Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Elmi araşdırmalar” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filminin (azərbaycan, rus və ingilis dillərində) hazırlanması layihəsi 1 iyul – 01 noyabr, 2023-cü il tarixlərini əhatə edən 4 ay müddətində icra olunacaq. Bu barədə, Birlikdən araz.az-a daxil olan məlumatda bildirilir ki, bu layihənin rəhbəri Telman Qasımovdur.
Layihənin ideyası İrəvan şəhərinin tarixi abidələri, qədim küçələri, məhəllələri və qəbirstanlıqları barədə irəli sürülən faktlar, həmçinin bu şəhərdə yaşamış azərbaycanlıların və hazırda yaşayan ermənilərin səsləndirdikləri ifadələrin köməyi ilə, İrəvan şəhərinin əzəli-tarixi Azərbaycan şəhəri olduğunu, eyni zamanda, İrəvanda azərbaycanlılara məxsus abidələrin məhv edildiyini, yaxud saxtalaşdırıldığını sübut edərək, bunun Ermənistan dövlətinin məqsədyönlü siyasəti olduğunu dünyaya göstərməkdir.
Bu layihəni həyata keçirməkdə əsas məqsəd, İrəvan şəhərinin əzəli Azərbaycan şəhəri olduğu buradakı abidələrin, küçələrin, məhəllələrin və qədim evlərin real tarixlərini tarixi sənədlər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaq, beynəlxalq rəydə tarixi ədalətə və Azərbaycanın milli maraqlarına uyğun olaraq, İrəvan şəhəri və onun tarixi ilə bağlı həqiqətlərin yer almasına zəmin formalaşdırmaq, Ermənistan dövləti səviyyəsində İrəvan şəhərindəki tarixi abidələrin, küçələrin, evlərin, qəbirstanlıqların məqsədyönlü şəkildə dağıdıldığını, özününküləşdirildiyini, yaxud özgəninkiləşdirildiyini sübut etmək, təqdim olunan faktların gənc nəsil tərəfindən mənimsənilməsini təmin etmək, yeni nəsildə qədim İrəvan şəhəri haqqında zəngin faktoloji bazanın formalaşmasına güclü təkan vermək, beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatlarını tutarlı və təkzibolunmaz materiallarla təmin etməkdir.
“Qədim İrəvan: hər daşı bir abidə” sənədli filmi azərbaycan, rus və ingilis dillərində hazırlanacaq.
Sənədli film hazır olduqdan sonra, Azərbaycan cəmiyyətinin bütün təbəqələrində, eləcə də xarici ölkələrdə, həmçinin sosial şəbəkələrdə geniş təqdim və təbliğ olunacaq.
“Qədim İrəvan: hər daşı bir abidə” sənədli filmi Bakı şəhərində yerləşən iki ali təhsil müəssisəsində, aparıcı KİV-lərin iştirakı ilə, geniş ictimaiyyətə təqdim ediləcək. Filmin ingilis və rus dillərində olan versiyaları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin vasitəsi ilə, Azərbaycan diaspor təşkilatlarının xəttiylə xarici ölkələrdə yayımlanacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.