Ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malik şəxslərin nəzərinə

senedlesme34

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

araz.az xəbər verir ki , bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 16 iyun – 9 iyul 2021-ci il tarixlərində sənədləri Dövlət İmtahan Mərkəzinə (Bakı ş. M.Müşfiq 1M) və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər.

Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər