Batuminin yeni məscidinin imamı Tamaz Mqeladze Gürcüstanda üç gün əvvəl başlayan etiraz hərəkatına münasibət bildirib. araz.az aktual.ge Gürcüstan xəbər portalına istinadən xəbər verir ki, o, hakimiyyəti ağlını başına toplamağa və öz vətəndaşlarının səsinə qulaq asmağa çağırıb.

Din xadimi azad Gürcüstan üçün dua etdiyini bildirib və bəyanatını “Rusiyaya yox” şüarı ilə yekunlaşdırıb.

Tamaz Mgeladzenin Bəyanatı:

“Ölkə üçün əhəmiyyətli və həlledici bir anda hər birimizin mövqeyinin aydın olması və hadisələrə tam qiymət verilməsi vacibdir. Bu gün Gürcüstanda baş verənlər ciddi diqqət tələb edir. Ölkəmiz çətin bir yoldan keçir və belə bir vaxtda daxili və xarici qüvvələrin təxribatları mümkündür. Buna görə hər birimiz düşünülmüş addımlar atmalıyıq, çünki insanların həyatı, sağlamlığı və ölkənin gələcəyi risk altındadır.

Bir müsəlman din xadimi olaraq, mənim üçün hər bir insanın həyatı və sağlamlığı mühümdür. Hər cür zorakılıq, nifrət, düşmənçilik və pislik qəbuledilməzdir. Hakimiyyəti ağlını başına toplamağa və öz vətəndaşlarının səsinə qulaq asmağa çağırıram. Hüquq-mühafizə orqanlarına isə müraciət edirəm: təxribatlara uymayın, sakitliyinizi qoruyun, vətəndaşların hüquqlarını müdafiə edin və səlahiyyətlərinizi aşmayın.

Bununla yanaşı, ədalətin tərəfində durmağı və Gürcüstanın azadlığı, ədaləti, inkişafı və irəliləyişi üçün ürəyi yanan hər kəsin durmalı olduğu yerdə olmağı özümə borc bilirəm.

Sülh, azadlıq, vahid və güclü Gürcüstan üçün dua edirəm. Rusiyaya yox!”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 28 noyabrda Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddətdə hər hansı büdcə qrantını qəbul etməyəcək qərarını verməsindən sonra ölkədə yeni etiraz hərəkatı başlayıb.

araz.az xəbər portalı.