Və ya biz nədən 200 il öncə birləşə bilmədik?
Azərbaycan torpaqlarının işğalı planında Gəncənin Rusiya imperiyası üçün olduqca böyük önəminə və roluna baxın ki, bununla əlaqədar hətta xüsusi olaraq “Gəncənin alınmasında zəhmətə və cəsurluğa görə” medalı da təsis olunmuşdu.
Belə ki, rus çarı I Aleksandr tərəfindən 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə Gəncənin işğal edilməsində iştirak etmiş əsgərlərin (və erməni casuslarının) təltif olunması üçün ayrıca medal təsis edilmişdi.
Gümüşdən hazırlanmış həmin medalın üz tərəfində 1-ci Aleksandrın imperator tacının təsviri, arxa tərəfində isə “ЗА ТРУДЫ И ХРАБРОСТЬ ПРИ ВЗЯТЇИ ГАНЖИ ГЕНВАРЯ 3. 1804 Г” (“3 yanvar 1804-cü il Gəncənin alınmasında zəhmətə və cəsurluğa görə”) sözləri həkk olunmuşdu.
Həmin medallar Cavad xana xəyanət edərək Gəncə qalasının ələ keçirilməsində rus qoşunlarına köməklik, bələdçilik etmiş ermənilərə və işğalçı rus əsgərlərinə təqdim edilmək üçün general P.Sisianova göndərilmişdi.
Bəs, imperiya Gəncənin fəthinə nədən belə xüsusi önəm verirdi?
Gəncəni götürmək Rusiya imperiyası üçün starteji məsələ sayılırdı. Çünki Gəncə xanlığı həmin dövr üçün Rusiyanın işğal planlarına ciddi şəkildə mane olan ən güclü Azərbaycan xanlıqlarından biri sayılırdı.
Və üstəgəl, Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın Azərbaycan xanlıqlarını vahid güc halında birləşdirmək ideyası rus çarını və onun işğalçı generallarını qəzəbləndirirdi. Cavad xanın bağımsızlıq, müstəqillik çağrışları imperiyanın genişlənmə planlarına əngəl törədirdi. Ruslar Gəncəni ələ keçirib, onun ötkəm və cəsur xanını fiziki cəhətdən məhv etməklə digər xanların gözünü qorxutmaq və müqavimətini qırmaq planını cızmışdılar.
Əfsuslar olsun ki, həmin vaxt xanlarımız bir araya gəlməyi, vahid dövlət halında birləşməyi və Rusiya imperiyasının qarşısına mərkəzləşdirilmiş ordu ilə çıxmağı bacarmadılar. Rus knyazlıqlarından fərqli olaraq bizim xanlıqlar birləşmə, böyümə və ekspansiyaçı dövlətə çevrilmək məsələsində bir qədər gecikdilər.
Çünki 18-ci əsrin sonları — 19-cu yüzilin əvvəlləri Azərbaycan xalqının ən qeyri-passionar, hərbi-siyasi çöküş dövrü idi. Və nə yazıq ki, Rusiyanın sürətlə böyüyüb imperiyaya çevrilməsi, türk-müsəlman torpaqlarını ələ keçirmək üçün işğalçı yürüşlərə başlaması da tərslikdən məhz həmin vaxta təsadüf etmişdi. Bir sözlə, həmin dövr bəxtimizin bizdən üz döndərdiyi, qaraçuxamızın yatdığı, bağlandığı dövr idi. Zaman bizim əleyhimizə işləyirdi…
P.S.
Göründüyü kimi hal-hazırda olduğu kimi 2 əsr bundan öncə də Azərbaycanda Rusiyanın maraqlarına xidmət edən “beşinci kolon” var idi. Həmin vaxt “5-ci kolon” rolunda əsasən Gəncədəki, Qarabağdakı ermənilər çıxış edirdi.
araz.az xəbər portalı.