Bu dəfə də azad olunmuş ərazilərin başlanğıcındakı postdan – Ağdam postundan keçirəm. Tələsirəm, dayanmaq istəmirəm. Hətta Ağdam ərazisindəki postdakı yoxlanışda itirdiyim vaxta heyfim gəlir. Bu qısa müddətli yoxlanışa sərf olunan vaxta da qənaət etmək istəyirəm.
Postda yoxlanışdan keçib yollanırıq Qarabağa. Bu dəfə bu ərazilərdən keçib Kəlbəcərə getməliyəm. Füsunkar təbiəti, təmiz havası ilə məşhur olan Kəlbəcərə. Yolda Kəlbəcərin yolunu soruşuruq. Biri dedi Laçınla gedin, digəri dedi Ağdərə ilə. Nəhayət, Ağdərə yolu ilə getmək qərarı verdik.
Murdar Vardanyanın iyrənc düşmənçiliyi
Xocalını keçib sağa – Ağdərə ərazisinə daxil oluruq. 3 yoxlanış postu keçdik, heç biri Kəlbəcər ərazisi deyil. Hər postda da soruşuruq, deyirlər hələ Kəlbəcərə daxil olmamısınız.
Nəhayət, 5-ci postdan sonra deyirlər ki, Kəlbəcərə 25 dəqiqəlik yol qalıb. Postu keçəndən sonra meşəlik ərazi başlayır. Bura da Ağdərə ərazisidir. Hektarlarla meşəlik məhv edilib, yerində separatçıların himayədarlarından olan, hazırda Bakıda istintaq təcridxanasında saxlanılan erməni milyonçu Vardanyanın mərmər və qızıl zavodları inşa olunub. Separatçılar həmin zavodlardan əldə olunan gəlirlə maliyyələşirmiş. Həmin zavodların çirkab suları isə Sərsəng su anbarına axıdılırmış. Ermənilər həmin zəhərli və çirkli suları, zavodların tullantılarını Sərsəng vasitəsilə Tərtər çayına axıdırmış.
Məhərrəmlə Siracın ruhunu daşıyan şəhər
Nəhayət, Kəlbəcərə yaxınlaşırıq. Qarşıda sıldırım qayalıq, dağın üstündə qədim kilsə görünür. Artıq Kəlbəcər ərazisinə çatırıq. Məşhur, 30 il sahibsiz qalan sıldırım qayaların boynuna dolanmış Kəlbəcər dolayları. Məhv edilən meşəliklər, uçub dağılan qayalıqlar, sovet dönəmində çəkilən köhnə və dağılmaq üzrə olan asfalt yol. Qayaların başına dolana-dolana yollanırıq Kəlbəcərə. Ermənilərin Kəlbəcəri elektrik enerjisi ilə təmin etmək üçün tikdikləri kiçik elektrik stansiyası qarşılayır bizi. Hansı ki o stansiya ilə bir kəndi normal işıqlandırmaq müşkül məsələdir. Kəlbəcər azad olunandan sonra bu stansiya da tarixə qovuşub. Əvəzində Kəlbəcərin girişinə az qalmış iki böyük yarımstansiya inşa olunub və istifadəyə verilib.
Sonuncu post Kəlbəcərin girişindədir. Postu keçib yeni tikilmiş, geniş, 4 zolaqlı müasir standartlara cavab verən avtomobil yoluna çıxırıq. Böyük yol dairəsi çıxır qarşımıza. Bir yol Zod, Ömər aşırımlarına, digər yol isə Kəlbəcər şəhərinə qalxır. Çox qəribədir. Səhər saatlarından tələsdiyim Kəlbəcərə çatanda dayanırıq. Kəlbəcər işarəsini görüb düşürük maşından. Qəribə bir hiss boğdu məni – getmək istəmirəm Kəlbəcərə. Gözümün önündən lent kimi keçir Məhərrəmlə Sirac. Məhərrəmin səsi gəlir qulağıma, “Qaqa, Kəlbəcərdəyəm, şərəfsizlərin divan tutduğu evləri çəkirik”deməsi. Donmuşam, Asəf “gedək” deyir, mən isə gedə bilmirəm. Sanki, getsəm, Məhərrəmlə Siracı şəhid edən şərəfsiz ermənilərin şərəfsiz minaları ilə qarşılaşacam bu şəhərdə. Onların şəhid olduğu anı görəcəm burada. Ona görə getmək istəmir ayaqlarım. Həmkarlarım, dostum Məhərrəm İbrahimovla Sirac Abışov məhz burda erməni minasının qurbanı olmuşdular.
Birtəhər özümüzdə güc toplayıb daxil oluruq Kəlbəcərə. Şəhər yoxdur, yerlə-yeksan edilib. 30 il işğal altında qalanda tutduqları divan azmış kimi, Vətən Müharibəsindən sonra ərazini tərk edən ermənilər Kəlbəcərə yenidən od vurub yandırıblar. 30 ildən artıq məskunlaşdıqları evlərinə də çıxanda od vurub, məhv eləyib çıxıblar şəhərdən. Yəni bu, misli görünməmiş həyasızlıqdır. İnsan 30 il yaşadığı, qurub yaratdığı, ailə saxladığı bir evi necə yandıra bilər? Bunu da bacarıb iyrənc qonşularımız.
Şəhəri gəzirik, sürətli tikinti quruculuq, əməli inkişaf gözə çarpır hər yerdə. Yeni şəhərciklər salınır, yollar tikilir, infrastruktur qurulur. Kəlbəcərdə sürətli canlanma var. Hələ köç olmamış şəhərin mərkəzində insan axını var. Dəstələrlə insanlar o baş-bu başa gedir, tikinti sahələrinin səsi, kafelərdə musiqi sədaları. Adam azərbaycanlı olması ilə fəxr edir. Azərbaycan Ordusunun cəngavərləri Kəlbəcəri qoruyur, şəhəri işğaldan qurtarmaları ilə fəxr edir. Hərbçilərimizi görəndə fəxarət hissi bürüyür məni. Qarşılaşdığım hərbçilərlə salamlaşdıqca “Eşq olsun!” deyirəm, minnətdarlıqlarını bildirilər.
Bir yerdən turş, digər yerdən isti qaynayan möcüzəli su
Hava istidir, yaxınlaşıb mağaza soruşuruq ki, su alaq. “Mağazanı neynirsiniz? Mağazaya azı 10 dəqiqəlik yoldu, amma “Turşsu”ya 5 dəqiqəlik”,- deyib gülümsəyir cavan oğlan. Elə oğlanın təklifini dəyərləndirib yollanırıq “Turşsu”ya. Heç 5 dəqiqə də çəkmir, həmin dərəyə çatırıq. Maşını saxlayıb düşürük, piyada getməliyik. Həmkarım Seymur Kazımovla piyada yollanırıq “Turşsu” yoluna. Asəf isə maşına baxmaq üçün burada qalır. Bir neçə dəqiqə meşə ilə gedəndən sonra yoruluruq, yol çox yoxuşdur. Yadıma Dilqəm Əsgərov və Şahbaz Quliyevin igidlikləri düşür. Kəlbəcər işğalda olanda bura dəfələrlə gizli səfərlər etmişdi hər ikisi. Sonuncu dəfə də səhv etmirəmsə, elə bu yolda girov götürmüşdü onları ermənilər.
Dərədən şırıltı səsi eşidirik, dayanırıq, “Deyəsən buradır”, – deyib, dayanır Seymur. Yaxınlaşıb baxırıq ki, bura deyil, amma yuxarıdan dərəboyu su axır. Təxmin edirik ki, “Turşsu”dan gəlir həmin su. Bir az da gedəndən sonra təxminən 100 metr yüksəklikdə məlumat lövhəsi görürük, tam əmin oluruq ki, tapmışıq. Yaxınlaşıb bir qaya parçasından ibarət quyu görürük. Quyunun ağzı örtülüdür, yanında su götürmək üçün kapron qab var. Quyu “Turşsu”yun quyusudur. Ətraf sapsarı rəngdədir. Suyun çöküntüləridir. İçdikcə doymuruq, bir də içirik. Xeyli içəndən sonra Seymur soruşur ki, bəlkə çox içsək ziyanı olar bu suyun. “Qorxma” deyib ona ürək-dirək verirəm və özüm yenidən həmin sudan içməyə davam edirəm.
“Turşsu”dan içib kənara çəkiləndə gözlərimizə inanmırıq. Yaxınlıqda yerdən qaynayan daha bir su mənbəyi görürük. İlahi, bu yerin hər qarışı möcüzədir. Yaxınlaşıb bu suyun da dadına baxıram. Təxminən 2 metr məsafədə yerləşən bu yerdən başqa bir su qaynayır. Elə bilirəm bu da turş sudur. İçəndən sonra görürəm ki, yox, bu su istidir. Yerin altından çıxan su həqiqətən qaynayır. Demək, bu ərazidən həm turş, həm də isti su çıxır.
Bu sudan da doyunca içirik. Ətrafı gəzib geri qayıdırıq. Əslində adam elə yerdən ayrılmaq istəmir, amma məcburuq. Bakıya qayıtmalıyıq. Kəlbəcəri görməyimə sevinsəm də, ərazini tərk etməyimə peşimanam. İmkan ola ömürlük qalasan belə möcüzəli şəhərdə. Amma təəssüf ki, bu, indiki vəziyyətdə mümkün deyil. Sağollaşıb çıxmalıyıq ki, Bakıya çataq. Sağollaşıb yolumuzu geriyə qayıdırıq, amma ürəyim hələ də o yerlərdədir. Məhərrəmlə Siracdan ayrılıram sanki Kəlbəcərdən ayrılanda. Elə onların xatirıləri ilə danışa-danışa tərk etdim Kəlbəcəri. Ürəyimdə “Mütləq bir də gələcəyik”,-d eyib çıxdıq Kəlbəcərdən.
Salamat qal, möcüzələr şəhərim!
Samir ƏLİ. Bakı — Kəlbəcər — Bakı.
araz.az xəbər portalı.