Ceyhun Məmmədov: “Ölkəmizdə on minlərlə yeni iş yeri yaradılacaq”

1625326021 news 20210329043153

“Son illər bir çox sahələrdə olduğu kimi, iqtisadi sahədə də Azərbaycan böyük uğurlar qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, mühüm layihələrdən biri də 850 hektardan ibarət Ələt Azad İqtisadi Zonasıdır. Onun sözlərinə görə, adıçəkilən zonanın ümumi sahəsinin 60 hektarında layihələndirmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb:

“Azad İqtisadi Zona ölkəmizdə qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalın təmin edilməsinə, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlbinə, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına, həmçinin on minlərlə yeni iş yerinin yaradılmasına ciddi töhfə verəcək. Layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq”.

Ceyhun Məmmədov əlavə edib ki, sözügedən iqtisadi zonada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək.

C. Məmmədov qeyd edib ki, investorlara yaradılan münbit şəraitə görə Azad İqtisadi Zonaya böyük sərmayələr qoyulacaq:

“Bunun üçün bu gün Azərbaycanda bütün ilkin şərtlər var. Bu, həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirilib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.

Digər vacib və mühüm məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycan yüksək mövqeyə malikdir. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerdədir. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycanın qısa müddətdə əldə etdiyi böyük uğurların göstəricisidir”.

Deputat vurğulayıb ki, Azərbaycana investorları cəlb edən amillərdən biri də təhlükəsizlik mühitidir:

“Bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Bu birlik Azərbaycanın gücünü artırır, iqtisadi inkişafına ciddi töhfə verir”.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər