Mikayıl Cabbarova yeni səlahiyyət verildi

mikayilcabbarov2807203

Nazirlər Kabineti “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nı təsdiq edib.

araz.az  xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması belədir:

Bu Qayda “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydalarını müəyyən edir.

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Reyestr - uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi barədə elektron informasiya ehtiyatı;

Uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

Uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;

Xarici mənşəli uyğunluq sənədi - xarici dövlətlərdə verilmiş və idxal olunan malların təhlükəsizliyə dair məcburi tələbləri müəyyənləşdirən xarici texniki reqlamentlərin və ya digər xarici texniki normativ hüquqi aktın tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

Uyğunluğu qiymətləndirən qurum - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğun olaraq akkreditasiya edilmiş malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;

Təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).

Bu Qaydanın məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Qanunda nəzərdə tutulan mənaları ifadə edir.

Reyestr İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

Reyestr dövlət dilində, vahid forma, metod, prinsiplər əsasında aparılır və elektron qaydada tərtib edilir.

Reyestr informasiya ehtiyatıdır. Reyestrin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

Reyestrin informasiya təminatı uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən məlumatların təqdim edilməsi yolu ilə həyata keçirilir.

Uyğunluğu qiymətləndirən qurum uyğunluq sertifikatının verilməsi, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onun Azərbaycanda qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydanın bəndlərində göstərilmiş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş electron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

Təsərrüfat subyekti uyğunluq bəyannaməsinin tərtibi, onun qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydada qeyd olunmuş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş electron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

Sertifikatlar və bəyannamələr, onların qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onların Azərbaycanda qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə məlumatlar Nazirliyə daxil olduğu tarixdən iki iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə reyestrə daxil olunur.

Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə, Nazirlik bu Qaydada göstərilən müddətdən gec olmayaraq çatışmazlıqlar qeyd olunmaqla onların aradan qaldırılması barədə yazılı bildirişi uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt, yaxud elektron formada göndərir. Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bildirişin alındığı tarixdən iki iş günü müddətində aradan qaldırılmalıdır.

Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bu Qaydada qeyd olunan müddətdə aradan qaldırılmadıqda, təqdim edilmiş məlumatlar Reyestrə daxil olunmur və bu barədə Nazirlik tərəfindən qəbul edilmiş əsaslandırılmış qərar iki iş günü müddətində uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt, yaxud elektron formada göndərilir.

Təqdim edilmiş məlumatların reyestrə daxil olunmaması barədə qərar uyğunluğu qiymətləndirən qurumun və ya təsərrüfat subyektinin yenidən müraciət etməsinə maneə olmur.

Reyestrə daxil olunmuş məlumatlarda aparılmış dəyişikliklərin reyestrə yenidən daxil olunması bu Qaydanın müddəaları nəzərə alınmaqla həyata keçirilir.

Reyestr ictimaiyyət üçün açıqdır. Reyestr Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar mütəmadi olaraq yenilənir.

Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq icra edilir.

Reyestrə daxil olunmuş məlumatlar Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə Reyestr arxivində saxlanılır.

 

araz.az xəbər portalı.

Ceyhun Məmmədov: “Ölkəmizdə on minlərlə yeni iş yeri yaradılacaq”

1625326021 news 20210329043153

“Son illər bir çox sahələrdə olduğu kimi, iqtisadi sahədə də Azərbaycan böyük uğurlar qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, mühüm layihələrdən biri də 850 hektardan ibarət Ələt Azad İqtisadi Zonasıdır. Onun sözlərinə görə, adıçəkilən zonanın ümumi sahəsinin 60 hektarında layihələndirmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb:

“Azad İqtisadi Zona ölkəmizdə qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalın təmin edilməsinə, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlbinə, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına, həmçinin on minlərlə yeni iş yerinin yaradılmasına ciddi töhfə verəcək. Layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq”.

Ceyhun Məmmədov əlavə edib ki, sözügedən iqtisadi zonada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək.

C. Məmmədov qeyd edib ki, investorlara yaradılan münbit şəraitə görə Azad İqtisadi Zonaya böyük sərmayələr qoyulacaq:

“Bunun üçün bu gün Azərbaycanda bütün ilkin şərtlər var. Bu, həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirilib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.

Digər vacib və mühüm məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycan yüksək mövqeyə malikdir. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerdədir. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycanın qısa müddətdə əldə etdiyi böyük uğurların göstəricisidir”.

Deputat vurğulayıb ki, Azərbaycana investorları cəlb edən amillərdən biri də təhlükəsizlik mühitidir:

“Bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Bu birlik Azərbaycanın gücünü artırır, iqtisadi inkişafına ciddi töhfə verir”.

 

araz.az xəbər portalı.

Mirvari Qəhrəmanlı: “Bir qurumda 12 vitse-prezident olar?”

1625211436 mirvari 2 2

“Ölkədə işsizlərin sayı artır”.

Bunu Reyting.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

M. Qəhrəmanlı bildirib ki, SOCAR-da işçilərin ixtisarı ilin sonuna kimi davam edəcək:

“1990-cı illərin axırlarında SOCAR-da əmr gəldi ki, işə qəbulu dayandırın, işçilərin sayını azaldın. 2006-cı ildə SOCAR-ın rəhbəri postuna Rövnəq Abdullayev təyin edildi və bundan sonra sanki bu qurumda aləm qarışdı. O zamandan SOCAR-da “ailə idarəçiliyi” başladı.

Hasilat ildə 6 milyon tondur. Neft hasil etməyə 10-15 min adam lazımdır. Amma o qədər işçi götürüblər ki, indi ixtisar etməyə məcburdular.

OPEC+ hasilatı aşağı saldı, 2023-cü ilə qədər yavaş-yavaş artıracaqlar”.

M. Qəhrəmanlı qeyd edib ki, ixtisara salınanlar əsasən fəhlələr və nəqliyyat işçiləridir:

“Baş ofisdə o qədər bir-birini təkrar edən şöbələr var ki. Bir qurumda 12 vitse-prezident olar? Hansı idarə müdirinin yaşı 65-ə çatıbsa, onu müşavir vəzifəsinə keçirirlər, yenə vəzifə, kabinet qalır. Hansı fəhlənin təqaüd yaşı çatırsa, işdən kənarlaşdırırlar. Baxmayaraq ki, qanunvericilikdə belə bir maddə yoxdur ki, təqaüd yaşına az qalmış kimisə işdən azad edəsən. SOCAR deyir ki, ixtisar etmirik. Amma ixtisarlar davam edir”.

M. Qəhrəmanlının hesablamalarına görə, ilin sonunadək SOCAR-da 10 minə yaxın şəxs ixtisar olunacaq: “Bu, proqnozdur, amma indiyə qədər 5 min 600-ə yaxın şəxs ixtisar olunub. Onlar mənim yalan danışdığımı deyəcəklər, çünki hamısına ərizə yazdıraraq proqrama qoşurlar, bunlar isə SOCAR-ın işçiləri sayılmırlar. Artıq yeddinci aya keçib, amma proqrama qoşulanların heç birinə iş təklif etməyiblər”.

 

araz.az xəbər portalı.

SOCAR 2020-ci il üzrə maliyyə hesabatını açıqladı

SOCAR45

Dünya neft sənayesi tarixinin ən təlatümlü dövrü kimi yaddaşlarda qalan 2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli və satışı seqmentlərində əldə etdiyi müsbət nəticələr hesabına üzləşə biləcəyi xalis zərəri azaltmağa nail olub.

Hesabat ilində şirkətin ümumi dövriyyəsi 49,6 milyard manat təşkil edib. Dövriyyənin azalmasına dünya bazarında neft və təbii qazın qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, həmçinin neft və neft-kimya məhsullarının gəlir marjalarının əhəmiyyətli dərəcədə azalması təsir göstərib.

2020-ci il, əsasən, apstrim seqmenti, yəni neft və qaz yataqlarının işlənməsi üçün çətin dövr olsa da, SOCAR bu sahədə əsaslı optimallaşdırma tədbirləri həyata keçirməklə, 1,4 milyard manat, ticarət, paylanma və satış seqmentində isə 0,3 milyard manat mənfəət əldə edib. Bu isə hətta 2019-cu ildə bu iki seqment üzrə əldə olunan 1,6 milyard manat cəmi xalis mənfəətdən çoxdur.

Bununla belə, şirkət fəaliyyət göstərdiyi digər sahələrdə və bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib. Bu itkilərin miqdarı digər seqmentlərdə əldə olunmuş müsbət nəticələri üstələyərək, ümumi nəticədə zərərə səbəb olub. Belə ki, il ərzində SOCAR-ın xalis zərəri 1,7 milyard manat olub. Bu, şirkətin konsolidə olunmuş maliyyə hesabatlarını təqdim etməyə başladığı 2008-ci ildən 2020-ci il hesabat ilinədək baş vermiş ikinci belə haldır. 2015-ci ildə şirkət hesabat ilini devalvasiya nəticəsində xalis zərərlə, 2008-2019-cu illər arasında bütün başqa illəri isə mənfəətlə başa vurub.

2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64,2 milyard manat, cari aktivlərin dəyəri 18,3 milyard manat, uzunmüddətli aktivlərin dəyəri isə 45,9 milyard manat həcmində qiymətləndirilib, cari öhdəlikləri 20,6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21,6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalı 21,9 milyard manat, nağd pul vəsaitləri 6,2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbəti isə 66% təşkil edib.

Şirkətin 2020-ci ilin dekabrın 31-i tarixinə hazırlanmış maliyyə hesabatları nüfuzlu beynəlxalq audit şirkəti Ernst & Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy veriləndən sonra ictimaiyyətə təqdim olunur.

 

araz.az xəbər portalı.

Şimal-Cənub dəhlizi ilə ilk blok qatar Azərbaycan ərazisinə çatdı

qatar55

Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı ölkəmizin ərazisinə çatıb.

“ADY Konteyner” MMC-dən verilən məlumata görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarı Astara (Azərbaycan) - Astara (İran) sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisinə daxil olduqdan sonra Hindistanın Nava Şeva limanına çatdırılacaq.

32 qırxfutluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olalaq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq.

Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşınır. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb. Konteynerlər multimodal üsulla – dəmiryolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq.

 

araz.az xəbər portalı.

1 -dən səhifə 42

Əlaqəli xəbərlər