Xankəndi şəhərində yaşayan bir qrup erməni, Rusiya sülhməramlı hərbçilərinin iştirakı ilə, Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildiriblər.
Həm də onlar Azərbaycan dövlətindən iş istəyiblər.
Yayılan bu xəbəri Azərbaycan cəmiyyəti birmənalı qarşılamasa da, real siyasətdə və post-müharibə dövründə, ümumən götürdükdə, geosiyasi şəraitdə Xankəndi ermənilərinin vətəndaşlıqla bağlı Azərbaycan hökumətinə bu Müraciətinin baxılması mümkündür. Əvvəla, ona görə ki, Azərbaycan, müharibədən dərhal sonra, separatçı rejim nəzarətində qalan ermənilərin bizim ölkənin vətəndaşlığını, qanunlarını, suverenliyini, ərazi bütövlüyünü qəbul etməsinin mümkünlüyünü bəyan edib. Qəti şəkildə onu da bildirib ki, ancaq dövlətimizə, onun atributlarına hörmətlə yanaşan ermənilərin Azərbaycan Respublikanın vətəndaşı kimi, onun ərazisində qalıb, yaşaması və bizim cəmiyyətə inteqrasiyası mümkündür.
Ümumiyyətlə, ermənilərin bu barədə Azərbaycan dövlətinə Müraciəti ətrafında informasiyanın dövriyyəsi, hər bir halda, onun üçün, qabaqcadan yaxşı siyasi nəticə verə biləcək proses kimi əlverişli şərait yaradır. Sözsüz ki, bu, informasiya müharibəsində də, Azərbaycan üçün yeni imkanlar yaradır. Siyasi və diplomatik baxımdan, ermənilərin rusların iştirakıyla və bizim əsgərlərin vasitəsi ilə, Azərbaycan vətəndaşlığı istəmələri, ən əsası, bu prosesin start götürməsi faktının özü, ermənilərə kimin dəstəyindən asılı olmayaraq, elə bir psixoloji mənzərə yaradacaq ki, bu, Xankəndidə qondarma qurumu qısa müddətdə tam gözdən salacaq. Bütün bunlar isə, nəticə etibarıyla, qondarma qurumun özünün özündən soyuyub, sovrulması deməkdir.
Onu da qeyd edək ki, bu şərait, həm də ərazilərimizdə müvəqqəti yerləşən rus sülhməramlılarının bölgədə gərəkliyini də əhəmiyyətsiz hala salacaq. ABŞ, Fransa, İran və Rusiya kimi, Qarabağda erməni separatizmini və faşizmini bilavasitə irəlilətmək istəyində olan digər ölkələr də, bu yöndən olan siyasi-diplomatik oyunlarını nəzərəçarpacaq dərəcədə zərərsizləşdirmək məcburiyyətində qalacaqlar. Odur ki, Xankəndi ermənilərinin müraciətlərinin Azərbaycan tərəfindən baxılması faktının özü, qondarma rejim və onların dəstəkçiləri üçün, ikitirəlik yaratmış olacaq və Qarabağda 25 min nəfərlik erməni əhalinin qondarma rejim hakimiyyətinə etinasızlığını və tabesizliyini mütləq edəcək.
Xankəndi ermənilərinə Azərbaycan vətəndaşlığının verilməsi prosesinin tədbirlərlə (süzgəclə) başlanılması, elə, Xankəndinin özündə vəziyyəti nəzarətə götürməyə bərabərdir. Hesab edirəm ki, Xankəndi ermənilərinin Azərbaycana vətəndaşlıq üçün Müraciət etmələri, özü-özlüyündə dövlətimiz üçün məsələnin tam həllini tezləşdirə bilər. Fikrimcə, Xankəndi ermənilərinin Azərbaycan vətəndaşlığı almaq barədə bu Müraciətlərinə, elə, tezliklə, Xankəndiyə yaxın yerlərdə baxılması təşkil edilməli, prosesin özü isə, mükəmməl və strateji nəticələrə hesablanmış tədbirlərlə həyata keçirilməlidir.
Vüqar DADAŞOV,
hüquqşünas, Qarabağ qazisi, MCP Siyasi Şurasının üzvü.
araz.az xəbər portalı.