27 Sentyabr – Şəhidlərimizin Anım Günüdür! - TORPAĞI VƏTƏN EDƏN ŞƏHİDLƏR

251664261057Ermənistanla Azərbaycan arasındakı bu münaqişə 3 günün, 5 günün münaqişəsi deyil, 221 il bundan əvvəl Çar Rusiyasının Cənubi Qafqaza işğalçılıq hücumları başlayandan onlara maşalıq edən erməni soysuzlar xalqımızı arxadan vurmaqda davam edirlər. Çox keçmədi ki, çörəyini yeyib, qapısında yallandıqları müsəlman ağalarına xəyanət edən ermənilər maşası olduqları ruslardan öz mükafatlarını aldılar – ruslar İrandan və Osmanlıdan köçürüb gətirdikləri erməni əhalini yeni işğal etdikləri Azərbaycan ərazilərində yerləşdirdilər.

Tarixən heç vaxt vətənləri olmayan ermənilər köçürüldükləri əraziləri – xüsusilə İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərini mənimsəməyə, burada yerli müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasəti yeritməyə, onları minillər boyu yaşadıqları torpaqlardan sıxışdırıb çıxarmağa başladılar.

Bununla da ürəkləri soyumayıb, 1905-ci ildən etibarən son yüz ildə dəfələrlə deportasiya və soyqırımı həyata keçirdilər. 1905-1907 və 1918-1920-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. Biz həmin vaxtlar erməni faşistlərinin indiki Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər barədə müəyyən qədər məlumatlıyıq. Amma Qərbi Azərbaycanda – İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə və digər tarixi mahallarımızda ermənilərin törətdiyi vəhşiliklər barədə çox az məlumatlıyıq.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etdirilmiş, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.

1988-1991-ci illərdə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuşdur və həmin insanlar 34 ildir qaçqınlıq həyatı yaşayırlar. Soydaşlarımızın sonuncu deportasiyasından az sonra alovlanan 1-ci Qarabağ müharibəsi qısa vaxtda ərazilərimizin işğala məruz qalması və 1 milyona yaxın soydaşımızın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi ilə nəticələndi.

Lakin təəssüf ki, beynəlxalq təşkilatlar 30 il susdu, Ermənistanı işğalçı kimi tanımadı, Azərbaycanın haqq səsini eşitmədi, dərdinə dərman olmadı. Əksinə, onların dəstəyindən güc alan Ermənistan Azərbaycana qarşı hərbi təxribatların intensivliyini daha da artırdı.

Ermənistanın növbəti təxribatlarından biri 2020-ci il sentyabrın 27-də oldu və Azərbaycan ona cavab vermək məcburiyyətində qaldı. Lakin bu cavab əvvəlkilərdən deyildi. Bu cavab 200 il ərzində səbr kasası daşmış bir xalqın cavabı idi. Və bu cavab Ermənistan ordusunu darmadağın etdi. 44 gün çəkən müharibə Ermənistanın kaputalisasiya sənədinə imza atması və Azərbaycanın düşmən üzərində möhtəşəm Zəfəri ilə sonuclandı, ərazilərimiz 30 illik işğaldan azad edildi.

Əlbəttə, heç bir müharibə itkisiz ötüşmür. Bu müharibədə də itkilərimiz oldu, igid oğul-qızlarımız Vətən, Torpaq uğrunda şəhid oldular. Biz bu Zəfəri şəhidlərimizin canı, qazilərimizin qanı, əsgər və zabitlərimizin rəşadəti hesabına qazandıq. Və bu gün – sentyabrın 27-də həmin şəhidlərimizin Anım günüdür.

Şəhidlərimiz Dövlətimizin və Millətimizin yaşaması, var olması üçün həyatlarını qurban verdilər.

Şəhidlərimizin hamısı Azərbaycan sevdalısı idi və Azərbaycanımızın ərazi bütövlüyü üçün həyatlarını qurban verdilər.

Şəhidlərimiz hər birimizin dünya və tarix qarşısında başı dik, alnı açıq gəzə bilməyimiz üçün həyatlarını qurban verdilər.

“Torpaq – uğrunda ölən varsa, Vətəndir”! Onlar öz şəhidlikləri ilə torpağı Vətən etdilər!

Onların xatirəsinə Bakıda keçirilən yürüş zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərimizin şəkillərini başları üstünə qaldırdılar. Bu, bütün dünya üçün bir mesaj idi, “Dəmir yumruq” mesajı!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Əziz ƏLƏKBƏRLİ,

Milli Məclisin Deputatı,
Qərbi Azərbaycan İcmasının sədri.

Əlaqəli xəbərlər