Ucar rayon ərazisindəki “Mərcan Broyler” MMC-nin rəhbərliyi tərəfindən, bu müəssisədə çalışanların başına oyun açılması barədə ölkə mətbuatı, eləcə də araz.az xəbər portalı çox yazıb.
Lakin yazılanlar kreslo sahiblərinin heç veclərinə də olmayıb. Elə, bunun acı nəticəsidir ki, rəhbərlikdə oturanlar, günü bu gün də, işçilərinin əmək hüquqlarını kobud şəkildə pozmaqdan çəkinmir, onları yenə işlə və çörəklə imtahana çəkirlər. Bu dəfə bu çətin imtahan qarşısında aciz qalanlar isə, müəyyən müddətdir “Mərcan Broyler”də nəzarətçi vəzifəsində işləyənlərdir. Elə, onlar tərəfindən bu günlərdə araz.az-a ünvanlanan daha bir şikayət xarakterli Müraciət də, yuxarıda qeyd etdiklərimiz barədədir. Vətəndaşlar bu Müraciətdə “Mərcan Broyler”i idarə edənlərin qanunsuz hərəkətlərindən haqlı narazılıqlarını ortaya qoyublar.
Bu Müraciətdəki daha çox narahatlıq yaradan epizodları araz.az-ın dəyərli oxucularına da təqdim edirik:
“Bizim də, — Azərbaycan Respublikasının vətəndaşları olan “Mərcan Broyler” MMC-nin işçilərinin, — bu müəssisənin rəhbərliyi tərəfindən əmək hüquqlarımız kobud şəkildə pozulur, qanunsuz olaraq işlə, çörəklə imtahana çəkilirik. Baxmayaraq ki, biz, Ucar rayonu ərazisində yerləşən bu MMC-də xeyli müddətdir nəzarətçi vəzifəsində çalışırıq. Bu yaxınlarda rəhbərlik bizi xəbərdar edib ki, müddəti bitdikdə, bizimlə təkrar əmək müqaviləsi bağlamayacaqlar. Az öncə, 2 nəfərimiz, səbəbsiz olaraq, artıq, işlərindən uzaqlaşdırılıb və ölkəmiz üçün həssas olan belə bir vaxtda işsiz qalıb. Biz bunun səbəbini soruşduqda, izahı belə verilib ki, ixtisar gedir. Ancaq ortada heç bir iş ixtisarı yoxdur. Çünki hal-hazırda əmək müqaviləsi bağlayıb, yeni şəxsləri işə qəbul edirlər.
Əslində isə, heç bir qanuni əsas olmadan, bizi işdən çıxarmağı hansısa vəzifəli şəxs qarşısına məqsəd qoyub.
Belə ki, təxminən bir ay öncə, “Mərcan Broyler”dəki soyducunun üzərindən, çəkisi 3 kq olan mis boru yoxa çıxıb. Buna görə də, onda, rəhbərlik bizə bildirdi ki, bu, guya, bizim üçün ciddi nöqsandır və buna görə, işdən çıxarılacağıq. Buna etiraz edib, bildirdik ki, ərazidə olan müşahidə kameralarına baxılsın və həmin mis borunun kimin tərəfindən götürülməsi müəyyən olunsun. Bundan sonra, hüquq-mühafizə orqanlarına müraciət edilsin və onlar tərəfindən qanun çərçivəsində tədbirlər görülsün. Ancaq rəhbərlik bunu etmədi.
Sonradan bizə məlum oldu ki, bunu rəhbərliyin özü şəxsən edib ki, elə, buna əsasən də, bizi işdən çıxarsın. Bu yaxınlarda isə, rəhbərlik bizi çağırıb, xəbərdarlıq etdi ki, əmək müqaviləmizin vaxtına az qalıb və bizimlə yenidən əmək müqaviləsi bağlanmayacaq.
Biz bunu ədalətsizlik və qanunsuzluq hesab edirirk. Çünki “Mərcan Broyler” MMC -də işlədiyimiz müddətdə heç bir nöqsana yol verməmişik, rəhbərliklə və kollektivlə mehriban münasibətdə olmuşuq, verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmişik. “Mərcan Broyler” MMC-nin rəhbrliyi isə bizə bildirir ki, bizimlə əmək müqaviləsinin təkrar bağlanmamasına tapşırığı Baş idarə verib.
Elə, bu qanunsuzluqlara görə də, biz, mətbuat vasitəsi ilə, ölkə rəhbərliyinə və aidiyyatı dövlət qurumlarına müraciət etməyi qərara aldıq. Doğrudan da, MMC rəhbərliyi tərəfindən atılan bu addımlar ədalətsizlik və qanunsuzluqdur. Çünki müəssisənin bu Müraciəti imzalayan biz əməkdaşları, burada xeyli müddətdir işləyirik və indiyədək fəaliyyətimizdə heç bir qanunsuz hərəkət aşkar edilməyib. Məsələn, imza sahiblərindən birimiz — Zamanov Seymur Məhərrəm oğlu 8 ildir “Mərcan Broyler” MMC-də nöqsansız işləyir. Əmək müqaviləsinin müddəti 25 iyul, 2021-ci ildə qurtarır. Himayəsində 2 uşağı var. Bacısı oğlu Cabbarov Oruc Akif oğlu 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olub. Qədirov Yasin Qədir oğlu isə, 1 il 8 aydır ki, bu müəssisədə işləyir. Onun əmək müqaviləsinin müddəti isə, bu ayın sonunda başa çatır. Onun da himayəsində 2 uşağı var. 3 ildir işləyən Hüseynov Ağahüseyn Ağahüseyn oğlunun əmək müqavilısinin müddəti sentyabr ayında qurtarır. Himayəsində 2 uşağı olan bu ölkə vətəndaşı da, pandemiyanın bizi sınağa çəkdiyi bu çətin dövrdə, ailəsini işsiz necə dolandıracağına görə, indidən hədsiz narahatdır. 2 uşaq atası olan İsmayılov Kamran Etibar oğlunun da, burada 3 ildir yaxşıların yaxşısı kimi işləməsinə baxmayaraq, onun da, əmək müqaviləsinin müddəti tamam olan vaxtda — avqust ayının 24-də bura buraxılmaması barədə, artıq, ciddi tapşırıqlar verilib. Əmək müqavilısinin müddəti 26 avqustda qurtaran və himayəsində 2 azyaşlı uşağı olan Qədirov Mansur Səfiqulu oğlu da, eyni aqibəti yaşayacaq. 1 il 4 aydır işləyən və himayəsində 1 azyaşlı uşağı olan Həsənov Mikayıl İsrayıl oğlu və əmək müqaviləsinin müddəti 14.07.2021-ci il tarixdə bitən,
əmisi Məmmədov Fikrət Əhəd oğlu 1-ci Qarabağ Müharibəsində şəhid olan
Əhədli Muxtar Şakir oğlu, eləcə də Nəsirov Yadigar İlqar oğlu ilə, yenidən müavilə bağlanmadı deyə, hazırda onlar işsiz qalıblar. Əvəzlərində isə, başqaları işə qəbul olunub və onlarla əmək müqavilələri bağlanıb.
Biz bilirk ki, belə qanunsuzluqlardan ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın xəbərləri yoxdur. Çünki çox sayda ailə başçısını işindən etmək, ailəsini çörəksiz qoymaq ciddi qanunsuzluq və özbaşınalıqdır. Bunu müəssisə rəhbərliyində olanlar da bilirlər ki, bizim hamımızın himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə bizdən başqa işləyib, evə çörək pulu gətirən də yoxdur.
“Mərcan Broyler” MMC-nin rəhbərliyinin bu addımı isə, çox sayda ailəni aclıq məngənəsində məhv etməkdir. Əgər ixtisar varsa, nə üçün yeni işçilərlə əmək müqaviləsi bağlanır?! Yox, əgər, bu, yoxa çıxarılmış o 3 kq mis boruya görə edilirsə, onda, bunu, müşahidə kameralarına baxıb müəyyən etsinlər.
Bizə məlum olmayan hansısa səbəblərə görə, bizimlə təkrar əmək müqaviləsi bağlamaq istəmirdilərsə, qabaqcadan açıb deyəydilər, biz də onlarla razılaşıb, başımıza çarə tapaydıq.
Onların bu qanunazidd hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur və birbaşa hüquqlarımızı tapdalayır.
Biz, mətbuat vasitəsi ilə, Prezident İlham Əliyev cənablarına və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya da bu Müraciəti ünvanlayıb, onlardan xahiş edirik ki, bizim işdən çıxarılmağımızın qarşısını alıb, təkrar əmək müqaviləsi bağlanılması üçün, “Mərcan Broyler” MMC-nin rəhbərliyinə ciddi göstərişlərini versinlər. Çünki son ümid yerimiz onlardır və şikayətlərimizə heç yerdə baxmaq istəmirlər. Bu səbəbdən, biz son ümid yerimizə üz tutub, bir daha xahiş edirik ki, Müraciətimizi obyektiv araşdırıb, bizə öz köməkliklərini göstərsinlər!
Kömək üçün, onlara, qabaqcadan dərin minnətdarlığımızı da çatdırırıq!”.
Onu da qeyd edək ki, araz.az-a daxil olan bu Müraciəti, elə, Ucar və Yevlax rayonlarının sakinləri olan və adları Müraciətin içində də qeyd olunan
“Mərcan Broyler” MMC-nin aşağıdakı əməkdaşları imzalayıblar:
1. Zamanov Seymur Məhərrəm oğlu, Yevlax rayonu, Nərimanabad kənd sakini. Əlaqə telefonu: 051 300-93-56;
2. Qədirov Yasin Qədir oğlu, Ucar rayonu, Məlikballı kənd sakini. Əlaqə telefonu: 050 253-30-93;
3. Hüseynov Ağahüseyn Ağahüseyn oğlu, Ucar şəhəri, Nəsimi küçəsi, ev, 15. Əlaqə telefonu: 051 353-30-00;
4. İsmayılov Kamran Etibar oğlu, Ucar şəhəri, R. Rza küçəsi, ev, 14. Əlaqə telefonu: 051 652-75-62;
5. Qədirov Mansur Səfiqulu oğlu, Ucar rayonu, Alpout kənd sakini. Əlaqə telefonu: 050 326-23-72;
6. Həsənov Mikayıl İsrayıl oğlu, Ucar rayonu, Alpout kənd sakini. Əlaqə telefonu: 050 514-97-16;
7. Əhədli Muxtar Şakir oğlu, Yevlax rayonu Nərimanabad kənd sakini. Əlaqə telefonu: 055 377-46-07;
8. Nəsirov Yadigar İlqar oğlu, Yevlax şəhəri, Q. Quliyev küçəsi, bina, 7, mənzil, 8. Əlaqə telefonu: 077 330-35-85.
Müraciəti çapa hazırladı:
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.