Ölkədə birrəqəmli inflyasiyanı saxlamaq ÇƏTİNDİR - ekspert şərhi

reqem

"2022-ci ildə Azərbaycada birrəqəmli inflyasiya göstəricisini saxlamaq mümkün olmadı. Artıq 7 ay keçib və bu müddətdə inflyasiya sürətlə inkişaf edib. Qarşıdakı 5 ay ərzində də vəziyyətin düzələcəyini güman etmirəm"

araz.az  Publika.az-a istinadən bildirir ki, bunu  bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, dünyadakı geosiyasi vəziyyət və iqtisadi konyuktura çox sürətlə dəyişir:

"Əsasən də iqtisadi vəziyyətlə bağlı yeni qaydalar müəyyənləşdirilir. Azərbaycan kimi kiçik dövlətlər isə bu dəyişikliklərdə heç bir rola malik deyil. Dünyada hansı qayda olacaqsa, ona uygun fəaliyyət göstərəcəyik".

Ekspert 2023-cü ildə ölkəmizdə birrəqəmli inflyasiyanın olacağını gözləmədiyini diqqətə çatdırıb:

"Həm MB sədri, həm də digər iqtisadi birliklərə rəhbərlik edən hökumət üzvləri açıqlamalarında inflyasiyanın ölkəyə kənardan gəldiyini söyləyirlər. Çünki, bu gün Azərbaycan iqtisadiyyatı neftdən asılı vəziyyətdədir".

Onun sözlərinə görə, ölkədə məhsul az istehsal edildiyi üçün daxili tələbatı ödəmək çox çətindir:

"Ərzaqdan tutmuş bir çox məhsullar xaricdən idxal olunduğu üçün, dünya bazarında qiymətlərin bahalaşması ölkəmizə də təsir edir. Halbuki, bəzi məhsulları, ən azı ərzaq məhsullarını özümüz istehsal edə bilərik. Ölkəni inflyasiyadan qorumaq üçün Mərkəzi Bankın və hökumətin əlində müəyyən rıçaqlar var. Onlardan istifadə etməklə, dünyada qiymətlərin qalxacağı təqdirdə, gömrük rüsumlarını, vergiləri düzgün tənzimləyə və ölkədə bahalaşmanın qarşısını almaq olar. Əslində Mərkəzi Bank inflyasiyanın qarşısını almaq istəyir. "Mərkəzi Bank haqqında" Qanunda göstərilir ki, inflyasiya ilə mübarizə aparmaq və qiymətləri qoruyub saxlamaq qurumun əsas vəzifəsidir. Ancaq MB rəhbərliyi hələlik bunu tam təmin edə bilmir".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər