Bəhruz Məhərrəmov: "Deputata zəng edənlərin 99 faizi çarəsiz adamlardır"

behruzmeherremov

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov müsahibə verib.


araz.az  həmin müsahibəni təqdim edir:


-Bəhruz müəllim, bu günə qədər rastlaşdığım yeganə müsahibsiniz ki, təyin edilən görüşə zamanında gəlirsiniz. Deməli vaxt Sizin üçün xüsusi önəm kəsb edir?

-Dəqiqlik adamın özü ilə bağlı olan məqamdır. Düzdür, insan bəzən təyin etdiyi yerə həmin zaman ərzində gəlməyə bilir. Bu da əksər hallarda, xüsusilə Bakı şəhərində tıxaclarla bağlı olur. Ancaq mümkün qədər insanları gözlətməməyə çalışıram. Eyni zamanda insanları vaxt baxımından narahat etməməyi, deyilən vaxtda mənzil başında olmağı üstün tuturam. Kimisə incitməmək, narazı salmamaq çox vacibdir.

-Bəhruz Məhərrəmov deputat seçildikdən sonra öz həyatında nələri dəyişdi, nələri korrektə etdi?

-Deputat seçiləndən sonra öz sevimli işimdən, vəkillikdən bir az uzaq düşdüm. Əslində deputatlıq da hansısa formada vəkillikdir, millətin vəkilliyidir. Ancaq təbii ki, peşəkar vəkillik və millət vəkillilik tamam başqa istiqamətlərdir. Deputat seçiləndən sonra ailəmi, dost çevrəımi az görməyə başlamışam. Təbii ki, buna görə incikliklər də var. Bəzən elə düşünürlər ki, kimsə deputat seçildi və ona görə dəyişdi. Bəlkə mən də nə zamansa belə fikirlərə düşmüşəm. Ancaq indi başa düşürəm ki, o zaman yalnış fikirləşmişəm. Sadəcə vaxt, imkan yoxdur. Sizinlə görüşə qədər bir jurnlaist həmkarınızla görüşmüşəm. Sizinlə görüşdən sonra isə dövlət televiziyasına getməliyəm. Media bzim işimizin bir hissəsidir. Biz millət vəkili olaraq biz dövlətimizin haqq səsinin dünyaya çatdırılması, onun maraqlarının müdafiə edilməsi ilə məşğul olmalıyıq.  Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, deputat seçiləndən sonra ən çox dəyişən özümə, yaxınlarıma, dostlarıma vaxt ayıra bilməməyim oldu. Ancaq ümumilikdə bu fəaliyyət bizə bir az cəmiyyətə, idarəçiliyə fəqli baxışdan yanaşmağa kömək etdi. Bir sözlə dəyişən çox şey var. Ancaq mən düşünmürəm ki, xüsusi həyati əhəmiyyətli dəyişikliklər baş verib.

-Seçiciləri deputat Bəhruz Məhərrəmovu günün istənilən vaxtı narahat edə, ona zəng edərək problemini çatdıra bilirmi?

-Seçicilərin mənimlə əlaqə yaratması problem deyil. Həftənin bir günü bizim seçicilərlə canlı formada qəbul günümüzdür. Həftənin 3 günü telefon vasitəsilə müraciət qəbul olunur. Sutkanın 24 saatı boyunca isə internet üzərindən seçici bizə hər hansı bir məsələ ilə bağlı yaza bilir. Hər yazılan müraciət də avtomatik olaraq cavablandırılır, qeydə alınır. Bir sözlə seçicinin mənə çıxması, istəyini, şikayətini mənə çatdırması problem deyil. Təbii ki, edilən zənglərə cavab verə bilməyəcəyim vaxtlar da olur. Bu da müəyyən görüşlər, parlament iclasları və s. toplantılarla bağlı ola bilir. Düzdür, zaman-zaman bəzi iradlara da rast gəlirik. Məsələn, bu günlərdə sosial şəbəkədə belə bir irada rast gəldim. Bildirilirdi ki, deputat mənimlə maraqlanmayıb. Onu da nəzərə almaq lazımdır ki, deputat 105 min insanla tək-tək maraqlana bilmir. Deputat ictimai məsələlərlə maraqlana bilər. Həmçinin deputat o zaman ittiham edilə bilər ki, müraciət olunub, lakin müraciətinə baxılmayıb. İstərdim ki, deputat səlahiyyətlərinə aid olan məsələlərlə bağlı daha çox müraciət alım. Ancaq daha çox kənd icra nümayəndəsi, bələdiyyə, rayondakı elektrik enerjisi, təbii qaz və suyun verilməsi ilə məşğul olan müvafiq idarələrə edilməli olan müraciətlər alırıq. Vətəndaş həmin müraciətləri əslində adlarını çəkdiklərim orqana da verə bilər. Əgər vətəndaşın müraciətinə baxılmaz və ya saymazyana yanaşılarsa, həmin müraciəti ən yuxarı səviyyədə qaldırmağa hər an hazıram. Ancaq bəzən vətəndaşın həmin şikayətini müvafiq yerli orqana ünvanlayanda həmin orqan da haqlı olaraq vətəndaşın onlara həmin məsələ ilə bağlı müraciət etmədiyini bildirir. İstəyirəm ki, belə bir yanaşma formalaşdıraq. Onu da deyim ki, tədricən buna nail də oluruq. Çünki 1 il bundan əvvəlki vəziyyətlə indiki vəziyyət eyni deyil.

-Belə situasiya, deputata aid olmayan müraciətlər Sizi bezdirirmi və bir anlıq da olsa deyirsizmi, gərək deputat olmazdım

-Əvvəla onu qeyd edim ki, deputatlıq xidmət üçün çox yaxşı şansdır. Əgər qanında, canında milli deyilən bir şey varsa, xalqına, millətinə xidmət etmək üçün deputatlıq çox yaxşı şans sayıla bilər. Onu da qeyd etmək lazımdır ki, müraciət edənlər, deputata zəng edənlərin 99 faizi çarəsiz adamlardır. Hara əl atacaqlarını bilmirlər. Bu mənada hər kəsə anlayışla yanaşırıq. Bəzən olur ki, eyni məsələlər barədə 100 dəfə danışırıq. Məsələn, çox vaxt vətəndaş əlillik dərəcəsinin verilməməsindən şikayətlənir. Buna görə dəfələrlə müvafiq qurumlara, eyni zamanda bizə müraciət edir. Həmin müraciət araşdırılıb öz həllini tapmayanda isə əlillik dərəcəsini verməyən orqan kənarda qalır, əvəzində bizdən narazılıq yaranır. Bu kimi problemlər də var. Ancaq istənilən halda bizim cəmiyyətimiz, nazirimiz, polisimiz, deputatımız, hamımız bir mayadanıq, xəmirimiz bir yoğrulub, mənfi və müsbətimizlə bir-birimizi qəbul etməliyik və buna da borcluyuq.

-Biz bir qayda olaraq Bəhruz Məhərrəmovu vətəndaşın əkin sahəsində də görürük, fermer təsərrüfatında da. Bu torpağa bağlılıqla əlaqədardır, yoxsa seçiciyə daha yaxın olmaq istəyirsiniz?

-Biz seçicinin ayrıca qəbulunu keçirməklə yanaşı, çalışırıq ki, həm də seçinin ayağına gedək. Bu mənim devizimdir. Əkin, yaxud biçin zamanı kəndlini, seçicini işindən ayırıb qəbula gətirmək doğru deyil. Deyək ki, Biləsuvarın hansısa kəndində vətəndaş güc-bəla ilə su tapır ki, əkin sahəsini suvarsın, həmin gün də mənim qəbul günüm olur. Həmin vətəndaşın işini atıb qəbula gəlməsi ədalətli olmaz axı. Ona görə çalışıram ki, kəndləri özüm gəzim. Hər dəfə 2 kənddə oluram, həmin kəndlərin əkin və orüş sahələrindəki vəziyyətlə maraqlanıram. Ona görə də seçici ilə yerində görüşmək istəyirəm. Digər tərəfdən özüm də kifayət qədər torpağa bağlı adamam. Kənd adamı olduğum üçün kəndlini daha yaxşı başa düşürəm.

-Səhv etmirəmsə sürücünüz yoxdur və avtomobili özünüz idarə edirsiniz

-Bəli, sürücüm yoxdur və düşünmürəm ki, sürücüyə ehtiyac var.

-Maddi imkansızlıqla bağlı sürücü götürmürsünüz, yoxsa avtomobil idarə etməyə həvəsiniz var?

-Elə deməzdim. Sürücü götürməyə ən azından maddi vəziyyətimiz imkan verə bilər. Sadəcə parlament seçkilərindən sonra avtomobilimi özüm idarə etməyə üstünlük vermişəm. Bir sözlə sürücünün olub-olmaması mənim üçün prinsipial məsələ deyil.

-Yəqin avtomobili idarə edərkən musiqi dinləyirsiniz. Musiqi duyumunuz necədir?

-Düşünmürəm ki, musiqi duyumum yaxşıdır. Ancaq adətən musiqi dinləyirəm. Hər kəsin mütəmadi sevdiyi, gündəlik dinlədiyi musiqilərə mən gec alışıram. Hər kəs bir musiqini dinləyib, belə demək mümkünsə ondan doyandan sonra mən həmin musiqiyə alışmağa başlayıram. Gün ərzində mən daha çox mütaliəni sevirəm və imkan tapdıqca mütaliə edirəm.

-Sirr deyilsə bilmək olar sonuncu oxuduğunuz kitab hansı olub?

-Əlbəttə. Hazırda Jan Kiverin "Xacə şah" əsərini oxuyuram. Düzdür, həmin əsəri illər əvvəl də oxumuşam. Ancaq indi oxuduğumda bir az başqa tərəfləri də gördüm.

-Bəs, yerli yazarlardan kimləri oxuyursunuz?

-Elçini daha çox bəyənirəm və Elçinin əsərləri mənim üçün stolüstü kitabdır. Yorğunluğumu çıxarmaq, yaxud nostalgiyaya qapılmaq baxımından Elçin mənim üçün ayrılmaz bir mənbədir.

-Bəs vaxtınızı daha səmərəli keçirməyə, istirahət etməyə zaman tapa bilirsinizmi və bunu necə keçirirsiniz?

-Əslində vaxt idarəçiliyi vacib məqamdır. İstəyəndə vaxtdan kifayət qədər səmərəli istifadə etmək olur. Düzdür, bəzən səmərəli vaxtın keçirilməsi üçün zaman çox az olur. Ancaq mənim üçün hazırda səmərəli vaxt elmi işimi bitirməkdir. Çünki hazırda doktorluq üzərində işləyirəm. Bir də mənim üçün səmərəli vaxt mütaliədir.

-Bəs dostlarınızla necə, görüşməyə zaman tapırsınız?

-Mənim məktəb və universitet illərindən qalan azsaylı dostlarım var və mümkün qədər onlarla görüşürəm. Onu da qeyd edim ki, həmin görüşlər daha çox ailə məclisləri səviyyəsində olur.

-Bəs ailə, övladlarınıza necə, istədiyiniz qədər vaxt ayırmaq imkanınız olur?

-Mümkün qədər ailəmə, övladlarıma vaxt ayıra bilirəm. Övladlarımın biri 4, digəri 1-ci sinifdə oxuyur və hər gün bizim qarşımızda tapşırıqlar olur. Gündəlik onları dinləyir, verilən tapşırıqları necə yerinə yetirmələri ilə maraqlanıram. Müəyyən işlərlə əlaqədar evə gec gələndə belə telefon vasitəsilə hesabatı alıram. Yəni dərslərinə qarşı çox ciddiyəm. Eyni zamanda bir vətəndaş kimi formalaşmalarına xüsusi cəhd göstərirəm.

-Valideyn kimi övladlarınızın hansı ixtisas və ya peşə sahibi olmasını arzulayarsınız?

-Qətiyyən buna qarışa bilmərəm. Düşünürəm ki, zamanla özləri seçim edəcəklər. Digər tərəfdən bizim bu günkü arzularımız gələcək peşələri hədəfləmir. Hesab edirəm ki, yaxın 3-5 il ərzində tam yeni peşələr meydana çıxacaq. Hansı ki, biz onu hələ ki təsəvvür edə bilmirik.

-Hər bir şəxsin uşaqlıq arzuları olur. Sizin uşaqlıq arzunuz nə olub və həyata keçirə bilmisinizmi?

-Həmişə hüquq istiqamətində çalışmağı, hüquqşünas olmağı arzulamışam və bu mənada deyə bilərəm ki, arzum həyata keçib.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər