Azərbaycanlı idmançı ABŞ-da qaydasız döyüşdə qalib olub

qayda33

Azərbaycanlı idmançı Elgün Xanoğlanlı ABŞ-ın Nyu-York şəhərində keçirilən “Ekstremal qəfəs döyüşü” (“Extreme Cage Fighting” - ECF) qaydasız döyüş növü üzrə “Nyu-York kəməri”ni qazanıb.

Həmyerlimiz 57 kilo çəki dərəcəsində qalib olub. E.Xanoğlanlını dəstəkləmək üçün yarışa paytaxt Vaşinqton da daxil olmaqla, ABŞ-ın bir çox şəhər və ştatlarından- Massaçusets, Los Anceles və Nyu-Yorkdan həmyerlilərimiz qatılıb.

Rəqibini 23 saniyədə fəndlə məğlubiyyətə uğradan E.Xanoğlanlı qalibiyyət kürsüsünə Azərbaycan bayrağı ilə çıxıb. Qələbədən sonra Nyu -Yorkun şəhərində Bruklin rayonunun prezidenti Erik Adams həmyerlimizlə görüşərək onu təbrik edib.

Hər üç aydan bir keçirilən yarışda artıq ikinci böyük uğurunu qazandığını deyən 29 yaşlı idmançı “Report”a rəqibinin güclü olduğunu və onu məğlub etmək üçün bir neçə aydır hazırlaşdığını bildirib: “Rəqibim Ceremi Ruizl ABŞ-ın güclü idmançılarındandır. Bu məni qorxutmadı və yarışa var gücümlə hazırlaşdım. Kəməri alanda Azərbaycan bayrağı ilə səhnədə idim və qələbəmi Vətən müharibəsində canından keçən şəhidlərimizə və onların ailələrinə həsr etdiyimi dedim. Zaldakı azərbaycanlıların mənə dəstək üçün gəlməsi məni çox sevindirdi.

Dünyanın hər yerindən güclü idmançıların qatıldığı bu yarış ABŞ-üçün çox əhəmiyyətlidir və qalibiyyətimlə karyeramda ciddi dəyişikliklər olacaq. Dekabrda keçiriləcək növbəti yarış kəməri müdafiə oyunu olacaq, 2022-ci ildə isə dünya çempionatı var. Ümid edirəm ki, dünya çempionu adını qazanaraq, növbəti dəfə Azərbaycan bayrağını zirvəyə qaldıracam”.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər