1629874872 24862204 339140456555764 3291091862728086583 n 1512975050 1512981121

“Ramil igid oğlandır, ağır günlər keçirib, kiçik yaşlarında evləri yandırılıb, qaçqın düşüb və içində həmişə bir intiqam hissi olub. Gedib hərbi məktəbi oxuyub bitirib və sonrakı taleyi məlumdur. Məni bu məsələdə əsəbiləşdirən o idi ki, deyirdilər ki, Ramil ermənini yatdığı yerdə öldürüb. Əslində belə bir şey olmayıb”

araz.az  xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili, Ramil Səfərovu Müdafiə Komitəsinin üzvü Aqil Abbas deyib. O, doğum günü münasibətilə Ramili təbrik edib və həmin tarixi hadisəni bir daha xatırlayıb:

“Ramil otağa girib o biri ermənini otaqdan çıxarıb və bayrağımızı təhqir etdiyinə görə Qurqen Markaryanı öldürüb. Yəni otaqda iki erməni olub. Allaha şükür, ölkə başçımız Ramili ölkəmizə qaytardı və indi o, yenə hərbidədir, dövlətimizi qoruyur. Mən onu təbrik edirəm. Biz Ramil Səfərovun Müdafiə Komitəsinin üzvləri olaraq mən, Umud Rəhimoğlu, Qənirə xanım Paşayeva, Zahid Oruc və başqa yoldaşlarla iş görmüşük, amma bunu gözə soxmağa çalışmırdıq. Ramil həbsdə olanda daim ailəsi ilə əlaqə saxlayırdım. O, Azərbaycana qayıtdıqdan sonra mən onun görüşünə getmədim. Sonra bir yas məclisində Ramil və atası da ora gəldi. Mənimlə görüşüb söhbət edəndə Ramil dedi ki, “Aqil müəllim, hamı gəldi mənimlə görüşdü, amma siz gəlmədiniz”. Dedim ki, mən sənin azadlığa çıxmağın üçün çalışırdım, şəkil çəkdirmək üçün yox. Azadlığa çıxdın, qurban demişdim kəsdim. O, da bu sözümə güldü. Ramili möhtərəm prezident azadlığa çıxardı və bu prosesi bilirəm, amma demirəm”.

Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun polkovnik-leytenantı Ramil Səfərovun doğum günüdür. R.Səfərov 1977-ci il avqustun 25-də Cəbrayıl rayonunda dünyaya gəlib. O, 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Lakin vətənə dönməyə 20 gün qalmış fevralın 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyi üçün öldürüb. Buna görə Ramil ömürlük azadlıqdan məhrum edilib. R.Səfərov ölkə başçısı İlham Əliyevin göstərişi ilə 31 avqust 2012-ci ildə Bakıya gətirilib və Prezidentin 31 avqust 2012-ci il Sərəncamı ilə cəza çəkmədən azad edilərək əfv edilib. 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.