jurnalistika 768x403

Prezidentin nəcib təşəbbüsünə ləkə salmaq istəyənlərin hərəkətini yalnız belə adlandırmaq olar.

Bir qrup media və QHT nümayəndəsi Azərbaycanın dövlət başçısının da həmişə böyük dəyər verdiyi ədalət prinsipinə xələl gətirmək sevdasına düşüb. Əgər belə olmasaydı, onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Jurnalist şəhərciyi” salınması ilə əlaqədar həyata keçirdiyi nəcib təşəbbüsün üzərindən qara xətt çəkilməsinə cəhd göstərməz, jurnalistlərlə dövlət başçısı arasında yaranmış qarşılıqlı hörmət münasibətinə böyük zərbə vurmağa calışmazdılar.

Yəqin ki, anladınız. Söhbət jurnalistlər üçün tikilən üçüncü binanın şəhid və qazi ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciətdən gedir. “Hamam suyu” ilə özlərini şəhid və qazi “qədirbilənlər”i kimi göstərməyə çalışan bu aferist dəstəciyin yekə mənsubları hətta ağlasığmaz təkliflərini “qələbədən sonrakı proseslərə bizim töhfəmiz” kimi qələmə vermək cürətinə qapılıblar. Bu yerdə demək gərək, Prezident İlham Əliyevin göstərişi və Sərəncamı ilə dövlətin tikdiyi bina haradan “sizin töhfəniz” olur?! Digər tərəfdən, siz kimsiniz ki, böyük jurnalist ordusu adından danışmaq xülyasına düşmüsünüz?

Xatırladaq ki, 2000-ci illərin əvvəllərində bir qrup jurnalist ev problemi ilə əlaqədar Prezident Administrasiyasına müraciət etmişdi. Həmin müraciəti imzalayanlar arasında “bizim töhfəmiz” deyənlərin adları və imzaları yox idi. Jurnalistlərin ev problemini dilə gətirənlər həyatın acı sürprizləri nəticəsində evsiz qalanlar, kirayədə yaşamaqdan bezmiş, artıq kirayə haqqını verməyə çox çətinlik çəkən həmkarlarımızdı. Həmin müraciətlərdən birini bu sətirlərin müəllifi də imzalamışdı. O zaman heç olmasa torpaq sahəsi ayrılması xahiş edilirdi. Bu məsələ Prezident Administrasiyasında məruzə olunarkən Prezident İlham Əliyev çox nəcib təşəbbüs irəli sürməklə qələm əhlini heyrətləndirmiş, sevindirmişdi. Ölkə başçısı 22 iyul 2010-cu il tarixli Sərəncamı imzalamaqla jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işinin əsasını qoydu.

22 iyul 2013-cü il tarixində Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilmiş binanın təqdimolunma mərasimində iştirak edərkən İlham Əliyev bu təşəbbüsünü jurnalistlərin əksəriyyətinin özünə ev almaq imkanında olmaması ilə izah etmişdi: “Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki, bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi”.

20 iyul 2017-ci il tarixində isə İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binanın təqdimetmə mərasimində çıxışı zamanı “Jurnalistlər şəhərciyi”nin salınacağı xəbəri ilə həmkarlarımızı ürəkdən sevindirmişdi: “4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək”.

Dövlət başçısı bu addımı jurnalistlərin ev probleminin birdəfəlik və tam həll olunması naminə atmışdı. Çünki Prezident Administrasiyasına ünvanlanan çoxsaylı müraciətlər, kütləvi informasiya vasitələrində yazılan məqalələr hələ nə qədər jurnalistin ədalətsiz olaraq mənzil almaq hüququndan məhrum olunduğunu sübut edirdi.

  • Üçüncü binanın təhvil verilməsinin həsrətlə gözlənildiyi məqamda isə bir qrup üzdəniraq “vətənpərvər” görün hansı bambılı hərəkətə əl atır. Cəmiyyətdə onsuz da nüfuzu olmayan bu müraciət müəllifləri böyük ustalıqla yürütdüyü siyasi kursla Qarabağı bizə qaytaran, xalqımıza parlaq Zəfər sevinci yaşadan, ən əsası Söz Sahibi olduğunu sübut etmiş dövlət başçısını öz sözündən dönməyə çağırır.

Halbuki indi jurnalistlərin maddi durumu daha da ağırdır. Ölkədə manatın iki dəfə devalvasiyası baş verib, media qurumlarının əksəriyyəti fəaliyyətini dayandırıb, jurnalistlərin maaşı dəyərini xeyli itirib. Prezidentin sabiq köməkçisi Əli Həsənov, ləğv edilmiş KİV-ə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlinin сinayətkar fəaliyyəti nəticəsində bütün kriteriyalara uyğun gələn aztəminatlı jurnalistlər indiyədək tikilmiş “Jurnalist Evləri”ndən mənzil ala bilməyblər. Əcəba, onların dövlətə, birbaşa prezidentə güvəninin sarsılması oyununu kim fikirləşib?

Axı söhbət hansısa oliqarxın villasından getmir, müstəqil və qüdrətli dövlətimizin təşəkkül tapmasında böyük rol oynayan, şəhidlərin, qazilərin  qəhrəmanlığını vəsf edən, onların ailələrinin problemlərini işıqlandıran, erməni faşistlərinə qarşı informasiya müharibəsində var gücü ilə döyüşən aztəminatlı qələm sahiblərindən gedir. Bundan başqa, müraciət müəllifləri bilmək istəmirlər ki, jurnalistlərin yaxınları və doğmaları arasında I və II Qarabağ savaşında şəhid olanlar da var.

Artıq bir sıra sayt və jurnalist həmkarlarımız onların müraciətinə sərt şəkildə reaksiya veriblər.

Qeyd edək ki, müraciəti imzalayanların əksəriyyəti məhz jurnalist olduqları üçün sovet və ya müstəqillik dönəmində mənzil alanlardır. “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud, “Azvision.az” saytının rəhbəri Vüsal Məmmədov, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Milli.az” saytının baş redaktoru Elçin Alı oğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Rossiya–24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, ATV-nin rəhbəri Azər Xəlilov isə “Jurnalist Evi”ndə mənzillərə sahib olublar.

Diqqət edin, uzun illər Böyük Britaniyada yaşayan, BBC kimi nüfuzlu radioda çalışan, Azərbaycana qayıtdıqdan sonra SOCAR-ın bolluca maliyyələşdirdiyi CBC telekanalına rəhbərlik edən Azər Xəlilova jurnalistlər üçün tikilmiş binadan mənzil verilib. Villası olan, bahalı avtomobillərdə gəzən “Rossiya–24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyliyə də oradan mənzil bəxş edilib. Müxtəlif icra hakimiyyətlərinin başçıları ilə birlikdə təşkil etdiyi təqdimat mərasimlərində PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin kitablarının təbliği ilə məşğul olmağı özünə şərəf işi bilən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə “Jurnalistlər Evi”ndən mənzil almağı özünə həqarət sayıb, paytaxtın mərkəzi rayonlarından birində dövlətdən 4 otaqlı mənzil almağa nail olub. BDU-nun, daha doğrusu Əli Həsənovun sevimli professoru Cahangir Məmmədli mənzili ola-ola alimlər üçün Yasamal rayonunda tikilmiş göydələndən daha bir mənzil almaqdan imtina etməyib.

Dövlət adına Böyük Ayıb sayılan bu müraciəti imzalayanların əksəriyyəti ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin törətdikləri qeyri-qanuni əməllərə göz yuman, evlərin bölgüsündə yol verilmiş ədalətsizliklərə susan, Əli Həsənovun dirijor çubuğu, daha doğrusu, çoban çomağı ilə hərəkət edən media nümayəndələridir. Və indi bu zatlar Dövlət Başçısını öz sözündən dönməyə çağırış edirlər.

Əslində, qələm əhli gözləyirdi ki, “Jurnalist Evi” ətrafında baş vermiş cinayət hərəkətlərini araşdıran hüquq-mühafizə orqanları bölgü zamanı ədalətsizliklə üzləşmiş jurnalistlərin haqqını bərpa edəcək. Lakin çərxi-fələk tərsinə dövran etməyə başladı…

Jurnalistlər öncə bir zamanlar demokrat cildinə girmiş, vloger Mehman Hüseynovun suallarından aciz duruma düşüb, “Turan” informasiya agentliyinin redaksiyasından qaçmış, deputatxanaya girdikdən sonra məntiqsiz açıqlamaları ilə cəmiyyətin gözündən tamamilə düşmüş Etibar Əliyevin “Jurnalistlər Evi”nin qələm sahiblərinə deyil, şəhid ailələrinə verilməsi təklifi ilə üzləşdilər. Onun ciddi qəbul edilmədiyini görən hansısa qüvvələr bu dəfə meydana “ağır artilleriya”larını çıxardılar. Amma yenə yanlış addım atdılar. Həmin “artilleriya”nın cəmiyyətdə zərrə qədər nüfuzu yoxdur.

Nə hikmətdirsə, “Jurnalist Evi”nin tikilməsindən özlərinə yer tapa bilməyənlər mütəmadi olaraq bu binaların onları həsrətlə gözləyən sahiblərinə deyil, başqalarına verilməsinə can atırlar. Sanki Bakıda tikinti dayandırılıb, yalnız jurnalistlər üçün bina inşa edilir. 2015-ci il 19 may tarixində Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın hadisəsi baş vermişdi. O zaman haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev jurnalistlər üçün tikilmiş ikinci binanın yanğından zərərçəkmişlərə verilməsi təklifi ilə çıxış etdi. Halbuki Binəqədidəki bina artıq tam təmir edilmişdi və hətta mebellə təchiz olunmuşdu.

Bəs sonra nə oldu? Eynulla Fətullayevə “Jurnalist Evi”ndən mənzil verildi. Amma baş redaktor həmin mənzildən imtina etmədi və yanğından zərərçəkmişləri heç yada salmadı…

Etibar Əliyevin və dövlət başçısına müraciət imzalayanların da bənzər hərəkət edəcəklərinə şübhə yoxdur. Elə bilirsiniz ki, onlara jurnalistlər üçün tikilmiş üçüncü binadan mənzil verilsə, şəhidləri və qaziləri yada salacaqlar? Yox, qətiyyən yox. Quzu kimi mənzillərinin açarlarını qəbul edib, səslərini də çıxarmayacaqlar.

Xanımlar və cənablar! Prezidentimizin Vətən müharibəsi zamanı müəyyən qüvvələrə ünvanladığı gözəl ifadələr vardı. Onlardan biri də bu idi: “Gedin güzgüyə baxın!”. Bu ifadə Etibar Əliyevə və müraciət müəlliflərinə də aiddir. İnanıram ki, siyasi qətiyyətinə və iradəsinə güvəndiyimiz, dəfələrlə “Jurnalistlərin dostu” mükafatlarına layiq görülmüş Prezident İlham Əliyev özünün jurnalist dostlarına əməlli-başlı pislik, xəyanət etməyi təklif edən qüvvələrin müraciətini tarixin hansı qutusuna göndərməyi, nəyi necə və nə vaxt etməyi hər kəsdən yaxşı bilir.

Biz 30 yaşına qədəm qoymuş Müstəqil Dövlətimizdən mənzil almaq şərəfinə layiq görülməkdən qürur duyuruq! Prezidentin nəcib təşəbbüsünə ləkə salmağa çalışmaq, erməni işğalından azad edilmiş Qarabağı cənnətə döndərmək istəyən, “ağıllı” kənd və şəhər layihələrini reallaşdıran dövlətin ehtiyacı olan şəhid ailələrini evlə təmin etməkdə aciz və çarəsiz qaldığını göstərmək vicdansızlığın təcəssümüdür!

Jurnalistlər üçün mənzil… “Jurnalist Evi”… Bu söhbət 20 ildir gedir. Ötən müddətdə qaçqın, köçkün, şəhid, qazi, əlil ailələrinə neçə-neçə yaşayış kompleksi təhvil verilib, avtomobil paylanıb. Sağlıqlarına qismət olsun! Cəmiyyətdə isə elə yanlış fikir yaranıb ki, jurnalistlər də kef içində, yəni azı şəxsi mənzillərdə yaşayırlar. Halbuki bu illər ərzində əksər mənzilləri heç də sırf yazar jurnalistə verilməmiş CƏMİ 2 (ikicə) ev tikilib. Hərəsi Mətbuat günündə təmtəraqla bölünmüş bu evlər mətbuat yazarları ilə yanaşı radio və televiziya əhli, nəinki yaradıcı, həm də texniki işçilər, müxtəlif qurumların ayda-ildə bir dəfə jurnalist qarşısına çıxan mətbuat xidməti katibləri, icra hakimiyyəti orqanlarının məsləhət bildiyi şəxslər də mənzil alıblar. Vaxtilə mətbuat əməkdaşlarının ev problemini Prezident Administrasiyasının nəzərinə çatdıranlar ağıllarına belə gətirə bilməzdilər ki, “Jurnalist Ev”lərindəki mənzillər evləri, villaları olan baş redaktorlara və onların qohum-əqrəbalarına, televiziya rəhbərlərinə, yazıçılara, TV rejissorlarına, operatorlarına, texniki işçilərə, katibələrə, sürücülərə paylanacaq. Və bu, acı həqiqətdir!

Sonra evlərdəki ciddi inşaat və göstərilən xidmət qüsurları aşkara çıxdı. Sifətindən zəhər tökülən Əli Həsənovdan tutmuş, sırtıqlıq yağan digər “Əliyə dəstək” bandası üzvlərinədək neçə nəfərin maliyyə fırıldağı üzə çıxdı.

O da həqiqətdir ki, “hamam suyu” ilə özünü Prezidentə və qazilərə sevdirmək, onlarla dost olmaq istəyən qondarma xeyriyyəçilər klubunun hər bir üzvü ya kütləvi informasiya vasitəsinin rəhbəridir, ya əlində hansısa ictimai qurumu “fırladır”, ya da şəhərin mərkəzindəki rahat mənzilin açarını… Deyildiyi kimi, bəziləri elə “Jurnalist Evi”ndə mənzil sahibidir. Amma heç kəs öz yaşadığı evindən qazilərin xeyrinə imtina etmir. Bu rəzil zatlar illər uzunu yaşayış sahəsi alacağını gözləyənlərin, buna həqiqətən ehtiyacı olanların hesabına cənnətdə yer almaq istəyirlər. Azı bir neçə sot və yüzlərlə kvadratmetrlik sahə.

Bu insanabənzər xadimlər naqis sosial siyasət, cılız pensiya, soyqırım silahı olan 130 manatlıq müavinət fırıldağı, məmurların əhaliyə qarşı məhvedici korrupsiya qarşıdurması sayəsində deyil, məhz döyüş meydanlarında axıdılan al qan bahasına qazanılan İqtidar–Xalq Birliyinə zərbə endirmək istəyirlər. Hər birinin necə provokator olduğunu adi camaat da, kuratorları da yaxşı bilir. Onlar nəinki əppəkli vəzifədədirlər, daim gündəmdədirlər – televiziya ekranlarından düşmürlər. Doğrudur, onların naftalin qoxulu danışıqlarına və mumiyalanmış sifətinə yalnız ailə üzvləri şaddırlar. Qalan xalq isə, pultu ixtira edənə min rəhmət, ürək bulandıran simalar ekrana gələn an düyməni basıb kanalı dəyişir.

BƏS İNDİ DÖVLƏT NƏ ETMƏLİDİR?

Artıq tikilmiş üçüncü binadakı mənzilləri mümkün qədər TEZ və mütləq ƏDALƏTLƏ ehtiyacı olan jurnalistlərin arasında paylamalıdır.

Həm hamam suyu xeyriyyəçiliyi cəhdlərinə son qoyular, həm Prezidentin nüfuzuna xələl gəlməz, həm də insanların həyat şəraiti yaxşılaşar. Məgər məqsəd bu deyilmi?!

Xatirə SADİQ,

KONKRET.az


araz.az xəbər portalı.