1625211436 mirvari 2 2

“Ölkədə işsizlərin sayı artır”.

Bunu Reyting.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

M. Qəhrəmanlı bildirib ki, SOCAR-da işçilərin ixtisarı ilin sonuna kimi davam edəcək:

“1990-cı illərin axırlarında SOCAR-da əmr gəldi ki, işə qəbulu dayandırın, işçilərin sayını azaldın. 2006-cı ildə SOCAR-ın rəhbəri postuna Rövnəq Abdullayev təyin edildi və bundan sonra sanki bu qurumda aləm qarışdı. O zamandan SOCAR-da “ailə idarəçiliyi” başladı.

Hasilat ildə 6 milyon tondur. Neft hasil etməyə 10-15 min adam lazımdır. Amma o qədər işçi götürüblər ki, indi ixtisar etməyə məcburdular.

OPEC+ hasilatı aşağı saldı, 2023-cü ilə qədər yavaş-yavaş artıracaqlar”.

M. Qəhrəmanlı qeyd edib ki, ixtisara salınanlar əsasən fəhlələr və nəqliyyat işçiləridir:

“Baş ofisdə o qədər bir-birini təkrar edən şöbələr var ki. Bir qurumda 12 vitse-prezident olar? Hansı idarə müdirinin yaşı 65-ə çatıbsa, onu müşavir vəzifəsinə keçirirlər, yenə vəzifə, kabinet qalır. Hansı fəhlənin təqaüd yaşı çatırsa, işdən kənarlaşdırırlar. Baxmayaraq ki, qanunvericilikdə belə bir maddə yoxdur ki, təqaüd yaşına az qalmış kimisə işdən azad edəsən. SOCAR deyir ki, ixtisar etmirik. Amma ixtisarlar davam edir”.

M. Qəhrəmanlının hesablamalarına görə, ilin sonunadək SOCAR-da 10 minə yaxın şəxs ixtisar olunacaq: “Bu, proqnozdur, amma indiyə qədər 5 min 600-ə yaxın şəxs ixtisar olunub. Onlar mənim yalan danışdığımı deyəcəklər, çünki hamısına ərizə yazdıraraq proqrama qoşurlar, bunlar isə SOCAR-ın işçiləri sayılmırlar. Artıq yeddinci aya keçib, amma proqrama qoşulanların heç birinə iş təklif etməyiblər”.

 

araz.az xəbər portalı.