Bakıda söküləcək 108 binanın sakinlərini narahat edən risklər

sokuntu8

Bakı şəhər İcra Hakimiyyəti paytaxtda 108 binanın istismara yararsız olduğunu açıqlayıb. BŞİH-in şöbə müdiri Rövşən Ağayev deyib ki, hazırda sözügedən binalarda köçürülmə işləri aparılır.

Əlbəttə, real rəqəm 108-dən daha çoxdur. Lakin məsələmiz qəzalı binaların sayı deyil, onların hər birinin sökülməsi, prosesin özəl şirkətlərə verilməsi, sakinlərin mənzil-mülkiyyət hüquqlarının təmin olunması, bu zaman ortaya çıxa biləcək risklərə qarşı sakinlərin hüquqlarının qorunması və başqa arzuolunmaz halların qarşısının alınmasıdır. Yenə mətbuat səhifələrini tikinti şirkətlərindən narazı sakinlərin reportajları bürüyə bilər, əvəzində bu şirkətlərin qanundakı boşluqlara dayanan əsassız cavablarını eşidə bilərik. Və ya şirkət şəhərin mərkəzində yaşayan sakinlərin evlərini söküb əvəzinə Bakının hansısa kəndində ev təklif edə bilər ki, bu hallar da mübahisəsiz ötüşmür.

Yararsız binalar təhlükə saçdığı kimi, dövlətin ciddi tələblər qoymadan hər şirkətə söküntü icazəsi verməsi də vətəndaşların mülkiyyət hüququna təhlükədir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da təəssüflə bildirdi ki, qanunvericilik bu məsələni tam tənzimləmir: “Normal hüquq sistemi olan ölkələrdə çoxmərtəbəli binanın altındakı torpaq həmin bina sakinlərinin mülkiyyəti hesab olunur. Əgər bina sökülürsə, dövlət onu söküb yerində yeni bina tikməlidir və vətəndaşlar orada yaşayışına davam etməlidir. Bu ümumi bir məsələdir. Ancaq qanunvericilikdə o da nəzərdə tutulmayıb ki, dövlət bina tikirsə, vətəndaşlar ümumiyyətlə oraya pul qoymasınlar. Əgər yeni bina tikilirsə, orada mənzillərin sahəsi daha böyük ola bilər və bu mənada vətəndaşlar da əlavə pul qoya bilərlər. Əgər o məbləğdə pul qoya bilmirlərsə, o zaman dövlət başqa yerdə ev təklif edə bilər. Ancaq bildiyim qədərilə bugünə qədər sökülən binaların yerində dövlət özü heç nə tikməyib və bir qayda olaraq, hansısa özəl tikinti şirkətinə sökülməli olan binanın sakinləri ilə müqavilə bağlasın, daha sonra söksün. Söküldükdən sonra yeni bina tikilənə qədər bina sakinlərinin başqa yerdə yaşaması üçün də tikinti şirkəti kirayə haqqı ödəyir. Daha sonra yeni tikilən binada həmin vətəndaşlara təzə mənzil verilir. Sökülən 5 və ya 9 mərtəbəli binaların yerində daha hündürmərtəbəli bina tikilir və sakinlərin payı verildikdən sonra orada daha çox mənzil qalır. Tikinti şirkətinin də qazancı odur ki, həmin mənzilləri satıb qazanc əldə etsin. Prinsipcə bu normal mexanizmdir. Ancaq bu mexanizmin əsas problemi, həmin tikinti şirkətlərinin necə seçilməsidir”.

Hüquqşünasın sözlərinə görə, bu prosesdə neqativ hallara çox rastlanır: “Belə hallar da var ki, hansısa şirkət bakı Şəhər İcra Hakimiyyətindən icazəni alıb gəlib binanı sökür, bir müddətdən sonra isə vətəndaşlara kirayə haqqını vermir. Belə əsas gətirir ki, tikiləcək binada digər mənzilləri sata bilmir və buna görə də pul yoxdur. Ya da şirkət binanın tikintisini gecikdirir, proses illərlə uzanır. Bu halda da dövlət məsələyə qarışmır və vətəndaşlara deyir ki, özünüz müqavilə bağlamısınız, dövlət ki, bu prosesə qarışmayıb, sadəcə şirkətə binanı sökməyə icazə verib. Ancaq mən hesab edirəm ki, burada dövlət öz yaxasını kənara çəkməməlidir. Çünki problemin səbəbi dövlətin heç bir maliyyəsi olmayan şirkətə icazə verməsidir. Əgər Dövlət Vergi Xidmətinin saytına girib tikinti şirkətlərinin siyahısına baxsaq görərik ki, onların əksəriyyətinin nizamnamə kapitalı 10 manat, 50 manat, 100 manatdır. Başqa vəsaitləri yoxdur. Onların niyyəti odur ki, binanı tikməyə başlayanda onu başqa vətəndaşlara satsınlar və topladıqları pulun hesabına tikintini maliyyələşdirsinlər. bu da qətiyyən düzgün deyil”.

Əkrəm Həsənov qeyd etdi ki, dövlət tikinti şirkətinə söküntüyə icazə verərkən hansısa kapitala malik olmağı tələb etməlidir: “Banklar üçün, sığorta şirkətləri üçün dövlət ona görə nizamnamə kapitalı ilə bağlı konkret tələb qoyub ki, onlar öz pulları ilə fəaliyyət göstərmirlər, bu vətəndaşların pullarıdır. Hökumət riskləri sığortalamaq üçün tələb edir ki, heç olmasa özünüzün də müəyyən qədər pulu olmalıdır. Burada da eynilə, 1 milyon, 2 milyon, 5 milyon nizamnamə kapitalı olmalıdır. Ən azından şirkətin müəyyən qədər pulu olmalıdır ki, sabah vətəndaşların hüquqları pozularkən onları məhkəməyə verib bu puldan haqlarını ala bilsinlər. Tikinti şirkətinə güvənməyən, etibar etməyən bəzi vətəndaşlar var ki, onlar evdən çıxmaq istəmir”.

Ekspertin sözlərinə görə, bəzən vətəndaşlar evdən çıxmamaqla tikinti şirkətini şantaj da edir: “Bəzi vətəndaşlar bundan istifadə etməyə başlayırlar, düşürlər ki, bütün sakinlər müqavilə bağlasın, mən isə ən sonda qiymət deyəcəyəm. Bu yumşaq desək, tikinti şirkətini şantaj etməklə ona öz yüksək tələblərini qəbul etdirməkdir. Çünki binada bir nəfər belə sakin qalsa, o bina sökülə bilməz. Məsələn, sakinin mənzili 50 kvadratmetrdir, deyir mənə 150 kvadratmetr mənzil verməlisən. Bütün bunlar qanunvericilikdə olan boşluqlardır. Bundan tikinti şirkətləri bir cür istifadə edir, bəzi sakinlər isə başqa cür istifadə edirlər. Belə olan halda başqa qanunsuzluqlar da yaşanır. Şirkətlər sakinləri binadan çıxartmaq üçün onun kommunal xətlərini kəsirlər və müvafiq qurumlar da çox zaman bu işdə şirkətlərin tərəfində olur. Mənzili yaşanmaz hala gətirib sakini məcburi çıxartmağa çalışırlar ki, bu da mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Bizdə dövlət belə tikinti şirkətlərinə binanın sökülməsinə icazə verməzdən öncə qanuna dəyişiklik etməlidir. Qanunda yazmalıdır ki, tikinti şirkətinin nizamnamə kapitalı 3-5 milyon və ya fərqli bir rəqəm olmalıdır. Bir də optimal bir qiymət müəyyən olunmalıdır və sakinlərin qarşısında da tələb qoymalıdır ki, bina qəzalıdır və sən oradan çıxmalısan, fantastik tələblər irəli sürmə. Eyni zamanda dövlət sakinlərə təminat verməlidir, sabah tikinti şirkəti binanı tikməsə, kirayə haqqını verməsə, nizamnamə kapitalından götürüb sakinin pulunu qaytaracaq”.

Ə.Həsənov həmçinin vurğuladı ki, bəzən hansısa şirkətlərin şəhərin ən yaxşı yerində bina tikmək istəməsinə görə qəzalı olmayan binaları da sökürlər: “Qəzalı binanın meyarları nədir, onu kim müəyyən edir bu məsələlər açıq qalır. Bu da qanunda nəzərdə tutulmayıb. Bu boşluqlardan hamı sui-istifadə edir. Dövlət məmuru şirkətdən rüşvət aldısa, binanın qəzalı olması haqqında rəy çıxartdısa, əlində heç bir maliyyəsi olmadan vətəndaşlarla müqavilə bağlayır, proyekt üzrə satacağı vətəndaşlardan alacağı pul hesabına tikmək istəyir, bu da bir risk olur. Bəzi vətəndaşlar da vəziyyətdən istifadə edib daha çox qənimət əldə etməyə çalışırlar. Hamısının kökü bu sahədə qanunvericiliyin bərbad olmasına dayanır”.

araz.az

Əlaqəli xəbərlər