Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Erməni tarixi publisistikalarında və tarixşünaslığında Azərbaycan tarixi: saxtalaşdırma və həqiqət” adlı kitab rus dilində nəşr olunub.

araz.az azertag.az-a istinadən  xəbər verir ki, bu kitabın tərtibatçısı və ön sözün müəllifi tarix elmləri doktoru, AMEA Bakıxanov adına Tarix İnstitutunun direktoru, professor Kərim Şükürovdur.

Kitabda erməni tarixçilərinin müxtəlif dövrlərdə nəşr etdirdikləri əsərlərə Azərbaycan tarixçilərinin rəyləri salınıb. Bu, akademik Ziya Bünyadovun A.N. Ter Gevondyanın “Ermənistan və ərəb xilafəti” adlı kitabına rəydir. Ötən əsrin 80-ci illərinin ortalarından Ermənistanın Azərbaycana ərazi iddialarının yeni mərhələyə qədəm qoyması ilə erməni tarixşünaslığında anti-Azərbaycan kitablarının sayı artır. O dövrdə memarlıq doktoru, professor Davud Axundovun və Murad Axundovun erməni tarixçisi V.Smbatyanın “Qafqaz Albaniyasının tarixinə dair” əsərinə olan rəy də kitabda yer alıb. Nəşrə akademik Nailə Vəlixanlının A.K.Şaqinyanın “Zaqafqaziya ərəb xilafəti tərkibində” və “Naxçıvan ərəb xilafəti tərkibində” əsərlərinə rəyləri, Ziya Bünyadovun görkəmli epiqrafist-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Məşədixanım Nemətlə birgə A.A.Xaçatryanın “Ermənistanın XIII-XIV əsr ərəb yazılarının korpusu” kitabına rəyləri də daxil edilib. Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsinin, tarixi və memarlığının saxtalaşdırılması erməni tarixşünaslığında xüsusi yer tuturdu. Kitaba 2000-ci ildə İrəvanda Samvel Karapetyanın “Dağlıq Qarabağ bölgəsində erməni mədəniyyətinin abidələri” əsərinə tarix elmləri doktoru Vəfa Quliyevanın geniş rəyi daxil olunub. Vəfa Quliyevanın digər rəyi özünün qeyri-ordinar yanaşması ilə diqqəti cəlb edir. Bu, A.D.Papazyanın 1956, 1959 və 1968-ci illərdə nəşr etdirdiyi “Matenadaranın fars sənədləri” və “Matenadaranın çıxarışları” adlı kitablarına rəylərdir. Müəllifin kritik analizi nəticəsində erməni A.D.Papazyanın sənədlərin tərcüməsində buraxdığı səhv və interpretasiyalar aşkar edilərək həqiqət bərpa olunub. Kitabda diqqət çəkən rəylərdən biri Rizvan Hüseynovun Filip Ekozyantsın əsərinə olan rəydir. Bu müəllifin kitabı erməni tarixçiləri tərəfindən saxtalaşdırılmış tarixə yenidən baxışın zəruri olduğunu isbat edir.

Bu rəylərdə erməni tarixçilərinin tarixi faktları saxtalaşdıraraq Azərbaycan tarixinin Ermənistan tarixi kimi təqdim etmələri ifşa olunur. Sovet dövründə erməni tarixi publisistikasında və tarixşünaslığında anti-Azərbaycan baxışlarının sistemi yaradılıb. Bu həm Azərbaycan adına, Azərbaycanın tarixi, coğrafiyası, etnogenezi və sairə problemlərə aid idi. Erməni diasporunun maliyyə dəstəyi ilə bir sıra sifarişli müəlliflər meydana gəlib və onların əsas məqsədi anti-Azərbaycan fəaliyyəti ilə məşğul olmaq idi.

Zəngin faktiki sənədlər əsasında tarixi mənbələrə söykənərək Azərbaycan tarixçiləri bu əsərləri təhlil edərək Cənubi Qafqazın yeni tarixi konsepsiyasını yaradıb, ermənilərin buraya gəlmə xalq olduqlarını, erməni tarixinin saxtalaşdırılmış Azərbaycan tarixi olduğunu sübuta yetiriblər.

Kitabda yer alan rəylər Azərbaycan tarixinin Qafqaz Albaniyasından – XX əsrə qədər geniş tarixi dövrü əhatə edir.

Qeyd edək ki, kitab “Uluu Toolor” nəşriyyatında 500 nüsxə ilə çap edilib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərini, Ulu Öndər Heydər Əliyev irsinin Orta Asiya Dövlətlərində yorulmaz təbliğatçısı Nüsrət Məmmədovdur. Bu, fondun nəşr etdirib pulsuz yaydığı 154-cü kitabdır.

Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Fond öz ənənələrinə sadiq qalaraq kitabı pulsuz yaymağı planlaşdırır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.