim olmayıb. Fonda avadanlıq alanda mən baxırdım. Tenderlə bağlı saytda və qəzetlərdə elan verirdik".

Şahid vəkillərin suallarına cavab olaraq deyib ki, Vüqar Səfərli ona heç bir qanunsuz tapşırıq verməyib.

Daha sonra prosesdə KİVDF-də aparıcı məsləhətçi kimi çalışmış Samir Mustafayev ifadə verib. Şahid qeyd edib ki, fondda rəsmi yazışmalar, hesabatlar, tədbirlərin təşkili və qurumun mətbuat xidməti funksiyalarını həyata keçirib: "Vüqar müəllim rəhbərimiz olub, Nadir müəllimi də qiyabi tanıyıram. 2014-cü ildən fondda çalışıram. İstintaqda verdiyim ifadələri təsdiq edirəm. İstintaqda mənə Hesablama Palatasının yoxlama ilə bağlı hazırladığı rəylə bağlı suallar veriblər. Mən də təsdiqləmişəm".

S. Mustafayev fondun restoranlarda təşkil etdiyi tədbirlərdən danışıb. Şahid bildirib ki, siyahıların hazırlanmasında Vüqar Səfərli ilə birlikdə o da iştirak edib: "Siyahılarda 250 nəfərə qədər adam olundu. Restoranda 250 nəfərlik yer açılırdı. Lakin 450 nəfəri mən görməmişəm. Saymaq da mümkün deyildi. Onu deyə bilərəm ki, tədbirə dəvət olunan adamdan daha çox gəlirdi. Jurnalistlər var idi, siyahıda adı olmurdu, lakin tədbirə gəlirdi. Heç kimi də geri qaytarmaq olmurdu".

Şahid onu da qeyd edib ki, fondun rəhbəri Vüqar Səfərli olsa da, bilavasitə rəhbərliyi Prezident Administrasiyasının sabiq ictimai-siyasi şöbəsinin müdiri həyata keçirib: “Fondda həm də Müşahidə Şurası var idi. Düzünü deyim ki, Müşahidə Şurasının iclaslarında məsələlər əvvəlcədən razılaşdırılırdı. Sadəcə, iclasda müzakirəyə çıxarıldı, qəbul edilirdi. 2017-ci ilə qədər fondda tender komissiyası yox idi. Tələb qoyulandan sonra bu komissiyanı formalaşdırdıq. 5 nəfərlik tərkib seçildi. Onlardan biri də mən idim. İclaslarda demişdim ki, tenderi elə keçirək ki, gələcəkdə indi düşdüyümüz vəziyyətə düşməyək. Biz tender qanunvericiliyinə əsasən, KİV-də və öz saytımızda elan verirdik. Tenderlə bağlı bütün lazımı işlər görülüb. Elə bir tender yox idi ki, kağız üzərində yazılsın, lakin həyata keçirilməsin. Amma tenderlərlə bağlı iclaslar keçirilsə də, orada təkliflərlə bağlı zərflərə baxılmayıb, ümumi danışılıb. Qalan məsələlərdən xəbərim yox idi".

Şahid ifadəsini növbəti prosesdə davam etdirəcək.

Növbəti proses noyabrın 25-nə təyin olunub.

Qeyd edək ki aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər