Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi və təşkilatçılığı ilə Şuşa şəhərində Vaqif Poeziya Günlərindəyik. Əsrarəngiz gözəlliyi, meşələri, dağları, tarixi abidələri, hər qarış torpağı, daşı, qoynuna düşən hər bir kəsdə xoş ovqat yaradan ŞUŞADA!…
… XVIII əsrin ortalarında böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifi Qazaxdan Qarabağ Xanlığının mərkəzinə çəkib gətirən və həmişə ilahi bir gözəllik-gözəlliyə, saflıq- saflığa calanan ŞUŞADA!…
…Hər kəsin üz-gözündə sevinc, tükənməz bayram əhval-ruhiyyəsi var: Vaqif Poeziya Günlərinin sevinci, ədəbiyyat, söz-sənət bayramının sevinci! Bu sevincin yaşandığı ilk gün ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 14 yanvar 1982-ci il tarixdə Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışında olmuşdur. Heydər Əliyevin tövsiyəsi ilə Şuşanın işğal gününədək hər il Vaqif Poeziya Günləri şairin vətəni Qazaxda başlayıb, Şuşada Cıdır Düzündə onun məqbərəsi önündə yekunlaşmışdır.
Azərbaycan Respublikasının Prezidenti, mübariz iradəli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi zəfərdən sonra da hər il ənənələrə sadiq qalaraq Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada keçirilir.
Bu ədəbiyyatımızın təntənəsi, qalib ordumuzun bizə bəxş etdiyi ən böyük sevgi-sevincdir.
Səxavət TAĞLAR,
əməkdar müəllim, AYB üzvü.
araz.az xəbər portalı.