Şuşaya getməkdən imtina edərdim...

cidir duzu 1

Şuşada illər sonra bərpa edilən “Xarıbülbül” festivalı ilə bağlı “qalmaqal” davam edir. Az öncə sevimli Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyevin çox əsəbi, bir az da hikkəli statusunu oxudum və doğrusu, bu düşüncələri yazmaq istəyi də buradan yarandı. Kamil müəllim əsl şuşalı, Məcid Behbudovun nəvəsi, Rəşid Behbudovun qızı Rəşidə xanımın festivala və ümumiyyətlə Şuşaya aparılmamasına çox sərt reaksiya verib.

Kamil Şahverdi təkdirmi? Bu etiraz ilk dəfədirmi səslənir? Elə az öncə ağdamlı, dosent Zaur Əliyev “üsyana” qalxmamışdımı ki, niyə məni yox, məsələn, ağcabədilini Ağdama aparırsınız?..

Davaya, etiraza, üsyana bax...

Hər şeydən əvvəl onu deyim ki, sizi bilmirəm, mənim üçün bundan xoş, bundan gözəl dava ola bilməz.

Bir il bundan əvvəl ağlımızın ucundan belə keçirə bilmədiyimiz, yalnız arzularımızda olan Şuşada indi “Xarıbülbül” festivalı keçirilir və biz də ağız büzürük ki, niyə onu aparırsan, məni yox... Bu dava Şuşa davasıdır, sevgi davasıdır, həsrətə bir an tez son qoymaq davasıdır. Ona görə:

- Şuşa cəmi 6 aydır işğaldan azad olunub;

- Şuşa minalardan hələ indi-indi təmizlənir;

- Şuşada infrastruktur çoxsaylı qonağı qəbul etməyə hələ hazır deyil;

- Şuşanın yolları, binaları təmir olunur – söküntü-tikinti gedir...

və sair kimi bəhanə deyil, əsl səbəb və şərtləri ortaya qoyub, o dava edənlərin qarşısına keçə bilmərəm. Yaxşı edirlər – illərlə Şuşanı arzuladıqları kimi, indi də düşməndən azad olunan Könül şəhərimizə bir an tez yetişmək istəyirlər.

Olduqca təbii bir hisdir!

Amma hamı bir səhvi edir: Şuşaya getməyin, Şuşanı sevməyin, Şuşa üçün ölməyin Şuşada doğulub-doğulmamağa heç bir dəxli yoxdur.

Kiminsə əslən şuşalı olması Şuşaya bağlı tədbirlərə ən başda dəvət alacağı anlamına gəlməz. Şuşanı azad edən Azərbaycan Ordusu idi və heç vaxt Şuşada olmayan, heç qarabağlı olmayan Azərbaycan əsgərləri döyüşdən öncə “ölsəm, nəşimi Şuşaya qaldır” deyə, bir-birilərinə and vermişdilər. Şuşa sevgisi bizim canımızda-qanımızda bu boydadır – nə dəxli var, şuşalısan, qarabağlısan, yoxsa ki şamaxılı...

O da bir ayrı məsələdir ki, mən, hətta festivala dəvət etsəydilər belə, Şuşaya getməkdən imtina edərdim.

Şuşa – işğaldan azad edilən, namusu, şərəfi təmizlənən Şuşa indi tacını düzəldir, düşmənin nəfəsini üstündən atır, onun əl izlərini silir.

Qoy, hamısı silinsin, qoy erməni müdaxilələri o Könül paytaxtımızdan rədd edilsin; “Vaqif”in məqbərəsi bərpa olsun, Xan qızı evinə köçsün, sonra...

Və bir də: Şuşa ilə ilk görüş kollektiv şəkildə, o hay-küy içində, o qədər kameranın, fotoaparatın “gözü önündə” necə baş tuta bilər ki!

Mənim təsəvvürümdə öz Şuşam var: orda “üçüncü” ola bilməz... Mən ora gedəndə mütləq tək gedəcəm – torpağını öpəcəm, başına dönəcəm, daşına-torpağına, mamırına dönəcəm, qoynuna baş qoyub, doyunca ağlayacam, dərdləşəcəm, necə dözdüyünü soruşacam, bu 28 ildə necə yaşadığımı bir-bir ona danışacam; əhd-peyman bağlayacam, Şuşadan dua edəcəm ki, bir gün İrəvana da bu cür gedim...

Bundan da qabaq bu görüş üçün dua edirəm ki, Qalanın girişinə çatanda ürəyim dayanmasın!

Yəni Şuşa sevgidir, bu sevgi ilə ilk görüş “festival”da olmur – tək olur, həyəcanlı olur, gözdən uzaq olur.

Belə...

 

 

araz.az

Əlaqəli xəbərlər