Bu gün səhər saatlarında mikrorayonlar deyilən ərazidəki Sumqayıt camaatını beşmərtəbəli yaşayış binasında baş verən güclü partlayışın səsləri oyadıb. Partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Əraziyə təcili tibbi yardım və FHN qüvvələri cəlb edilib. TƏBİB-in xəbərinə görə, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin ehtimala görə, saat 06.40 radələrində baş verən bu partlayış qaz sızmasından olub. Partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilib. FHN mətbuat xidmətinin məlumatına görə,
hadisə nəticəsində 2-si kişi, 1-i qadın olmaqla, xəsarət alan 3 nəfər dağıntılar altından sağ çıxarılaraq, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
1977, 2007 və 2010-cu il təvəllüdlü bu şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə, orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir. 1 nəfərin hələ də dağıntılar altında qaldığı deyilir. 13 nəfər isə, ciddi bədən xəsarətləri alıb.

DİN Mətbuat Xidmətindən bildirilib ki,  partlayışla bağlı polis əməkdaşları da hadisə yerinə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə, polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi və digər zəruri tədbirlər davam etdilir.

araz.az öz oxucularına APA tərəfindən çəkilən fotogörüntüləri təqdim edir:

 

araz.az xəbər portalı.