Ermənilərin divan tutduğu Qərbi azərbaycanlılar- Onların hüquqları beynəlxalq müstəvidə belə qorunacaq

82560b78a5b6f2f81202368cce8e0956

2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.

araz.az  Musavat.com-a istinadən bildirir ki,  yığıncağın gündəliyinə  “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), “Qərbi Azərbaycan İcması”nın Nizamnaməsinin təsdiq olunması, “Qərbi Azərbaycan İcması”nın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi məsələləri daxil edilib.

Səsvermə nəticəsində “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.

Eyni zamanda İcmanın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvləri və rəhbərləri seçilib.

Ekspertlər bildirirlər ki, bu icmanın yaranmasından sonra müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası mümkün olacaq. Eyni zamanda  Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması da ön plana gətiriləcək. Bütün bunların fonunda həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması reallaşacaq.

Mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, icmanın yeni ad altında qeydiyyata alınması zamanın tələbi idi:

“Ümumiyyətlə, qaçqın və köçkün dedikdə insanlar tərəfindən müəyyən çaşqınlıqlar olub ki, qaçqın kimdir, köçkün kim. Ancaq indi bu ad altında biz dəqiq biləcəyik ki, söhbət Qərbi Azərbaycan icmasından gedir. Təşkilatın qarşıya qoyduğu məqsəd də hesab edirəm ki, olduqca vacibdir. Çünki biz bilirik ki, müxtəlif əsrlərdə Qərbi Azərbaycandan məhz etnik mənsubiyyətinə görə azərbaycanlı soydaşlarımız qovulub, deportasiya olunublar. 1948-53-cü və 1988-ci illərdə sonrakı dövrdə də bu  cür deportasiya proseslərinə təsadüf olundu. Ümumilikdə son dəfə Qərbi Azərbaycandan 200 minə yaxın insan deportasiya olundu. Hətta onların deportasiya olunduğunu da deməzdim. Çünki bu insanların çoxu qətlə yetirildi, ayağı yalın, başı açıq formada küçələrə atıb, qovdular. Onların kütləvi qırğını ilə bağlı faktlar da mövcuddur”.

Ç. Qənizadə bildirib ki, azərbaycanlıların və onların varislərinin ictimai birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpasına çalışmaq lazımdır:

“Çünki ermənilər özlərinə aid olmayanı Azərbaycandan tələb edirlər və həyasızcasına Qarabağın onlara aid olması ilə bağlı bütün dünyaya yalançı fikir yeridiblər. Bunun uğrunda da mübarizə aparırlar. Yüz illərdir yaşadığımız ərazilərdən qovulmağımızla bağlı öz hüquqlarımızı müdafiə etmək üçün təbii ki, hansısa təşkilatın öndə olması lazımdır.  Hesab edirəm ki, qeyd etdiyimiz hüquqlarımızın qorunması istiqamətində bu təşkilata hər birimiz kifayət qədər dəstək ola biləcəyik. Bu ərazilərdən insanların deportasiyası məsələsindən sonra Azərbaycan xalqının yaratdığı tarixi-mədəni irslə bağlı erməni vandallıqlarını dünyaya çatdıra bilsək, heç olmasa oradakı mədəni irsimizin bərpası baxımından da işlər görə bilərik”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər