1410071484_hqdefault.jpg


“Yaponlar kaseti satmağımız üçün 10 min dollar təklif etdilər, biz isə…”

 Respublikanın əməkdar jurnalisti Eyruz Məmmədovu Azərbaycanda yazıçı-publisist kimi yaxşı tanıyırlar. 30 ildir ki, 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğuldur. Onun “28-dən 29-na keçən gecə”, “Erməni təxribatı”, “Ermənilərin Sumqayıtda qanlı aksiyası”, “İyirmi ildən sonra” “Sumqayıt hadisələrinin sirrləri: faktlar, mülahisələr, şərhlər”, “Sumqayıt,1988. Cinayət və cəza” (Ramazan Məmmədovla birlikdə) kitabların, “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” (beş seriyalı), “Sumqayıt”, “Sumqayıtın bir axşamı” sənədli filmlərin ssenari müəllifidir. Əsərləri türk, rus, alman, ingilis, ispan dillərinə tərcümə olunub.

Eyruz Məmmədovla apardığımız müsahibəni sizə təqdim edirik.

– Eyruz müəllim, Sumqayıtda baş verən hadisələrdən 30 il vaxt keçir. Siz respublikada ilk jurnalistsiniz ki, 30 ildir ki, bu hadisələrlə bağlı araşdırmalar aparırsınız. Ümumiyyətlə buna sizi vadar edən nə oldu?

-Bakıda anadan olsam da, 5 yaşından Sumqayıtda yaşayıram. Burada böyümüşəm, tərbiyə almışam, həyatım bu şəhərdə formalaşıb. Sumqayıt mənim üçün dünyanın ən gözəl və yaraşıqlı şəhərlərindən biridir.

1988-ci ildə Sumqayıtda baş verən hadisələrin canlı şahidi olmuşam. Daxilən hiss edirdim ki, bu hadisə təsadüfən törədilməyib. Belə qənaətə gəlmişdim ki, bu, Moskvanın, Qorbaçovun dediyi kimi bir qrup “xuliqan”ın yox, böyük siyasi qüvvələrin və kəşfiyyat orqanlarının işidir. Çünki azyaşlı uşaqlar iri sənaye şəhərində bu cür dəhşətli və qanla nəticələnən təxribat törədə bilməzdilər. Bu, əvvəlcədən düşünülmüş və planlaşdırılmış bir aksiya idi. Bu, hadisələrin sifarişçilərini, təşkilatçılarını, icraçılarını ifşa etmək üçün bir məhəllədə yaşadığım dostum, tanınmış kino-rejissor Davud İmanovla belə qərara gəldik ki, Sumqayıtda baş verən hadisələrin izinə düşüb sənədli film çəkək.

– Eşitdiyimizə görə, həmin dövrdə Kommunist Partiyası və Dövlət Təhlükəsizlik Komitəsi sizə sənədli film çəkməyə qadağa qoymuşdur, bu doğrudurmu?

-Bəli, bu həqiqətdir. Bir sıra təzyiqlər olsa da, biz fikrimizdən və inadımızdan əl çəkmədik, baxmayaraq ki, bizə hər cür mane olacaqlarına qətiyyətlə bildirmişdilər. Mən həmin vaxtlar onları qınamırdım. Çünki, istər yerli Kommunist partiyası, istərsə də xüsusi xidmət orqanları Moskvaya tabe idilər və onların göstəriş və tövsiyələri yerlərdə birmənalı qəbul edilir və yerinə yetirilirdi.

– Niyə məhz Sumqayıt? Bu sualı çoxları verir, cavablar isə biri-birindən fərqlidir. Sizin fikrinizi bilmək pis olmazdı.

-Bilirsiniz, hər şey Dağlıq Qarabağdan başlandı. Bu da təsadüfi deyildi. Qorbaçov hakimiyyətə gələndən sonra onun ətrafına ermənipərəst qüvvələr toplandı. Siyasi məsələlər üzrə Şahnazarov, iqtisadi məsələlər üzrə Ağanbekyan, planlaşdırma məsələləri üzrə Sitaryan onun köməkçiləri təyin olundular. Bu qüvvələr xaricdə yaşayan erməni lobbisinin yaxın köməkliyi ilə Qorbaçovun elan etdiyi “yenidənqurma” siyasətindən tarixi şans kimi istifadə edərək Dağlıq Qarabağı Azərbaycanın tərkibindən alınıb Ermənistanın tərkibinə qatılması haqqında fikri ortaya atdılar və bunun üzərində ciddi işləməyə başladılar. Lakin qarşıda bir maneə var idi. Bu da SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Mərkəzi Komitə Siyasi Bürosunun üzvü Heydər Əliyev idi. Onu tutduğu vəzifələrdən uzaqlaşdırmayana qədər bu məsələ həllini tapa bilməzdi. Məhz buna görə də bu məsələ bir necə il uzadıldı.

H.Əliyev 1987-ci ilin oktyabr ayında tutduğu vəzifələrdən istefa verdikdən sonra ermənilərin böyük təbliğat kampaniyası başlandı. Xaricdə və SSRİ-də bir sıra ermənipərəst kütləvi informasiya vasitələri Azərbaycanın əlehinə, tarixi təhrif edərək, böhtan dolu materiallar dərc etməyə başladılar. Bu işdə Rusiyada yaşayan yazıçı-publisistlərdən G.Borovik, A.Nuykin, Q.Staravoytova, A.Afanasyev, Y.Yakovlev çox canfəşanlıq göstərirdilər. Bu çirkin kampaniyanın qarşısını almaq əvəzinə M.Qorbaçov 1988-ci ildə Amerikada rəsmi səfərdə olarkən erməni icmaası ilə görüşündə Dağlıq Qarabağın taleyini ermənilərin xeyrinə həll edəcəyinə söz vermişdi. Bunun müqabilində erməni milyonerləri Qorbaçova Amerika rəssamı İnok Klousun «Карта Вселенной» və Ayvazovskinin «Петербург, Вид на стрелку Васильевского острова» rəsm əsərlərini, Şaginyan ailəsi isə XVII əsr pravoslav kilsəsinin qədim əlyazmalarını və onun xanımı Raisa Maksimovnaya brilyantdan ibarət qolbağı hədiyyə etdilər. Bununla belə, Azərbaycan tərəfindən qəti addımlar atıldığını görüb Sumqayıt kartından istifadə etdilər. Soruşursunuz ki, niyə Sumqayıt? Sumqayıt fəhlə şəhəri idi. Sovetlərin vaxtında bu şəhəri kimya poliqonuna çevirmişdilər. Ətraf mühit tez-tez çirkləndirilirdi, bu da əhalinin ciddi narazılığına səbəb olurdu. Onu da qeyd edim ki, həmin vaxtlar SSRİ Kimya naziri erməni millətindən olan Konstandov idi və o, Sumqayıt şəhərinin “qara dumana” bürünməsində, sakinlərin təmiz hava əvəzinə “xlor”la nəfəs almasında böyük canfəşanlıq göstərərək, başqa respublikaların imtina etdiyi zərərli və zəhərli sex və istehsalatların döğma şəhərimizdə tikilməsinə və istismara verilməsində əlindən gələni edirdi. Lindan sexini misal çəkmək kifayətdir ki, problemin nə qədər ağır olduğunun şahidi olasan. Altı ay ərzində istismarda olan bu sexdə çalışan yüzlərlə gənc oğlan və qızlar gələcəkdə ata və ana olmaq şərəfindən məhrum olmuşdular.

Ölkə rəhbərliyi və müvafiq nazirliklər zərərli sex və istehsalatları işə buraxmaqla genefondumuzu da məhv etməyi qarşılarına məqsəd qoymuşdular. Həmin illər sənaye tikintisi ilə mənzil tikintisi arasında disbalans yaranmışdı. Sənaye sürətlə inkişaf edir, mənzil tikintisi isə geridə qalırdı. Təsəvvür edin, 1988-ci ildə Sumqayıtda mənzil növbəsində 17 min adam dayanmışdı. Gecəqondularda 20 min aəzrbaycanlı anti-sanitariya vəziyyətində yaşayırdı. Bir yaşına qədər uşaqların ölüm göstəricisi ittifaq miqyasında birincilər sırasında gedirdi. Bir neçə min cinayət törətmiş şəxslər icbari iş alaraq Sumqayıtda yaşayırdı. Bütün bunlar sovet hökumətinə, kommunist rejiminə qarşı böyük narazılıq yaradırdı. Burada 80-dən çox millətin nümayəndələri yaşayırdı və Sumqayıtda etnik zəmində konflikt yaratmaq və alovlandırmaq başqa regionlara nisbətən əlverişli bir məkan olduğundan təxribat da məhz burada, Sumqayıtda törədildi.

– Sizin araşdırmalarınızdan və nəşr etdiyiniz kitablarınızdan belə məlum olur ki, Sumqayıt hadisələrindən əvvəl şəhərə erməni millətindən olan bir qrup ekstremist gəlmişdi. 

– Milli Təhlükəsizlik Nazirliyinin və Respublika Baş Prokurorluğunun arxiv materiallarından aydın olur ki, Sumqayıtda həqiqətən bir qrup erməni ekstremistləri iğtişaşlarda fəal iştirak etmişdilər. Bu haqda danışmazdan əvvəl onu da qeyd etmək istəyirəm ki, 1988-ci il, fevralın ortalarında Sumqayıta SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Paponin başda olmaqla 30 nəfərdən artıq əməkdaş ezam olunmuşdu. Yerli agenturanın verdiyi məlumata görə, “Sumqayıtda iğtişaşlar gözlənilir, şəhərə ekstremist qruplar daxil olmaqdadır”. Bu haqda yerli təhlükəsizlik orqanlarının əməkdaşları Moskvadan gələn həmkarlarına söyləyəndə, onlara heç bir hadisəyə müdaxilə etməməyi qəti qadağan etmişdilər. Bu, nədən xəbər verirdi? Deməli, Sumqayıtda baş verən hadisələr əvvəlcədən planlaşdırılmışdı və onun təşkilatçıları SSRİ KQB-si, Ermənistanın xüsusi xidmət orqanları və “Daşnaqsütyun” partiyasının terrorçu qruplaşması idi. Əməliyyatın adını “Nalyotçik” (Basqınçı) qoymuşdular.

İstintaq zamanı ekstremist qruplaşmanın 5-6 nəfər üzvü tutulmuşdu və azərbaycanlı müstəntiqlər onlar haqqında cinayət işi qaldırmışdılar. Bu haqda SSRİ Daxili İşlər naziri Vlasova şifroqramma göndərilmiş və ona bu haqda məlumat verilmişdir. Nazir öz növbəsində izi itirmək üçün Rusiyanın ayrı-ayrı regionlarında çalışan erməni millətindən olan müstəntiqləri Sumqayıta ezam etmişdir. Azərbaycanlı müstəntiqlər işdən kənarlaşdırılmış və təxribatçılar haqqında materialları erməni müstəntiqlərinə vermişdilər. Bir həftədən sonra onların əməllərində cinayət xarakterli faktlar və dəlillər olmadığından azad edilmiş və onlar Orta Asiyaya yollanmışlar.

Əlimizdə ekstremist qrupunun üzvlərinin siyahısı vardır. Onlardan bir neçəsinin adını və familiyasını, iğtişaşlar zamanı Sumqayıtda hansı mövqe tutduqları haqqında oxuculara məlumat vermək pis olmazdı.

Levon Saturyan, Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təklükəsizlik Komitəsinin əməkdaşı, “Qarabağ” komitəsini fəal üzvü. Milli zəmində Anti-Azərbaycan təbliğatı ilə məşğul olur, Dağlıq Qarabağda və Sumqayıtda baş verən hadisələr haqqında Ermənistanın xüsusi xidmət orqanlarına informasiyalar ötürürdü.

Eduard Mosesov, Yerevanda nəşr olunan “Kommunist” qəzetinin müxbiri, Sumqayıtda baş verən hadisələrin video çəkilişləri ilə məşğul idi.

Arkadi Qriqoryan Yerevanda nəşr olunan “Kommunist” qəzetinin müxbiri, foto çəkilişlərlə məşğul idi.

Albert Qriqoryan, iğtişaşlarda iştirak edən yetkinləşməmiş gənclərə narkotik paylamaqla məşğul idi.

Qoqar Bomasyan, Sumqayıtda “Ermənilərə ölüm” şüarı ilə gəncləri qətllərə və qarətlərə cəlb etməklə məşğul idi.

Bu siyahını uzatmaq da olar. Bir faktı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Petrosyan və Poqosyan familiyalı iki erməni 1988-ci ildə Rusiyada ağır cinayət hadisələri törədərək, Ümumittifaq axtarışında olublar. Onlar erməni millətçilərinin vasitəsilə Sumqayıtda iğtişaşlarda fəal iştirak etmək üçün şəhərimizə ezam edilmişdilər. Göründüyü kimi, ekstremist qrupunun hər bir üzvünün konkret vəzifəsi vardı.

Robert Arakelovun “Dağlıq Qarabağ:faciənin günahkarları bəllidir” adlı kitabı nəşr olunmuşdur. Həmin kitabda göstərilir ki, “iş yerimdə radio işləmədiyindən qonşu otağa keçmişdim. Sonra məni rəis yanına əvət etdi və Yerevandan gedən xəbərlərlə maraqlandı. Dedi ki, Rabirə nazirini təsdiq etməlidirlər. Bu, o nazirdir ki, Sumqayıtda kameraların harada quraşdırımasını, video və foto çəkilişlərə şəxsən rəhbərlik edərək, bu işin öhdəsindən layiqincə gəlmişdir”. Görürsünüz, hər şey əvvəlcədən planlaşdırılmışdı.

Ermənistanın rəhbərliyinə Sumqayıt hadisələri lazım idi, ona görə ki, dünya ictimaiyyəti arasında azərbaycanlıları quldur, başkəsən kimi qələmə versinlər. Etitaf etmək lazımdır ki, həmin illər ermənilərin təbliğat mexanizmi öz işini gördü. İllər keçdikcə isə sular durulaşdı, ermənilərin təxribatçı olduğu, Sumqayıtda qanlı aksiya törətdikləri ifşa olundu.

– Erməni millətindən olan Eduard Qriqoryanı çoxları Sumqayıt hadisələrinin təşkilatçısı kimi qəbul edirlər. Siz bu fikirlə razısınızmı?

Sərkisyanın verdiyi siyahı əsasında Sumqayıtda ermənilər qətlə yetirilib - Eyruz Məmmədov dəhşətli faktlar açıqladı (MÜSAHİBƏ)

 

-Qətiyyən yox! Sizin fikrinizcə, iki dəfə xuliqanlıq üstündə məhkum olunmuş, tüfeyli həyat sürən “Paşa” ləqəbli E.Qriqoryan bir neçə gün ərzində, böyük bir sənaye şəhərində iğtişaşlar törədərək, onun təşkilatçısı necə ola bilərdi? Belə hadisələri törətmək üçün aylarla kəşfiyyat orqanları məşğul olur, lazımi qüvvələri cəlb edir, maddi vəsait ayırır, xüsusi təxribatçı qruplar hazırlayır və sair. Qriqoryan icraçı idi, təşkilatçı yox. Bir fakti da qeyd edim ki. Eduard Qriqoryan 1988-ci il, fevral ayının ortalarında Stepanakertdə olmuş, Ermənistanın prezidenti Serj Sərkisyandan siyahı almışdır. Bu, Sumqayıtda yaşayan və “Krunk” cəmiyyətinə aylıq üzvlük haqqını ödəməkdən imtina edən ermənilərin siyahısı idi. Həmin evlərə də hücum olundu, insanlar qətlə yetirildi, evlər yandırıldı, mənzillər qarət olundu. Təşkilatçılar isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Ermənistanın xüsusi xidmət orqanları idi. Onlar hadisələrdə iştirak edən ekstremist qrupunu məharətlə idarə edirdilər.

– Siz “Krunk” cəmiyyətinin adını qeyd etdiniz. Sumqayıtda onların fəaliyyəti haqqında məlumat versəydiniz, pis olmazdı.

-Sumqayıtın səhiyyə şöbəsində qaraj müdiri Karlen Babayan, idman dispanserinin baş həkimi Avakyan, Superfosfat zavodunda çalışan növbə rəisi Babayan, Boru-prokat zavodunun baş mühəndisinin müavini Osipov, Kimya istehsalat birliyində sex rəisi Abramyan, Təhsil şöbəsində çalışan müəllim Beknazaryan və sair. Onlar Sumqayıtda “Krunk” cəmiyyətinin özəyini təşkil edirdilər. Şahidlərin birindən misal çəkməklə sizə hər şey aydın olar. 1988-ci ildə, 12-ci mikrorayonda yerləşən poçtda çalışan M.Sarokinanın hüquq-mühafizə orqanlarına verdiyi izahatında qeyd olunur ki, onun çalışdığı kollektivdə Jenya Arustamyanın və Raisa Mejlumyanın millətçi olduqlarını, başqa millətin nümayəndələrinə qarşı nifrət hissi ilə yaşadıqlarının canlı şahidi olmuşdur. Hadisələrdən xeyli əvvəl Sarokina onları poçt xidmətinin rəis müavini Alena Balayanın yanında görmüşdür. Erməni dilində nədənsə söhbət edirdilər. Balayanın stolunun üstündə bir topa qəbz vardı. Bu 10-15 manatlıq köçürmələr idi. Hamısı da Stepanakertə. Balayan maliyyə məsələlərinə baxmadığından ona irad tutdum ki, bu qəbzləri neynirsən və cavabında məndən otağı tərk etməyi tələb etdi. Sumqayıtda baş verən hadisələrdən sonra məlum oldu ki, bu pullar Stepanakertdə fəaliyyət göstərən “Krunk” cəmiyyətinə üzvlük haqqı kimi göndərilirmiş. Daha bir misal. Səhiyyə şöbəsinin qarajında çalışan R.Rzayevin dediklərindən: “Karlen Babayanın yanına Ermənistan Respublikasından və Dağlıq Qarabağdan bir neçə maşınla 7-8 nəfər erməni gəldi. Karlendən soruşanda ki, bunlar kimlərdir? Cavabında dedi ki, qohumlarımdır. O vaxt bunlara ciddi əhəmiyyət vermirdim. Dağlıq Qarabağ hadisələri qızışandan sonra qarajimızda çalışan ermənilərin bizlərə qarşı münasibətləri tamamilə dəyişdi. 1988-ci ilin fevral ayının ortalarında Karlenin kabinetinə tez-tez ermənilər toplaşır, kənar şəxsləri isə içəri buraxmırdılar. Burada bir neçə dəfə Eduard Qriqoryanı da görmüşdüm. Onların hamısı “Krunk” cəmiyyətinin üzvləri idi, burada siyahı tutur, pul toplayırdılar. Bir gün erməni millətindən olan Dimanın boksunda kustar üsulla hazırlanmış millətçi şüarlara rast gələrək, ona sual etdim: “Axı, sən Sumqayıt şəhərində anadan olmusan, burada böyümüsən. Sənin nə marağın var ki, azərbaycanlılara qarşı təbliğat aparırsan?” O mənə qərəzli şəkildə belə cavab verdi “Baxarsan, Sumqayıtda nələr olacaq”. Hadisələrdən xeyli əvvəl qarajda çalışanların əksəriyyəti Sumqayıtı tərk etdi. 27-29 fevral tarixlərində qətlə yetirilən ermənilər “Krunk” cəmiyyətinə üzvlük haqqı ödəməkdən imtina edənlər idi.

– Sizin müsahibələrinizdən və nəşr olunan kitablarınızdan belə məlum olur ki, SSRİ Müdafiə nazirliyinin bir neçə alayı hadisələr zamanı Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarında dislokasiya olunmuşdular. Bəs niyə onlar öz səlahiyyətlərindən istifadə etmədilər və gözləmə mövqeyi tutdular?

– Haqlı sualdır. Sumqayıtda baş verən hadisələrin qarşısı alına bilərdi. Lakin bu siyasi bir oyun idi və Azərbaycana qarşı yönəlmişdi. Biz Davud İmanovla “Exo Sumqayıta” sənədli filmini çəkərkən SSRİ Müdafiə naziri D.Yazovdan soruşmuşduq ki, “Niyə sovet əskərləri kənarda dayanıb hadisələri sakitcə seyr edirdilər?”. O, cavabında bildirdi ki, “Sovet qoşunlarının hadislələrə müdaxilə etməsi və komendant saatının tədbiq olunması üçün Ali Baş Komandandan (M.Qorbaçov) əmr alınmalıdır. Əmr olmadan mən komendant saatı elan edə bilmərəm”.

Sumqayıtda 32 nəfər insan qətlə yetiriləndən sonra şəhərdə komendant saatı elan olundu. Onu da deyim ki, Moskvadan gələn SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin bütün əməkdaşları şəhəri tezliklə tərk etdilər. “Nalyotçik” adlı əməliyyat “uğurla” həyata keçirilmişdir. Burada olan xüsusi xidmət orqanlarının əməkdaşları Moskvaya qayıtdıqdan sonra rütbələri artmış, vəzifələri yüksəlmişdir. Hətta biri Rusiya Federasiyasının prezidenti B.Yeltsinin vaxtında baş nazir postuna yiyələnmişdir.

– “Sumqayıtın əks-sədası” filmini 1990-cı illərin əvvəllərində çəkmisiniz. Həmin dövrdə film çəkmək çox riskli idi. Təhlükə hiss edirdinizmi?

-Biz sovet tərbiyəsi görmüşdük. Hamıya inanırdıq və belə düşünürdük ki, Moskvada çəkilişlərimizə heç kim mane olmayacaq. Amma belə olmadı. Bir sıra xoşagəlməz hadisələrlə üzləşdik, açığını deyim ki, bizi qorxudanlar da tapıldı, təzyiq edənlər də, hətta stress vəziyyətinə də düşürdük, bəzən çəkilişi dayandırmaq qərarına gəlirdik. Lakin ümidsizliyə qapılmamağa, məqsədimizdən geri dönmək fikrindən uzaqlaşmağa çalışırdıq. İlk hadisəni söyləmək istərdim. Bilirsiniz ki, Eduard Qriqoryan Sumqayıtda 5 ermənini qətlə yetirmiş, ona 12 il həbs cəzası verilmişdi. Erməni millətçiləri, xaricdə yaşayan havadarları kütləvi informasiya vasitələrində hay-küy qaldıraraq, belə iddia irəli sürürdülər ki, guya Azərbaycanın cəzaçəkmə məntəqəsində Qriqoryana dözülməz işkəncələr verilir. Bu işdə S.Kaputukyan, Z.Balayan, Q.Staravoytova xüsusi canfəşanlıq göstərərək, ölkə rəhbərliyindən və hüquq-mühafizə orqanlarından tələb edirdilər ki, Qriqoryanı Rusiyanın hər hansı bir cəzaçəkmə məntəqəsinə köçürsünlər. Onlar buna da nail oldular. Beləliklə, Qriqoryanı Stavropol vilayətinin Budyonovsk şəhərindəki həbsxanaya köçürdülər. Biz həmin şəhərə yollananda orada çəkiliş qrupumuza qarşı təxribat törədildi. Erməni millətindən olan bir neçə nəfər operatorumuz və sürücümüzlə dava saldılar və onları polis şöbəsinə apardılar. Əvvəllər bunu adi xuliqanlıq zəminində baş verdiyini düşünürdük. Sonralar bizə məlumat verildi ki, bunu ermənilər bilərəkdən ediblər, məhz buna görə də ehtiyatlı olmaq lazımdır.

Moskvada da bir neçə hadisə ilə rastlaşdıq. Qaldığımız mehmanxanada axtarış aparıldı. Aeroportda kasetlərimizi müsadirə etdilər. Ancaq bu, surəti çıxarılmış nüsxələr idi. Əsillərin başqa yolla Azərbaycana gətirdik. Ulu öndər Heydər Əliyev Moskvada bütün tutduğu vəzifələrdən istefa verdikdən sonra onunla müsahibə almaq qərarına gəldik. 1991-ci ilin yay ayı idi. Yaşadığı binanın həyətində onunla görüşdük. O bizə belə bir sual verdi: “Siz Azərbaycandan ilk jurnalistlərsiniz ki, məndən müsahibə alırsınız. Qorxmursunuzmu ki, mənə görə sizi incidərlər?” Davud İmanov ona belə cavab verdi: “Heydər Əliyeviç siz 13 il respublikaya, 6 il ölkəyə rəhbərlik etmisiniz. Biz sizin nüfuzuna arxayın olub gəlmişik”. H.Əliyev gülümsündü, sonra Dağlıq Qarabağ, 20 Yanvar, Sumqayıtda baş verən hadisələri məntiqə söykənərək dəqiq, ətraflı analiz etdi. Moskva rəhbərliyinin Azərbaycana qarşı birmənalı mövqe tutduğunu, ermənilərin əsassız torpaq iddiasını dəlillərlə sübut edərək onları ifşa etdi.

Müsahibə qurtarandan sonra mən Davudla “Jiquli” maşınına əyləşib yola düşdük. Təxminən 5-6 kilometr yol getmişdik ki, qarşımızı qara rəngli “Raf” markalı maşın kəsdi. Bu, “KQB”-nin əməkdaşları idi. Qapılar açıldı və bizi “Raf”a otuzdurub Lefortovaya apardılar. Bizi orada 3 saat saxladılar. Mən həmişə o vaxtlar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin mətbuat xidməti rəhbəri vəzifəsində çalışan, Rusiyada, habelə xaricdə yaxşı tanınan jurnalist Fərhad Ağamalıyevə minnətdaram ki, onun köməkliyi ilə bizi Lefortovadan azad etdiər. F.Ağamalıyev dünyanın bütün aparıcı kütləvi informasiya vasitələrinin, telekanalların nümayəndələrini Lefortovanın qarşısına topladı və orada mitinqlər başlandı, şüarlar səsləndi. Bizi 3 saat həbsdə saxlayanlar görünür, kiminləsə məsləhətləşdilər və qayıdıb bizi buraxdılar. Bir sözlə, kadr arxası hadisələr çoxdur. Hamısını sadalamağa vaxt çatmaz.

– Moskvada SSRİ hökumətinin və Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlərindən müsahibələr almısınız. Həmin dövrdə onlar əlçatmaz şəxsiyyətlər idi. Necə oldu ku, Sumqayıtdan gələn jurnalistlərə müsahibə verməyə razılıq verdilər?

-Həmin dövrdə müsahibə verənlərin əksəriyyəti konkret olaraq müsahibənin qiymətini söyləyirdilər. Mən bunu bazar iqtisadiyyatında normal hal hesab edirəm. Qərbdə belədir. Bizim çəkilişlərimiz isə sovet dövrünün son illərinə təsadüf etdiyindən bu haqda heç düşünmürdük də. Bununla belə, bu cür hallara rast gəldik. Həmin vaxtlar bizim özümüz də maddi cəhətdən korluq çəkirdik. Çünki bizi heç kim maliyyələşdirmirdi. Dostdan-tanışdan borc alıb Moskvaya yollanmışdıq. Kimi pul ilə, kimi spirtli içki ilə ilə, kimi də hədiyyə ilə maraqlandırmışdıq. Adını çəkmək istəmirəm, Mərkəzi Komitənin Siyasi Bürosunin bir üzvünü isə içizdirib sərxoş həddinə çatdırandan sonra müsahibə almağa müvəffəq olduq. Müsahibə verməkdən qəti şəkildə imtina etmişdi. Məcbur olub bu üsula əl atdıq və bir sıra qaranlıq məqamlar bizim üçün açıqlandı.

– Müsahibələrinizin birində demisiniz ki, yapon jurnalistləri çəkdiyiniz video-kasetləri sizdən pul ilə almaq istəmişdilər, siz isə imtina etmişdiniz, doğrudurmu?

-Bəli, doğrudur. Kino-rejissor D.İmanovla Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Y.Liqaçovdan, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Siyasi Büronun üzvü B.Kruçkovdan çətinliklə olsa da, müsahibə ala bildik. Bir faktı vurğulamaq istəyirəm ki, əgər Davudun inadkarlığı olmasaydı Kruçkovdan müsahibə ala bilməzdik. Belə ki, bir neçə ay əvvəl onunla görüşündə o, bizə dedi ki, “Azərbaycan dünya xəritəsində nöqtə boyda ölkədir. Mən belə bir ölkənin jurnalistlərinə müsahibə vermirəm”.

Düzü, özümüzü təhqir hesab olunmuş kimi hiss etdik. Həmin vaxtlar Moskvada nəşr olunun “Sovetskaya Rossiya” qəzetində Kruçkovun “Posol bedı” məqaləsi çap olunmuşdu. Məqalədə o, Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Aleksandr Yakovlevi Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin agenti adlandırmışdı. Belə ki, Yakovlev uzun illər SSRİ-nin Kanadada səfiri işləmişdi. Biz Aleksandr Nikolayeviçdən müsahibə alarkən bu haqda ondan soruşanda, o dedi ki, “Kruçkovun özü provakatordur”. Davud bu sözdən istifadə etdi. Kommunistlərin yığıncaqlarının birində biz Kruçkova yaxınlaşanda o, bizə tərs-tərs baxıb dedi: “Nədir, istəyirsiniz ki, sizi Moskvadan qovduraq?

Davud cavabında dedi ki, sizi provakator adlandırırlar. Kruçkov bir anlığa ayaq saxladı, diqqətlə bizə baxıb soruşdu: “Kim? “Aleksandr Yakovlev bizə müsahibə verərkən demişdir. Biz sizin “Posol bedı” məqələnizi oxumuşuq və onu dəstəkləyirik. (bunu işimizin xətrinə deyəsi olduq.)” Kruçkov bərk əsəbiləşdi və dedi, qoşun kameralarınızı. Liqaçovdan və Kruçkovdan müsahibə alandan sonra yapon jurnalistləri bizə yaxınlaşdılar, tanışlıq verdilər. Kaseti bizdən 5 min Amerika dollarına almaq istədilər. Biz razı olmadıq (baxmayaraq ki, pula böyük ehtiyacımız var idi) Onlar bizdən əl çəkmədilər və Azərbaycanın Moskvadakı nümayəndəliyinə kimi gəldilər. Kasetləri satmadığımızı bilib, qiyməti 10 minə qaldırdılar. Onlara yox deyib, ayrıldıq. Kaset satılsaydı, sənədli filnmdə böyük bir boşluq yarana bilərdi. Bununla özümüzü qəhrəman saymaq istəmirik. Bu, bizim vətəndaşlıq borcumuz idi.

– Siz Sumqayıtda baş verən hadisələrlə bağlı 10-a yaxın kitabın və bir neçə sənədli filmin müəllifisiniz. Ermənilərin reaksiyası haqqında nə deyə bilərsiniz?

-Ermənilər istər sənədli filmimizi, istərsə də kitablarımı həmişə tənqid atəşinə tutublar. Məni gah KQB-nin agenti hesab edir, gah da hansısa klana qulluq etdiyimi sübut etməyə çalışır, gah da sifarişli yazılar yazdığımı bəyan edirlər. Onu bildirim ki, indiyə kimi heç kimin sifarişi ilə yazı yazmamışam. Bu, jurnalistə şərəf gətirmir. Mən öz peşəmi sevirəm və imzama hörmət edirəm. Sənədli filmi çəkmək istərkən Dövlət Təhlükəsizlik Komitəsi bunu bizə qadağa qoymuşdusa, onda KQB-nin agenti necə ola bilərdim? Ramazan Məmmədovla birgə yazdığımız “Sumqayıt,1988. Cinayət və cəza” adlı kitab türk, rus, ingilis, ispan dillərinə tərcümə olunmuş və xaricdə geniş yayılmışdır. Elektron poçtuma Ermənistandan, Rusiyadan, İsveçrədən, Kanadadan çoxlu saylda məktublar daxil olmaqdadır. Məni millətçi adlandıraraq Ermənistana, onun xalqına böhtan atdığımı bildirir, bəzən qorxudur, hətta barmaqlarımın kəsilməsi ilə hədələyirlər. Mən onların məktublarının hamısını cavabsız qoymuşam. Əgər erməniləri, onların havadarlarını qıcıqlandıra bilmişəmsə, deməli, dəlil-sübutlar hədəfə dəyib, bu məni razı salır.

– Siz 30 ildir ki, Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğulsunuz, yorulmamısınız?

-Bu, mənim vətəndaşlıq borcumdur. Ömrümün yarısını bu hadisələrə həsr etmişəm. Həm də Sumqayıt şəhərini çox sevirəm. Onun adını yaxşı mənada eşidəndə qürur duyuram, pis mənada eşidəndə isə, istər-istəməz, əlimə qələm alıb həmin adamlara cavab verməyi özümə borc bilirəm.

 – 1990-1994-cü illərdə Rusiyanın ayrı-ayrı şəhərlərində çəkilişlər aparmısınız, dediyinizə görə 35 saatlıq material toplamısınız. 25 il bundan əvvəl deyilənləri analiz etmişsinizsə, hansı proqnozların gerçəkləşməsinə şübhə ilə yanaşırdınız?

  – Doğrudan da materiallarımız kifayət edirdi ki, yaxın 10-15 il ərzində dünyada gedən ictimai-siyasi proseslərin hansı məcraya yönələcəyini aydın görə bilək. Məsələn SSRİ-nin dağılması, Azərbaycan-Ermənistan arasında gedən müharibəni tənzimləmək üçün Beynəlxalq qurumun yaranması (ATƏT), sədrlərə səfir statusunun verilməsi, Yuqoslaviyanın dağılması və müstəqil respublikalara ayrılması, Amerikanın Əfqanıstana və İraqa girməsi, Yaxın Şərqdə inqilabların baş verməsi və sair. Üstündən 25 il vaxt keçir, verilən proqnozlar öz həllini tapmışdır, özünüz şahidisiniz. Dünyada iri dövlətlər arasında dünyaya ağalıq etmək uğrunda savaş gedir. Bütün ssenarilər Qərbdə tutulmuş və onlar məharətlə həyata keçirilmişdir. Minlərlə, yüz minlərlə insanların məhvinə gətirib çıxaran bu müharibələr, fəlakətlər, göz yaşları, qaçqınlıq həyatı görəsən kimə lazımdır?

Xeberle.com

araz.az xəbər portalı.