Rusiya Ermənistanı necə tərkibinə qatmaq istəyir? Böyük oyunun kiçik fiqurları...

WhatsApp Image 2021 07 21 at 03.34.51Son zamanlar Rusiyanın Ermənistana qarşı siyasətində yeni məzmunlu istiqamətlər görünür. Xüsusən də, ruslar tərəfindən ermənilər və onların qondarma dövlətinin "tarixi" ilə bağlı həqiqətlər ardıcıl şəkildə dünya ictimaiyyətinə təqdim edilir.
Erməni dövləti haqqında doğru məlumatları və arxiv sənədlərini Rusiyanın Dövlət Arxivləri müəyyən xətt üzrə tirajlamağa başlayıblar. Bu məlumatların ardıcıllığının hansı məqsədə xidmət etdiyi aydın sezilir. Rusiya dövlət siyasətində anti-erməni xəttinin işə salınması inanılmaz olsa da, indi görünən odur ki, Rusiya Ermənistanla bağlı yeni siyasi kurs müəyyən edib. Düşünürəm ki, Rusiya, zamanla Türkiyə və Azərbaycanın həzminə gedəcək Ermənistanı özü udmağa qərar verib. Rusiya Ermənistanı elə bir vəziyyətə salmaq istəyir ki, tam məhv olma qorxusundan, əlində saxlaya bildiyi ərazilərlə özü Rusiya tərkibinə qatılmağa yalvarsın. Elə, bu baxımdan da, bir neçə gün əvvəl Rusiya tarix dərsliklərində 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi ilə bağlı düzgün düzəlişlər edildiyini elan etdi. Yəni, artıq rus tarix dərsliklərindən Ermənistan sözü çıxarılaraq, İRƏVAN XANLIĞI sözü ilə əvəz edilib. Ermənistan mövcud real dövlət kimi, hələ Rusiya tərkibinə qatılmayıb, qatılan Ermənistan yox, türk etnosuna məxsus İrəvan Xanlığı olmuşdur. Rusiya tarix dərsliklərində həqiqəti əks etdirməklə, gələcəkdə Ermənistanı tərkibinə qatanda tarixi və faktiki uyğunsuzluğu aradan qaldırır.
Digər vacib məlumat isə odur ki, Rusiya, Dövlət Arxivindən təqdim etdiyi 1920-ci ildəki V. İ. Leninə Teleqramı ilə, Qarabağ və Zəngəzur haqqında əsl həqiqətləri, yəni, Qarabağın və Zəngəzurun Azərbaycana məxsusluğunu bir daha göstərir. 10 noyabr və 11 yanvar Bəyanatlarına uyğun olaraq, Zəngəzur dəhlizinin açılması, faktiki, Ermənistanın bu ərazilərə nəzarətini itirməsi deməkdir. Ermənistanda, elə seçkidən sonra, daha doğrusu, qərbyönümlü Paşinyanın qələbəsindən sonra, Ermənistan -- Azərbaycan sərhədində hərbi gərginlik, atışmalar intensiv xarakter alıb. Bu isə onu göstərir ki, Rusiya, Ermənistan -- Azərbaycan arasında artan gərginliyin müəllifidir. Rusiya son ana kimi, rus meylli Robert Köçəryanın Ermənistanda hakimiyyətə gələcəyinə hesab götürdüyündən və buna inandığından, müharibədən sonrakı dövrdə, seçkiyə qədər Ermənistan -- Azərbaycan arasında belə silahlı gərginlik, atışmalar yox idi.
Avropa İttifaqı (Aİ) Prezidentinin Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində, Aİ tərəfindən Ermənistana az qala dövlət büdcəsi qədər yardım etmə planları Ermənistanın Rusiya prorektoru çıxacağı ehtimalını gücləndirir. Qərb yönümlü, ancaq müharibədə məğlub edilmiş Paşinyanın seçkidə qələbəsi Ermənistanın qərbə inteqrasiyasını sürətləndirib. Ermənistanı Qərbə, NATO-ya inteqrasiyadan ancaq yeni müharibə, ərazi itkisi, dövlətçiliyinin tam məhvi təhlükəsi ilə dayandırmaq olar və ruslar da ona inanırlar ki, 2-ci Qarabağ savaşında Ermənistana birbaşa hərbi yardım etməyən Qərb və NATO, çətin ki, Qərbi Zəngəzurun azad edilməsi uğrunda Azərbaycanın başladığı əməliyyatlarda müttəfiqlik Bəyannaməsi imzalamış Azərbaycan --Türkiyə tandeminə qarşı çıxmış olsun, Ermənistana yardım etsin.
Əlavə olaraq, Ermənistanda da anlayırlar ki, 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya yardım etməyən Qərb və NATO, çətin ki, ənənəsini pozsun. Odur ki, Azərbaycanın Qərbi Zəngəzur uğrunda başladığı hərbi əməliyyatlar qarşısında, erməni dövlətçiliyinin tam itiriləcəyi şəraitində, təbii ki, Rusiya erməni dövlətçiliyini öz tərkibinə qatmaqla xilas edə bilər. Son zamanlar, 10 noyabr və 11 yanvar üçtərəfli Bəyanatlarından mümkün imtina variantının gündəmə gətirilməsi bu məqsədi daşıyır. SSRİ dövründə rusların razılığı olmadan, 1954-cü ildə Ukrayna əsilli Sovet lideri Nikita Xruşşovun Ukraynaya bəxşiş etdiyi Krımın geri Rusiyaya qaytarılması ssenarisi kimi, rus bolşeviklərinin təkidi ilə, Azərbaycanın razılığı olmadan, Zəngəzur da daxil olmaqla, Ermənistana verilmiş Azərbaycan ərazilərinin geri alınması (1920-ci il Paris Sülh Konfransında tanınmış AXC-nin əraziləri) həm tarixi ədalət, həm də beynəlxalq hüququn
bərpası olar. İlkin mərhələdə Zəngəzurun qaytarılması üçün, yaranmış tarixi şəraitdən istifadə etməklə, varisi olduğumuz, 1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin itirilmiş ərazilərini və Türk dünyası ilə fiziki-coğrafi əlaqəni bərpa edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev demişkən, məsələnin hərbi yolla həlli variantı həmişə gündəmdədir. Cənab Prezidentin fikirlərini, məncə, elə, Zəngəzura da aid etmək olar. O ki qaldı rus məsələsinə, Rusiyanın bir müddətdən sonra öz sərhədləri daxilində qalması mümkünsüzdür.

Vüqar DADAŞOV,
MCP SŞ-nin üzvü, hüquqşünas, Qarabağ qazisi.

Əlaqəli xəbərlər