"Ermənistan bu məsələni nə qədər gecikdirsə, bir o qədər blokadadan çıxmayacaq" -- ƏZİZ ƏLƏKBƏRLİ ŞƏRH ETDİ

eziz elekberli897

"İstər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı üçtərəfli, istərsə də, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasındakı ikitərəfli danışıqlarda 10 noyabr Bəyannaməsinin bütün maddələrinin icrası prioritet məsələ olaraq qalacaq". araz.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında millət vəkili Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan ilə Azərbaycan arasında delimitasiya və demarkasiya məsələsinin həlli və Zəngəzur dəhlizinin açılması günün tələbidir və Ermənistan bundan qaçdıqca, müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışdıqca özünə ziyan edir: "Birincisi, delimitasiya və demarkasiya yoxdursa, deməli, Azərbaycanla Ermənistan arasında sərhəd də yoxdur, varsa da, hüquqi əsası yoxdur, belə olan surətdə Azərbaycan istədiyi qədər irəliləyə və sərhəddini istədiyi yerdən qoya bilər. Bu baxımdan, Ermənistan tələsməlidir, biz yox. İkincisi, Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən nə qədər gecikdirilərsə, Ermənistan bir o qədər blokadadan çıxmayacaq, Azərbaycanın da, qardaş Türkiyənin də bu məsələdə fikri yekdildir və qətidir. Üstəlik, Ermənistan məsələni əngəlləyəcəyi təqdirdə Azərbaycan Laçın dəhlizini də öz nəzarətinə götürə bilər.

Ona görə də, elə hesab edirəm ki, dövlət başçılarının yaxın zamanlardakı görüşlərində əsas bu iki məsələ diqqət mərkəzində olacaq. Bizim qalib tərəf kimi, kapitulyasiya aktına qol çəkmiş məğlub tərəf olan Ermənistanla bir masa arxasında oturub, bərabər tərəflər kimi nəyi isə müzakirə etməyimizi ermənilər özləri üçün böyük bir fürsət bilməlidirlər. Əksinə olsa, nə baş verəcəyini 44 günlük müharibədə ermənilər kor gözləri ilə özləri gördülər"

 

ermenistan1

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər