“Vəzifə sahiblərinin törətdikləri digər əməllər milli mentalitetimizə, ailə dəyərlərimizə zidd olduğundan, onlar barədə yazmaqda çətinlik çəkirəm” — ŞİKAYƏTÇİ
Redaksiyamıza mövcud qanunlarımızın tələblərinə riayət etməyən vəzifə sahiblərinin bəd əməlləri barəsində narazı Azərbaycan vətəndaşlarından gələn şikayətlərin ardı-arası kəsilmir ki, kəsilmir. Dərdləri çox olanlar, üz tutduqları əlaqədar dövlət qurumlarının qapılarından “əlləri ətəklərindən geri dönənlər” nə edəcəklərini bilmirlər deyə, son ümid yeri olaraq, mətbuata üz tutur, məmur özbaşınalığından yaranan müxtəlif problemlərinin ictimailəşməsi üçün bizdən kömək umurlar.
araz.az-ın ünvanına göndərilən növbəti belə bir şikayət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın səlahiyyət sahiblərindəndir. Ölkə başçısı İlham Əliyevin adına yazılan və şikayətçi Azər Nəsib oğlu Osmanov tərəfindən imzalanan bu şikayət məktubunun təsirli çox epizodları var.
“Möhtərəm Prezident! Hər bir Azərbaycan vətəndaşı kimi, mən də, Sizin apardığınız müdrik və uzaqgörən daxili və xarici siyasəti bəyənir və dəstəkləyirəm. Əfsuslar olsun ki, bəzi məmurlar öz qanunsuz hərəkətləri, özbaşınalıqları, məmur adına yaraşmayan hərəkətləri ilə, Sizin vətəndaşyönümlü, humanist və ədalətli daxili siyasətinizə kölgə salmağa çalışırlar” — deyə, şikayətçi məktubunu bu sözlərlə başlayır.
Sonra qeyd edir ki, 2022-ci ilin may ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İqtisadiyyat şöbəsində böyük mütəxəssis vəzifəsində çalışıb. Qüsursuz nümunəvi xidməti müqabilində, fərdi qaydada rəhbərlik tərəfindən mükafatlandırılıb da.
“Buna baxmayaraq, 2024-cü ilin iyun ayında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin göstərişi ilə işdən çıxarılmışam — sədrin özünün, onun müavini Hasil Abbasovun və qurumun digər vəzifəli şəxslərinin özbaşınalıq, sui-istifadə və bu kimi digər bəd əməllərinin ört-basdır edilməsi üçün! Bu azmış kimi, hədə-qorxu, aldatma və digər iyrənc üsullarla buna nail olmaqdan çəkinməyiblər də” — şikayətçi məktubundakı bu epizodu xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, 2024-cü ilin birinci rübündə işlədiyi şöbəyə sürücü vəzifəsinə işə götürülən Qarabağ Müharibəsi qazisi, döyüşlərin birində ağır yaralanan Elmar Şərifovla, iş yoldaşlığı zəminində, aralarında dostluq münasibəti yaranıb:
“Dostum mütəmadi olaraq, mənə, Hasil Abbasov tərəfindən istismara məruz qaldığını, demək olar ki, hər gün gecə saatlarında onu zəng edərək, müxtəlif kafe, bar, restoran, hotel və digər məişət-iaşə obyektlərinə çağırdığını deyirdi. Bildirirdi ki, sədr müavini ondan, faktiki olaraq, ayıq sürücü kimi və müxtəlif “xidmətlər” göstərən şəxslərə vasitəçi qismində istifadə edir. Gündüzlər isə, onun ailə sürücüsü kimi fəaliyyət göstərir. Bu səbəbdəndir ki, nəinki Hasil Abbasovun özünün, eləcə də, onun qaynanasının, qaynının və digər yaxın qohumlarının evlərini artıq öz ünvanı kimi tanıyır.
Bu yerdə onu da qeyd edim ki, dostum Elmar Şərifovun danışdığı digər faktlar milli mentalitetimizə, ailə dəyərlərimizə zidd olduğundan, onların barəsində yazmaqda çətinlik çəkirəm”.
Azər Osmanov məktubunda məlumat üçün onu da bildirir ki, qurumun sürücüsü kimi, Elmar Şərifova, əməkdaşları 5 saylı DOST Mərkəzinə və müxtəlif xidməti binalara aparmaq üçün, “Mercedes E 240” markalı, AZ 90 AU 790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhkim olunubmuş. Lakin həmin minik maşınından və onun üçün ayrılan yanacaqdan, faktiki olaraq, yalnız və yalnız Hasil Abbasovun şəxsi işlərinin həlli, həm də gecə həyatı üçün istifadə olunub. Elmar Şərifov isə, bütün gün boyu istismar olunduğundan, çox az hallarda qurumun binasında görünüb. Buna görə də, sürücü ilə yalnız dostunun, şöbə müdirinin və bir-neçə əməkdaşın ünsiyyəti mümkün olub.
“Müvafiq normativlərə əsasən, iş vaxtından sonra qarajda olmalı xidməti avtomobillə bağlı, qeyri-iş günlərinə dair inzibati xəta protokolları quruma daxil olduqca, kollektiv arasında söz-söhbətlər yaranır, məsələnin üstü açılırdı. Həmin avtomobillə bağlı qəza hadisəsi baş verdikdən sonra, Elmar Şərifov əmək müqaviləsinin bitməsi əsası ilə, işdən çıxarıldı. Halbuki, bütün digər əməkdaşların müqaviləsi müddətli idi və yalnız onun müqaviləsi uzadılmadı. Bundan sonra, Elmar Şərifov məruz qaldığı istismarla bağlı müxtəlif instansiyalara şikayətlər verməyə başladı və bununla da, ajiotaj yarandı. Elə, buna görə də, Hasil Abbasov və Elnur Səfərli Dövlət Məşğulluq Agentliyinin hazırki sədri, qurumun o vaxtkı kurasiya şöbəsinin müdiri Sadiq Əliyevin himayəsinə arxalanıb, iz itirmək və şahidləri təmizləmək məqsədi ilə, Elmar Şərifovla ünsiyyəti olan bütün əməkdaşları müxtəlif bəhanələrlə işdən çıxarmağa başladılar. Onlar Elmarın baş verən hadisələri, ələlxüsus da, Hasil Abbasovun gecə həyatını ünsiyyətinin olduğu əməkdaşlara nəql etmək ehtimalından narahat idilər.
Sadalanan şəxslər əvvəlcə müxtəlif bəhanələr əsasında hədə-qorxu, təzyiq altında şöbə müdirimiz K. Rəhimovu işdən çıxartdılar. Daha sonra, özlərinə yaxın əməkdaşların vasitəsi ilə, məni hədələməyə, işdən çıxmağım üçün ərizə yazmağa məcbur etməyə başladılar. Hasil Abbasov isə, məni inandırırdı ki, ərizə yazıb, heç yerə şikayət vermədən işdən çıxdığım halda, məni ya İqtisadiyyat Nazirliyinə, ya Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyinə, ya da, özü transfer olunacağı təqdirdə, Dövlət Məşğulluq Agentliyinə işə düzəldəcək.
Mənə çatdırdıqları hədə-qorxu və təzyiq isə ondan ibarət idi ki, güya, qurumun maliyyə-təsərrüfat sistemində və anbar təsərrüfatında mənim əmək funksiyalarımla bağlı müəyyən çatışmazlıqlar var. Özüm ərizə yazmasam, məni ƏM-in 70-ci maddəsnin “Ç” bəndi ilə işdən çıxaracaqlar.
Halbuki vətənpərvər, dövlətini sevən bir insan kimi, mən, dövlət əmlakına daim göz bəbəyi kimi yanaşmış, hər bir inventarın, hər bir dövlət əmlakının üzərində əsmişəm. Əslində, bu qurumun maliyyə-mühasibat və təsərrüfat “uçotunda” mövcud ola biləcək bütün çatışmazlıqlar, adıçəkilən şəxslərin özlərinin tamahları, dövlət əmlakından şəxsi məqsədləri üçün sui-istifadə etmələri ucbatından ola bilərdi.
Onların qorxub-çəkinmədən belə qanunsuz işlərlə məşğul olmaları barədə də, faktlar istənilən qədərdir. Məsələn, surəti məndə olan “Əmlakların (qiymətlilərin) buraxılışı” Tələbnaməsindən aydın görünür ki, qurumun büdcəsi hesabına 3 ədəd, hər birinin qiyməti 3004 (üç min dörd) manat olmaqla, cəmi 9012 (doqquz min on iki) manat vəsait hesabına, texniki göstəriciləri 13 QHD (2880×1920) IPS 120 Hz/ İntel Core i5 – 1145G7 LPDDR4 8 GB və s. əlavələri olan elektron qələm, keybord və çanta Tablet satın alınıb. Həmin planşetlərin üçü də, özlərinə yaxın əməkdaşın adına qeydiyyatdan keçirilib. Di gəl ki, hər üçü də, şəxsi məqsədlər üçün istifadə olunub. Yeri gəlmişkən deyim ki, həmin əməkdaş da, iz itirilməsinə görə, sonradan başqa Nazirliyə transfer edilib. Əsas odur ki, həmin planşetlərdən birini, Elnur Səfərlinin tapşırığı ilə, özüm aparıb Sadiq Əliyevə, onun kabinetində təhvil vermişəm. Sadiq Əliyevsə mənim yanımda zəng edərək, Elnur Səfərlini acıqlayaraq: “Bəs, bunun adaptoru hanı, bunu nəyə taxacam?” — deyə, qəzəblənib. Halbuki, sırf xidməti istifadə məqsədilə, yəni sorğuların keçirilməsi üçün alınan həmin planşetlərin dəyəri vur-tut 300-500 manat civarında, texniki parametrləri isə, bundan qat-qat aşağı idi. Başqa sözlə, xidməti istifadə və sorğuların keçirilməsi üçün, 300-500 manatlıq və orta seqmentli texniki parametrlərə malik planşetlər də, kifayət edirdi.
Təkcə, elə, ötən 2022-ci il ərzində, “Azpetrol Ltd” MMC-yə, benzin yanacağının alınması üçün, 7475,20 manat xərcləndi. Halbuki, qurumun regionlarda heç bir filialı və ya nümayəndəliyi mövcud deyildi, qurum vətəndaşlara birbaşa xidmət göstərmir və yerlərdə vətəndaş qəbulu da keçirmirdi. Həmin ildə, AR NK-nın 18 iyul, 2011-ci il tarixli, 120 nömrəli qərarı ilə, təsdiq edilmiş xidməti minik avtomobilləri üçün yürüş həddi normalarına düzgün əməl olunmaması nəticəsində, qurumun istifadəsində olan 2 avtomobil üzrə 595,80 manat dəyərində 297,90 litr benzin (!!!) artıq silinmişdi.
Qurumun istifadəsində olan “Toyota Camry” markalı 99 PT 642 nömrə nişanlı minik avtomobili müvafiq ezamiyyə əmrləri olmadan, inzibati ərazidən kənarda, Şamaxı və Hacıqabul rayonlarında olmuş, buna görə, 186 manat dəyərində premium markalı benzin sərf edilmişdi.
2022-ci ildə Observatoriyanın 3 illik yubileyi adı altında minlərlə manat dövlət vəsaiti israf edilmiş, həmin pullar müxtəlif təchizatçılardan çap materialları, dəftərxana ləvazimatları alınması, tədbirin təşkili, videoçəkiliş aparılması və s. adları altında silinmişdi. Halbuki, qurum 2020-ci ilin mart ayının 25-də yaradılmış, həmin tarixdə hüquqi şəxslərin reyestrində qeydə alınmışdı. Bir sözlə, yubiley tədbiri keçiriləndə qurumun vur-tut 2 yaşı vardı və 3 illiyi tamam deyildi. Hətta 3 illiyi tamam olsaydı belə, belə bir tədbirin keçirilməsi düzgün deyildi. Çünki yubiley tədbiri 5, 10, 15, 20, 50, 100 kimi yuvarlaq rəqəmlərlə ifadə olunan müddətlərdə keçirilir və praktikada hələ 3 illik “yubileyini” keçirən müəssisə və təşkilat mövcud olmayıb. Təşkilat uşaq deyil ki, 3 yaşı tamam olanda qohum-əqrəbanı toplayıb, ona ad günü keçirəsən.
Təbii ki, burada əsl məqsəd aydındır. Həm də, həssas sosial qruplar, işsiz və işaxtaran şəxslər, aztəminatlı ailələlərin maddi-məişət şəraitinin yaxşılaşdırılması baxımından, Observatoriyanın 3 illik “yubiley” təntənəsinin nə əhəmiyyəti ola bilərdi?!
Bununla yanaşı, şübhəli, mübahisəli, hətta müvafiq dövlət orqanının qərarı ilə, bir-neçə dəfə ləğv edilmiş tenderlər nəticəsində, qalib elan edilmiş bir sıra təchizatçılara mal anbara daxil olmadan ödənişlər aparılır, elektron qaimələr göndərilir, nəticədə, anbar “uçotunda” defisitlər yaranırdı. Bu defisitləri isə, sonda bir-birilərinin üzərinə atmağa, bu da mümkün olmayanda, mütəxəssis heyətinin adına çıxmağa çalışırdılar.
Qurumun Nizamnaməsində, təsis sənədlərində dövlət qulluqçularının və digər əməkdaşların attestasiyası, imtahanlara cəlb olunması ilə bağlı bircə kəlmə olmadığı halda, Elnur Səfərlinin təşəbbüsü ilə, 200 min manatdan artıq vəsait imtahan mərkəzinin yaradılmasına, bunun üçün kompyuter avadanlıqlarının alınmasına xərclənmişdi. Halbuki, belə imtahanların Observatoriya tərəfindən mandatına uyğun olmadığı halda keçirilməsini şərti zərurət kimi qəbul etsək belə, bunun üçün dövlət vəsaitlərinə qənaət baxımından, DOST mərkəzlərinin infrastrukturu artıqlaması ilə kifayət edirdi. Təsadüfi deyil ki, həmin imtahan mərkəzinin yaradılmasından əvvəl belə, imtahanlar şənbə günləri, məhz, 4 saylı DOST Mərkəzində keçirilirdi və mərkəzin infrastukturu, kompyuter avadanlıqları belə imtahanların təşkilinə artıqlaması ilə kifayət edirdi. Həm də, cənab nazirin tapşırığı ondan ibarət idi ki, büdcəyə qənaət baxımından, bu və ya digər tədbirlər mövcud resurslar əsasında təşkil edilsin.
Təkcə onu qeyd etmək kifayətdir ki, Nazirliyin özünün müvafiq maliyyə monitorinqi nəticələri haqqında arayışına əsasən, Milli Observatoriyada maliyyə çatışmazlığı və uyğunsuzluq 82,3 faiz həddində olmuşdu. Məhz, elə buna görə də, publik hüquqi şəxs kimi yaradılmış və perspektivdə təsərrüfat hesablı müəssisəyə çevrilməsi və özünümaliyyələşdirməsi nəzərdə tutulan belə bir qurum zərərlə işləməkdə və faktiki olaraq, dövlət büdcəsinə və minlərlə muzdlu işçinin və işəgötürənin aylıq ödənişlər apardığı işsizlikdən Sığorta Fonduna yük olmaqda davam edir” — deyə, şikayətçi məktubuna bu epizodla daha təsirli çalarlar əlavə edib.
Narazı vətəndaş şikayət məktubunun sonunu isə, ümidverici bu epizodla tamamlayır:
“Möhtərəm cənab Prezident!
“İsgəndərin buynuzu var” taktikası ilə, yaralı qazi Elmar Şərifovun başına gətirdiklərini gizlətmək, habelə, vəzifə başında yol verdikləri sui-istifadə hallarının yaratdığı isti izləri itirmək, şahidləri işdən səs-küysüz çıxarmaq üçün, Elmarın özünü, məni, şöbə müdirini, həmcinin, bu şöbə müdiriylə ünsiyyəti olmuş iki departament müdirini hədələyən və işdən çıxaran həmin səlahiyyət sahibləri unudurlar ki, bu ölkənin Sizin kimi qətiyyətli, ədalətli və müdrik siyasətli dövlət başçısı var. Sizin dahi sərkərdəliyiniz hesabına işğaldan azad edilən düşmən tapdağı altındakı doğma torpaqlarımızda misilsiz tikinti-quruculuq və abadlıq işlərinin aparıldığını da, onlar başa düşmək istəmirlər. Belə olmasaydı, Qarabağımıza həyatın qayıtmasının, Qarabağımızın həyata qayıtmasının nə demək olduğunu çoxdan anlayardılar. Anlayardılar ki, hər bir qəpik, hər bir manat dövlət vəsaitinin xüsusilə dəyərli olduğu belə bir həssas məqamda, hər bir qurum rəhbərinin və hər bir vəzifəli şəxsin ən ümdə borcu büdcədəki dövlət vəsaitlərinə xüsusilə qənaətlə və həssaslıqla yanaşmaqdan, onlardan mümkün qədər səmərəli istifadə etməkdən ibarət olmalıdır. Əfsuslar ki, adıçəkilən məmurlar büdcə pullarının nə demək olduğunu anlamaq istəmir, bununla kifayətlənməyərək, təcrübəli, peşəkar və dürüst əməkdaşları da, iyrənc məqsədləri naminə işsiz qoyurlar. Sizdən bir Azərbaycan vətəndaşı, doğma Vətənini sevən bir mütəxəssis kimi, qeyd olunan xoşagəlməz halların aradan qaldırılmasını şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm! Kömək üçün Sizə qabaqcadan minnətdaram!”.
Kəskin tənqidə tuş gələn qarşı tərəflərin mövqelərini dərc etməyə də hazırıq.
Məhi ELSEVƏR, Səməndər QURBANOV,
araz.az xəbər portalı.