Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti hər zaman peşə dəyərlərinə sadiq qalan nümunəvi qələm sahiblərinin çalışdığı APA-nı fəaliyyətə başlamasının 20 illik yubileyi münasibəti ilə təbrik edib, onun bütün kollektivinə — rəhbərliyinə və hər bir əməkdaşına səmimi diləklərini çatdırıb, peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

araz.az xəbər portalı Təbrikin tam mətnini dəyərli oxucuları­nın diqqətinə çatdırır:

“İşini zamanın tələbinə uyğun qurmağı bacaran və inkişaf edən, obyektivliyi, dəqiqliyi və operativliyi fəaliyyətinin əsas meyarı kimi müəyyənləşdirən media orqanlarımızdan biri də APA-dır. APA ötən 20 ildə nəinki Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mütəhərrik struktura çevrilib.

Etibarlı informasiya daşıyıcısı olan APA-nın media brendinə çevrilməsi heç də asan başa gəlməyib. Təcrübəsini və yaradıcılıq keyfiyyətlərini yüksək təşkilatçılıq qabiliyyəti ilə çulğalaşdıran dəyərli həmkarımız Vüsalə Mahirqızı və onun komandası bugünkü səviyyəyə çatmaq üçün çox çalışıb, bir çox çətinliklərdən keçib. Nəticə göz qabağındadır – ölkəmiz hazırkı qloballaşma dövründə informasiya amilinə həssas yanaşan APA kimi peşəkar media orqanına malikdir.

Ötən müddətin nailiyyətləri növbəti uğurlar üçün real təminat və bazadır. APA belə bir bazanı, gələcək üçün təminatı formalaşdırmağı bacararaq, böyük ailəyə – APA Holdinqə çevrilib, daima media fəaliyyətinə, ümumən yaradıcılığa çoxşaxəli yanaşmanı, rəngarəngliyi rəhbər tutub. Əminliklə demək olar ki, böyük APA ailəsi, eyni zamanda, əsl jurnalistika məktəbi, media cameəsinə, bütövlükdə isə cəmiyyətə nümunədir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti hər zaman peşə dəyərlərinə sadiq qalan nümunəvi qələm sahiblərinin çalışdığı APA-nı fəaliyyətə başlamasının 20 illik yubileyi münasibəti ilə təbrik edir, onun bütün kollektivinə — rəhbərliyinə və hər bir əməkdaşına səmimi diləklərini çatdırır, peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır”.

 

araz.az xəbər portalı.