Diabet xəstələrinə niyə Aparat və TEST-lər verilmir? - Fakt

ec87454a6bb95343109e5eb66b2228de XL

Prezident, Ali Komandan İlham Əliyevin bütün sahələrdə, o cümlədən səhiyyə sistemində apardığı uğurlu islahatlar göz qabağındadır. Yəni bunu görməyənlər, sözün əsl mənasında “kordur”. Dövlət büdcəsi hesabına çox bahalı, ən müasir səhiyyə avadanlıqlları ölkəmizə gətirilir, həkimlərimiz səhiyyənin inkişaf etdiyi dövlətlərdə ixtisaslaşır, xaricdən dəvət olunmuş xüsusi həkim briqadaları tərəfindən xəstəxanalarımız yüksək səviyyədə ixtisaslaşdırılır.

araz.az arazmedia.az-a istinadən xəbər verir ki , “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu;
Bu Qanun Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsas-larını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Amma bu sözdə və kağız üzərində belədir.

Azərbaycanda şəkərli diabet xəstələrinin qanunla qorunan hüquqları kobud şəkildə nəinki pozulur, hətta tapdalanır.

Məsələ ondan ibarətdir ki, 2003-cü ildə qəbul edilən diabetli xəstələrlə əlaqədar Azərbaycan Respublikasının qanununa və 2012-ci ildə prezident İlham Əliyevin şəkərli diabet xəstələriylə bağlı imzaladığı sərəncama məhəl qoyulmur.

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli, 101 nömrəli qərarı ilə 2006-2010-cu illəri əhatə edən "Şəkərli diabet üzrə Dövlət Proqramı" qəbul edilmişdir. Həmin dövlət proqramına əsasən şəkərli diabet xəstələrinin bütün profilaktiki və digər zəruri müalicə vasitələri və preparatları dövlət hesabına maliyyəşir.

Həmin sərəncamın məzmunu bundan ibarətdir ki, insulin qəbul edən bütün xəstələrə ayda bir dəfə iynə, şpirist, insulinlə yanaşı, şəkərin faizini təyin etmək üçün bir qutu “test” verilməlidir.

Ərazi aidiyyatı üzrə xəstəxana və poliklinikaıara müraciət edən xəstələrə birmənalı şəkildə, “dövlət test və aparat vermir, biz nə edək? Bizə 3-6 ayda bir dəfə test verirlər” deyə kobud cavab verirlər.

Test və aparatların funksiyası ondan ibarətdir ki, xəstə öz şəkərini daim nəzarətdə saxlasın. Yəni şəkər qalxdıqda, onu müəyyən edib, dərman qəbul etməklə onu endirmək və yaxud normadan aşağı endikdə, qida qəbul edib, biraz yuxarı qaldırmalıdır xəstə. Əks təqdirdə komaya düşərək ölə bilər.

Məcbur qalan, əlacsız xəstələr apteklərə üz tuturlar. Apteklərdə də “maşallah”, qiymətlər “od” qiymətinədir. Babat aparat 100 manat, dırnaq boyda bir test isə 50 qəpikdir. Deməli, təqaüdçü və ya aztəminatlı xəstə ölməmək üçün, 100 ədəd test alsa, 50 manat pul verməlidir. Bu da aylıq 200 manat qazancı olan vətəndaşın qazancının 4-də, 1-i deməkdir.

Bəs, olan-qalanını şəkər testinə ödəyən yoxsul vətəndaşlar, ərzaq pulunu haradan tapsınlar?!.

İndi baxın, əgər aparat və test yoxdursa, xəstə nə hala düşə bilər?

Burada suallar meydana çıxır. Əgər, prezident bu sərəncamı imzalayıbsa, müəssisələr niyə yerinə yetirmir? Apteklərə bu aparat və testlər hardandır? Pasiyentlər üçün pulsuz nəzərdə tutulmuş dərmanlar apteklərdə nə gəzir? Yox əgər Səhiyyə Nazirliyi xəstəlkərə pulsuz test vermirsə, niyə vermir? Axı, dövlət büdcəsindən məhz buna görə pul ayrılır. Ən əsası isə, Prezident Administrasiyasında Səhiyyə Nazirliyini əlaqələndirən şöbə niyə prezidentin müvafiq sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etmir?

Düşünürük ki, DTX və Baş Prokurorluq əməliyyatları məhz bu yöndə aparsalar, bu kateqoriyadan olan insanlar da razı qalar, dövlətdən oğurlanan milyonlar da üzə çıxar.

Mövzunu gündəmdə saxlayacağıq.

Növbəti yazıda dəqiqləşdirib, “test” oğurlayan xəstəxana və poliklinikaların və “şəkər testi qurbanlarının” adlarını dərc edəcəyik.

Qarşı tərəfin arqumentli mövqeyi olarsa, dərc etməyə hazırıq.

araz.az

Əlaqəli xəbərlər