Son vaxtlar Ermənistanın siyasi rəhbərliyinin və bu ölkənin yeni təyin olunan müdafiə nazirinin iddialı çıxışları, eləcə də sərhəddə baş verən proseslər onu deməyə əsas verir ki, İrəvan Rusiyanın dəstəyinə həddindən çox güvənir.
Azərbaycan Müdafiə Nazirliyinin son açıqlaması da bu fikirlərdə yanılmadığımızı bir daha sübuta yetirir. Belə ki, Müdafiə Nazirliyinin açıqlamasında Qarabağdakı erməni hərbçilərinin qalıqlarının hələ də ərazidən çıxarılmadığı, əksinə rus sülhməramlılarının yerləşdiyi bölgəyə yeni hərbi birliklər gətirildiyi qeyd olunur. Həmçinin Şuşa ətrafında, Laçın və Kəlbəcər rayonlarının şərq istiqamətində yeni erməni postlarının qurulmasından ciddi narazılıq bildirilir və sərt ismarıclar göndərilir. Bütün bunlar isə 10 noyabr bəyanatının kobud şəkildə pozulması kimi dəyərləndirilir.
araz.az bildirir ki , mövzunu KONKRET.az-a şərh edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, Rusiya sülhməramlıları adı altında bu ölkənin hərbi kontingentinin regiona yerləşdirilməsi lap əvvəldən narazılıq doğururdu: “Getdikcə bu haqlı narazılıqlar artırdı. Artıq Azərbaycanın Müdafiə Nazirliyi səviyyəsində bu cür açıqlamalar verilirsə və hər kəsin narazı qaldığı məsələlər ortaya qoyulursa, o zaman bunu müsbət hadisə kimi dəyərləndirməliyik. Yəni xalqdan heç nə gizlədilməməli və mövcud vəziyyət açıq şəkildə bildirilməlidir. Bu hər kəs tərəfindən dəstəklənəcək. Ona görə də bu açıqlamanı Azərbaycanın Rusiyaya qarşı sərt mövqeyi kimi dəyərləndirirəm. Belə də olmalıdır”.
Akif Nağı əlavə edib ki, Müdafiə Nazirliyinin açıqlaması təbii ki, ölkə rəhbərliyi ilə razılaşdırılıb: “Bu isə o deməkdir ki, Azərbaycan 27 sentyabrda başladığı hərbi əməliyyatları davam etdirə bilər. Çünki hərbi əməliyyatlar Rusiyanın xahişi ilə dayandırılıb. Digər tərəfdən Ermənistanın yeni müdafiə nazirinin iddialı çıxışlarının arxasında da Rusiyaya əminlik faktoru dayanır. Əgər Azərbaycanın Müdafiə Nazirliyi narazılığını dilə gətirirsə və Rusiya sülhməramlılarının öz missiyalarından kənara çıxdıqlarını, öhdəlikləri yerinə yetirmədiklərini bəyan edirsə, demək bütün bunlardan nəticə çıxarmaq lazımdır. Bu açıqlamalar onu göstərir ki, Azərbaycan rəhbərliyi artıq qərar vermə ərəfəsindədir. Əgər Rusiya bu nöqsanları aradan qaldırıb geri çəkilməsə, o zaman Azərbaycan hərbi əməliyyatlara yenidən başlayacaq”.
Mövzu ilə bağlı saytımıza açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbri, siyasi şərhçi Zaur Məmmədov bildirib ki, Kəlbəcərin, Laçının məhz şərq hissəsində, eyni zamanda, Şuşakənd yaxınlığında erməni hərbi birləşmələrinin sayının çoxalmasının arxasında kimlərin dayandığı bəllidir: “Ermənistan maşadır. Əmr ediblər, onlar da Laçın vasitəsilə hərbçiləri göndəriblər. Bəs nə baş verir? Əfqanıstandakı Taliban “təhdidi” bəhanəsilə Mərkəzi Asiyada, ermənilərin qorunması bəhanəsi ilə Cənubi Qafqazda yeni De fakto imperiyanın qurulması üçün hazırlıqlar gedir. Yəni ABŞ və Rusiya arasında yeni dünya bölgüsü həyata keçirilir”.
Politoloq əlavə edib ki, Azərbaycan lazımı addımları atır: “Bu addımların nədən ibarət olduğunu indi dilə gətirmək doğru olmaz. 44 günlük Vətən müharibəsində qalib gəlməyimiz, səssiz şəkildə vacib nüansları yerinə yetirməyimiz fonunda baş verdi. Bu gün də biz Ermənistan və onun havadarlarına xəbərdarlıq edirik. Bu xəbərdarlıqların arxasında isə real əməllər dayanır”.
Müşviq TOFİQOĞLU
araz.az xəbər portalı.
araz.az xəbər portalı.