Dekabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Bu barədə Muzeydən araz.az-a daxil olan məlumata görə, tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova açaraq, qonaqlara muzeyin tarixi və fəaliyyəti barədə məlumat verib. Ümumrusiya Dekorativ Sənəti Muzeyinin direktoru Yelena Titova çıxış edərək, konfransın əhəmiyyətini vurğulayıb, üç gün ərzində maraqlı məruzələrin təqdim olunacağını, faydalı fikir və təcrübə mübadiləsinin aparılacağını diqqətə çatdırıb. Sonra hər iki muzeyin direktorları bir-birinə xatirə hədiyyəsi bağışlayıblar.

Konfrans “MDB məkanında muzeylərarası əməkdaşlıq” mövzusunda akademik sessiya ilə işini davam etdirib. Burada “Birlik irsi. Gələcək üçün ənənələr” planşet sərgisi təqdim olunub.

Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan muzey direktorları və mütəxəssislərinin qatıldığı beynəlxalq tədbir dekabrın 5-dək davam edəcək. Akademik sessiyalarda “Muzey və insanlar”, “Muzey və informasiya resursları”, “Təbiət və ənənələr ilham mənbəyi kimi”, “Avrasiya mədəniyyətlərinin ən qədim əsasları: arxetiplər, simvolizm, arxeoloji artefaktlar”, “MDB xalqlarının dekorativ sənəti”, “Müasir muzeyin ənənələrin qorunmasında rolu” kimi mövzularda məruzələr dinləniləcək.
Konfrans çərçivəsində mədəni proqram təşkil olunacaq.

Qeyd edək ki, “Birlik irsi. Gələcək üçün ənənələr” çoxillik kompleks proqramı çərçivəsində keçirilən konfrans Ümumrusiya Dekorativ Sənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə baş tutub.

 

araz.az xəbər portalı.