Əziz Ələkbərli: “Adamdan soruşarlar, adi bir idarə rəhbəri ola-ola hansı haqla dövlətin pulunu bu cür göyə sovurursan?”
Milli Məclisin növbədənkənar sessiyasının son iclaslarında azı iki qanun layihəsi bir sıra deputatların etirazına səbəb oldu və bununla bağlı tənqidi fikirlər səsləndi. Deputat Əziz Ələkbərli də söz alaraq seçicilərin mövqeyini müdafiə edən, həmçinin dəyişikliklərlə bağlı fərqli yanaşmaları özündə cəmləyən mövqedən çıxış etdi.
O, “Yeni Müsavat”a müsahibəsində bu barədə sualları cavablandırıb:
– Əziz bəy, iclasların gedişində sizin də tənqidlərinizi eşitdik. Hakim partiyanın təmsilçisi olaraq etirazınız açığı, gözlənilməz oldu… Sizcə, niyə etirazlar doğuran qanun layihələri Məclisə çıxarılır?
– Biz bu gün Zəfər qazanmış bir ölkəyik. Ali Baş Komandanımız cənab İlham Əliyevin dəmir yumruğu ilə torpaqlarımızı 30 illik işğaldan azad etmişik. 44 gün ərzində bütün Azərbaycan xalqı cənab Prezidentin, Azərbaycan ordusunun yanında oldu, bu gün də yanındadır və həmişə də yanında olacaq. Xalqla Prezidentin bu birliyi hər dövlət başçısına nəsib olmur. Siz fikir verdinizmi, Azərbaycanı istəməyən qüvvələr postmüharibə dövründə məhz bu birliyi pozmaq üçün hərəkətə keçdilər, yerlərdə süni şəkildə sosial narazılıqlar yaratmağa çalışdılar, bunun üçün bütün çirkin metodlara əl atdılar. Amma bu, baş tutmadı. Mən Milli Məclisdə müxtəlif qurumların əhalinin müxtəlif təbəqələrindən tutacağı rüsumların, alınacaq cərimələrin indiki dövrdə artırılmasını məqbul saymıram. Dövlətimiz sosialyönümlü siyasət yeritdiyi, əhalinin sosial rifahını önə çəkdiyi, sosial yardımları, sosial pensiyaların məbləğini günbəgün artırdığı halda, məsələn, bəzi qurumların əhalidən alınacaq rüsumların, cərimələrin artırılmasını, həm də bu rüsum və cərimələrin dövlət büdcəsinə yox, həmin qurumların hesabına keçirilməsini uyğun hesab etmirəm.
Belə məsələlər müzakirə olunanda gözümün qabağına 44 günlük müharibə dövründə cəbhə bölgəsinə gedən maşınların arxasınca qaçan, əlinə keçən ərzaq məhsullarını, geyim əşyalarını əsgərlərimizə çatdırmaq üçün o maşınlara yükləyən insanlarımız gəlir. 44 günlük müharibə sübut etdi ki, Azərbaycan insanı Vətəni və dövləti üçün son tikəsindən keçməyə hazırdır. Məncə, indi “məhkəmə işçilərinin sosial müdafiəsini gücləndirmək” məqsədilə rüsumları artırmaq, ya başqa sahələrdə vətəndaşlara ediləcək cərimələrin məbləğini çoxaltmaq vaxtı deyil. Mən dövlətin vətəndaşa verdiklərini bəzi qurumların müxtəlif üsullarla vətəndaşın əlindən almasının əleyhinəyəm.
– Parlamentdəki son çıxışlarınızdan birində seçicilərinizin problemləri ilə bağlı bir az da əsəbi təsir bağışlayan fikirlərinizi eşitdik. Saatlı sakinlərini ən çox narahat edən nədir? Sizin kimi təmkinli bir insanın hövsələdən çıxması o anlamı verirmi ki, bir sıra məmurlar deputatı eşitmir?
– Bəzi məmurların deputatı eşitməməsi sirr deyil, Milli Məclisdə bu məsələ dəfələrlə qaldırılıb. Cənab Prezidentin dəfələrlə xəbərdarlığına baxmayaraq, bəzi məmurlar doğrudan da özünə çəki-düzən verə bilmir, elə hesab edirlər ki, onlara bu vəzifə verilibsə, hər şey edə bilərlər. Bu, yolverilməzdir. O ki qaldı deputatı olduğum Saatlı rayonuna, bu rayonunun əhalisi çox zəhmətkeş və dövlətini, Prezidentini ürəkdən sevən camaatdır, lakin rayonun çoxlu problemləri var. Məsələn, on illərdir bu əhali susuzluqdan əziyyət çəkir, hələ də rayon əhalisinin böyük əksəriyyəti arx-kanal suyu içir, əlbəttə, o da kanalda su olanda. Yəni bunun bir həlli yolunu tapmaq olmur? Bəs “Azərsu” nə ilə məşğuldur? Suvarma suyu ilə bağlı da vəziyyət çox acınacaqlıdır. “Su Təsərrüfatı və Meliorasiya” ASC çıxsın ortaya hesabat versin görək son 10 ildə Saatlının bu probleminin həll olunması üçün hansı işləri görüb, bu camaat niyə hər il eyni əziyyəti çəkməlidir?
Rayonun bir çox kəndlərində əhalinin enerji təminatı yarıtmaz vəziyyətdədir, rayondakı bəzi yarımstansiyaların, transformatorların istismar müddəti çoxdan başa çatıb, elektrik xətlərinin kabelləşdirilməsi ala-yarımçıq həyata keçirilib, bir sıra kəndlərdə 50-60 il yaşı olan ağac elektrik dirəkləri çürüyüb, yıxılmaq üzrədir. Bu dirəklərin başındakı bir-birinə dolaşmış elektrik məftilləri hər an təhlükə mənbəyidir. “Azərenerji”, “Azərişıq” niyə tədbir görmür?
Saatlı rayonunun hər beş kəndindən birində qaz yoxdur və heç vaxt da olmayıb. Bunu mütləq deputat deməlidir, deputat tələb etməlidir? İllərdir “Azəriqaz”ın bundan xəbəri yoxdur? Yazırsan, müraciət edirsən, standart cavab gəlir: dövlət planına salınıb, mərhələli şəkildə həll ediləcəkdir. 5 il qabaq da yazmısansa bu cavabı almısan, 5 il sonra yazacaqsansa da bu cavabı alacaqsan.
Daha bir məsələ, Saatlı 1971-ci ildə şəhər statusu alıb və bu il bu şəhərin 50 illiyidir. Amma bu 50 illik şəhərin hələ də kanalizasiya sistemi, hətta avtovağzalı yoxdur. Bakıdan, başqa şəhərlərdən gələn avtobuslar harada dayanacaq, sərnişinlər haradan bilet alacaq, harada avtobusa minəcək, bilən yoxdur. Yəni bu şəhərdə kiçik bir avtovağzal tikmək o qədər böyük xərc aparacaq?
Saatlının problemlərini saymaqla qurtarmaz və bir deputat kimi mən gələcəkdə də bu problemləri müvafiq qurumlara xatırlatmaqda davam edəcəm.
– Maraqlıdır, Tarif Şurasının son qərarlarına sizin mövqeyiniz seçicilərinizin münasibətindən fərqlənirmi?
– Mən seçicilərimin deputatıyamsa, əlbəttə, hər məsələdə seçicimin yanındayam. Tarif Şurasının son qərarını da müdafiə etmirəm. Elə bilirəm ki, bu suala da yuxarıda qismən cavab verdim: mən postmüharibə dövründə qiymətlərin hər hansı artımını məqbul saymıram. Müvafiq qurumlar zəhmət çəkib öz xərclərini, idarənin xərclərini azaltsınlar, daim bölgələrdə olsunlar, əhalinin içinə girsinlər, vəziyyəti öyrənsinlər. İdarə müdiri tanıyıram ki, qiyməti 100 min manatdan baha olan xidməti maşın minir, həmin maşına ayda min manata yaxın büdcədən benzin xərcləyir, özünə xidməti sürücü saxlayır və s. Adamdan soruşarlar, adi bir idarə rəhbəri ola-ola hansı haqla dövlətin pulunu bu cür göyə sovurursan? Məncə, qənaət lazımsa, əvvəlcə buradan başlamaq lazımdır. Heç kəsin vətəndaşı dövlətdən narazı salmağa ixtiyarı yoxdur.
Elşad Paşasoy,
“Yeni Müsavat”
araz.az xəbər portalı.