Rəşad MƏCİD,                                Azərbaycan Mətbuat Şurasının sədri.

Çağdaş tarixi bir-birindən əlamətdar və yaddaqalan hadisələrlə zəngin olan müstəqil Azərbaycan bu dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edərək dünyanın diqqətini özünə çəkdi. Bu möhtəşəm tədbirdə iştirak üçün xaricdən Bakıya on minlərlə insan gəlmişdi. Təkcə nüfuzlu media qurumlarını təmsil edən jurnalistlərin sayı 3600 nəfərdən çox idi.

Təbii ki, əcnəbi medianın diqqət mərkəzində olan belə bir möhtəşəm tədbir Azərbaycan mediasının da üzərinə böyük məsuliyyət qoyurdu və həmkarlarımızın bu işin öhdəsindən peşəkarlıqla gəldiklərini, mötəbər toplantını yüksək səviyyədə işıqlandırmağı bacardıqlarını əminliklə söyləyə bilərik. COP29-un birinci günündən son gününə qədər keçirilən çoxsaylı tədbirlərin yaddaqalan epizod və nüanslarının təhlili də qənaətimizi möhkəmləndirir. Əlbəttə, bu mənzərə sevindirici, eyni zamanda, qürurvericidir. Belə böyük miqyaslı tədbirin özü isə mediamız üçün bir təcrübədir.

Əvvəla, tədbirin iştirakçılarının sayının çoxluğu və onlarla fəal ünsiyyət, ilk növbədə, media təmsilçilərimizin kommunikabelliyinin güclənməsinə ciddi təsir göstərdi. Bundan əlavə, bütövlükdə sessiyanın və onun tərkib hissəsi olan panel müzakirələrin işıqlandırılması, müxtəlif ölkələrdən gələn yüksək çinli iştirakçılarla, ictimai-siyasi xadimlərlə müsahibələrin aparılması zamanı jurnalistlərimizin xarici dil biliklərini nümayiş etdirmələri çox təqdirəlayiq hal idi. Ayrı-ayrı media qurumlarımızın əməkdaşları qonaqlarla birbaşa ünsiyyət saxlayır, onların fikir və düşüncələrini bölüşmələrini təmin edirdilər.

O ki qaldı COP29-un başlıca mövzusuna, iqlim dəyişmələri, ekoloji vəziyyət və onun təzahürlərinə dair qlobal məsələləri öyrənmək özü ayrıca təcrübədir. Bakının bu məsələlərin geniş miqyasda müzakirə meydanına çevrilməsi, istər-istəməz, mediamızın da mövcud istiqamətdə yeni biliklərə yiyələnməsinə, peşəkarlığının artmasına şərait yaratdı. Nəzərə alaq ki, kommunikabellik və xarici qonaqlarla yüksək səviyyəli ünsiyyət həm də mövzuya yaxşı bələdçilik tələb edir. Bunun üçün isə məlumatlanmaq, maariflənmək əsas şərtdir. Hesab edirəm ki, COP29 jurnalistlərimizin yeniliklərlə tanış olmaları üçün, bir növ, katalizator rolunu oynadı.

Daha bir vacib məqam ondan ibarət idi ki, Azərbaycan mediası COP29-la bağlı məsələlərin işıqlandırılmasında xarici media üçün istinad mənbəyi oldu. İstinad, təbii ki, etimad və etibarlılıq mövcud olduğu təqdirdə yaranır. Hesab edirəm ki, jurnalistlərimiz COP29 çərçivəsində reallaşmış ayrı-ayrı tədbirlərin mahiyyətini düzgün formada, yüksək peşəkarlıqla çatdırdıqlarından, verilən mesajları səlis şəkildə işıqlandırdıqlarından onlara ciddi inam yarandı. Heç şübhəsiz, bu inam gələcəkdə digər fəaliyyət istiqamətlərinə də öz müsbət təsirini göstərəcək.

Azərbaycan mediası bu günlərdə həm də cəmiyyətdə COP29 aktivliyinin təmin edilməsinə nail oldu. Burada yalnız ayrı-ayrı tədbirlərin işıqlandırılması yox, eyni zamanda, həmin tədbirlər ətrafında müzakirələrin təşkili, ekspert və mütəxəssislərin mövqelərinin çatdırılması da zəruri və əhəmiyyətli idi. Jurnalistlərimiz bu vəzifənin öhdəsindən də layiqli şəkildə gəldilər və belə demək mümkünsə, cəmiyyətimizin COP fəallığının formalaşmasına töhfələrini verdilər. Fəallıq isə ətraf mühit məsələlərinə həssas yanaşma baxımından şərtdir.

Daha bir sevindirici hal Azərbaycan mediasının COP29-un işıqlandırılmasında yeni texnologiyalar və innovativ metodlardan istifadəsi idi. Bu, tədbirin verdiyi mesajların cəmiyyət tərəfindən mənimsənilməsinə dəstək deməkdir. Nəzərə alaq ki, insanlarımız canlı yayımlara, sosial media kampaniyalarına, habelə interaktiv məzmuna daha çox üstünlük verirlər.

Bundan başqa, COP29-un miqyasının böyüklüyü və bunun nəticəsi olaraq ölkəmizə jurnalist axınının güclənməsi yerli media təmsilçilərimizin xarici həmkarları ilə birbaşa əlaqələrinin möhkəmlənməsinə də təkan verdi. Bunun özü kifayət qədər ciddi dividend sayıla bilər. O baxımdan ki, xaricdəki həmkarlarla şəxsi tanışlıq dünya təcrübəsinin mənimsənilməsində, informasiya mübadiləsinin güclənməsində mühüm amildir.

Nəhayət, ümumən, ölkəmizin təbliğatı və Azərbaycan həqiqətlərinin çatdırılması amilini də unutmaq olmaz. Nəzərə alaq ki, COP29-da dünyanın müxtəlif yerlərindən 70 mindən çox insan iştirak etdi. Onların arasında yüksək ranqlı, nüfuzlu şəxslər vardı. Yeri gəlmişkən, qeyd edim ki, jurnalistlərimiz prezidentlərlə, baş nazirlərlə müsahibələrə can atırdılar, kifayət qədər sərbəst davranmağı bacarırdılar. Nəticədə ölkəmizin təbliğatı baxımından da xeyli əlverişli mühit formalaşdı. Yəni, jurnalistlərimiz fürsətdən lazımınca bəhrələndilər. Onlar qonaqların Azərbaycan tarixi, mədəniyyəti, məişəti, mətbəxi, həmçinin COP29-un təşkili barədə təəssüratlarını bölüşmələri istiqamətində çalışdılar və mövcud xüsusda hazırladıqları materialları xaricdə də yaymaqla son dərəcə vacib təbliğat işinin öhdəsindən ustalıqla gəldilər. Bütün bunlar isə COP29-la bağlı dünyadakı bəzi qüvvələrin, o cümlədən, ermənipərəst dairələrin antiazərbaycan mahiyyətli ritorikalarına layiqli cavab idi.

Ayrıca COP29 ərəfəsində ölkəmizdə ingilisdilli telekanalın fəaliyyətə başlaması ümumi media mənzərəsinin tamamlanması baxımından, bir növ, yerinə düşdü. Telekanalın əməkdaşlarının fəallıqları, peşəkar yayımları diqqətimdən yayınmadı. Habelə, onların ayrı-ayrı yüksək vəzifəli xaricilərlə ünsiyyət ahəngdarlığını hiss etdim. O cümlədən, səmimi və nəzakətli davranışlarını da. Bunlar jurnalistikada son dərəcə önəmli məqamlardır. Fikrimcə, jurnalist, media təmsilçisi əlaqə saxladığı müsahibin yalnız dilində danışmalı deyil, eyni zamanda, ünsiyyəti də həmin şəxsin mental xüsusiyyətlərdən irəli gələn anlayış tərzinə uyğun qurmalı, mimika və jestikulyasiyaları yerində etməyi bacarmalıdır. Bunu görmək, həqiqətən, çox sevindirici idi.

Azərbaycan mediasının COP29-un işıqlandırılmasında mühüm rol oynadığını beynəlxaq tədqiqat mərkəzlərinin təhlilləri də təsdiqlədi. Dəyərləndirmələrin dəqiq müəyyənləşdirilmiş ölçülərə və meyarlara əsasən aparıldığını nəzərə alsaq, deyə bilərik ki, bu qiymət obyektiv idi, heç də ölkəmizin nüfuzlu beynəlxalq tədbirə ev sahibliyini gerçəkləşdirməsindən irəli gəlmirdi.

COP29-da mediaya yaradılmış şərait üzərində də dayanmaq istərdim. Media mərkəzi ilə şəxsən tanış olduğumdan deyə bilərəm ki, istər yerli, istərsə də xarici jurnalistlərin dinamik fəliyyət göstərmələrində şərait amili də öz sözünü dedi. COP29-un media koordinatoru Aleksandr Sayerin açıqlaması da pozitiv mənzərəyə aydınlıq gətirdi. Cənab Sayer konkret statistika üzərində dayandı və bildirdi ki, Olimpia Stadionunda yazılı mətbuat üçün təxminən 300 yerlik sahə var, beynəlxalq media üçün isə 60-a yaxın otaq ayrılıb: “Hər şey müzakirə olunaraq, planlaşdırılaraq yüksək səviyyədə təşkil edilib. Təkcə media mərkəzi deyil, bütün məkanda hər şey yaxşı hazırlanıb”.

Bir sözlə, bu gün hər anlamda demək olar ki, Azərbaycan dövləti kimi, ölkəmizin jurnalistikası da COP29 sınağından üzüağ və alnıaçıq çıxdı. Bu münasibətlə həmkarlarımı təbrik edir, onlara uğurlar, Vətənimizi ucalarda tutacaq daha böyük tədbirləri işıqlandırmalarını arzulayıram.

araz.az xəbər portalı.