QURBAN EŞQ BAYRAMIDIR!

atif islamzadeejpg 1614955488

ATİF İslam oğlu İSLAMZADƏ,

 Filologiya üzrə fəlsəfə doktoru, dosent
 e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  

***                                                      

Bu gün ərəb deyilişi ilə Eydül-ədha və yaxud İydul-ədha, fars deyilişi ilə Eydül-əzha, türk deyilişi ilə Q(k)urban bayramıdır.

Müslimanlığın iki əsas bayramından ( digəri Ramazan) biri kimi ən mübarək bayramdır. Qurban adətləri çox qədimdən mövcud olmuşdur. Ancaq bu mərasimin islamda olan mahiyyəti fərqlidir. Əgər bir çox hallarda Tanrı(lar)ın qəzəbinin qarşısını almaq üçün qurban verilirdisə, islamda qurban Allah sevgisini qazanmaq üçün meydana çıxmışdır. İbrahim əleyhissəlamın sevgi sınağı kimi zühur edən Qurban bayramı bizə mübarək Quran işığında əsrlərlə dərs öyrədir. Əgər Allahı sevmək, mömin olmaq, təqva əhli kimi özünü göstərmək iddiasındasansa, o zaman öz sevdiklərindən və ən əsası da öz canından keçsən də, canından keçə bilmədiyin övladlarından belə Allah yolunda keçməyi bacarmalısan. Bu nə saqqal uzatmağa, nə əlbisə qısaltmağa, nə təsbeh gəzdirməyə, nə də gözəl-gözəl danışmağa bənzəməz. Sevgi iddiası edənlər elə sevgi ilə sınanar. İlahi eşqi yaşamağı bacaranlar könlünü hər qurbanda qurban edər. Ancaq könlü yenə özündə qalar. Çünki Allahu-Təalaya qurban deyil, könlünü qurban etməyə verdiyin söz və sevgin yetərlidir. Onun bizim qurbanımıza nə ehtiyacı var ki? O Saməddir, ehtiyacı olmayandır. Necə ki, İsmail də qurban olmağa gəlib qurban qəbul edilmədi. Onun əvəzinə qoyun kəsmək əmr olundu. Çünki sevgi sınağından nəinki İbrahim əleyhissəlam, hətta İsamail əleyhissəlam da uğurla çıxmışdı. Qurban edənlə Qurbanın özü İlahi eşq üçün sınaq yaşamışdılar. Qoyun qurbanının isə mahiyyətdə eşqi Allaha, əti isə ehtiyacı olanlara aiddir. Bu barədə Uca Yaradan Qurani-Kərimdə Buyurmuşdur ki, "Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar" ( Həcc surəsi, 37-ci ayə). 
Sevgili dostlar sizi Eşq Bayramı olan bu mübarək bayram münasibəti ilə təbrik edirəm. Uca Yaradan sizləri sevgi ilə yaşayanlardan etsin. Bütün sevgilər Uca Allaha məxsusdur. Ona aid olan sevgini Ona qarşı qoyanlardan olmayasınız. Bütün sevgilərdə Ona sevgi bəsləyənlərdən olasınız. Sevgi qaynağı olan Uca Yaradan Vədud təcəllisi ilə könlünüzü sevgi dolu işıq mənbəyinə çevirsin. Bayramınız mübarək olsun!
               *****
İbrahim qurban edib İsmaili,
Sidq ilə oldu Xudanın maili.
Eşqinə endi Xudanın ehsanı,
Gəldi cənnətdən bir qoyun qurbanı.
Eşq ilə kim ömrünü sürmüş tamam,
O, tuta İbrahimə məxsus məqam?!
Kim ki, etməz sevdiyindən imtina,
Bir riyadır sevgisi, yalnız riya.
Kim riyadan sidq ilə olsa uzaq,
Xaliq etməz sevdiyindən də iraq.
Zəngin olsun, ya kasıb biixtiyar,
Hər kəsin əslində bir qurbanı var.
Hər kəsin öz könlüdür qurban payı,
Bir sınaqdır eşq üçün Qurban ayı.
Eşqdir Qurban, İlahi eşqdir,
Qurban olsa can İlahi eşqdir.
Eşqsiz Həcdə olan Həcdə deyil,
Həcci öncə könlünün eşqində bil.
Ol hacılıqdan qabaq Allaha qul,
Olsun o eşqin ilə həccin qəbul.
Varsa qurban kəsməyə imkan, tələs,
Allah eşqi ilə bu qurbanı kəs!
Yoxsa qurban kəsməyə bir imkanın,
Niyyət eylə, qəbul olsun qurbanın.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər