Doğrudan da, bütün oyunları əvvəldən axıradək hədsiz çətinlik və gərginlik içində keçən Portuqaliya futbol liqasında bir oyunçunun 45 dəqiqəyə 3 qol vurması elə də asan deyil. Amma türk futbolçu Kerem Aktürkoğlu bunu bacarıb. Futbolun diliylə desək, bu cür oyun oynamaqla, sanki bir futbol şousu göstərib.
araz.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya Premyer Liqasının 9-cu turunda türkiyəli futbolçunun formasını geyindiyi “Benfika” “Estadio da Luz”da “Rio Ave”ni qəbul edib. “Benfika”nın 5:0 hesabı ilə qalib gəldiyi həmin matçda Kerem ilk 45 dəqiqədə 3 qolla het-trikə imza atıb.
Maraq üçün onu da deyək ki, Kerem 12, 16 və 45-ci dəqiqələrdə qapı torunu silkələyib. Beləliklə, türk oyunçu yeni klubunda ilk dəfə het-trik sevinci yaşayıb.
“Benfika”nın digər qollarına 79-cu dəqiqədə Andreas Şjelderup, 81-ci dəqiqədə isə, Zeki Amdouni imza atıblar. Bununla da Keremin komandası 19 xalla 3-cü pilləyə yüksəlib.
Sonda onu da qeyd edək ki, Kerem Aktürkoğlu “Benfika”da keçirdiyi 9 oyunda bir-birindən gözəl 8 qol vurub.
araz.az xəbər portalı.